Əraqçi: İran Hörmüz boğazının ağası olub və olacaq
13 İyul 22:45

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycan ordusunun gələcək inkişaf prespektivləri barədə mühüm açıqlamalar verdi. Ölkə başçısı jurnalistlərə komando birliklərinin formalaşdırılmasından, yerli hərbi sənayemizin sürətli inkişafından, həmçinin Silahlı Qüvvələrin Vətən Müharibəsində göstərdiyi şücaətdən danışıb.
Azərbaycan ordusunda komando birliklərinin formalaşdırılmasına toxunan Prezident bildirib ki, yeni komando qüvvələri yaradılıb: "Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir".
Ümumiyyətlə Prezident hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan Ordusunun inkişafı, modernləşməsi, komando birliklərinin yaradılması və NATO standartlarına uyğunlaşdırılması üçün sistemli iş aparıb. Ölkə başçısının Azərbaycan Ordusunu gücləndirməkdə əsas məqsədi ölkəmizin müdafiə qabiliyyətini möhkəmləndirmək və ən nəhayət, Qarabağın azadlığına nail olmaq olub.
Bu baxımdan qarşıya Türkiyə ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsi və hərbi sənayemizin yaradılması əsas məqsəd kimi qoyulmuşdu.
Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə sənədlər imzalanıb, birgə təlimlər keçirilib və sərgilər təşkil olunub.
Türkiyə ilə hərbi əməkdaşlığın inkişafı üçün atılan addımlar:
- 2007-ci ildən başlayaraq iki ölkə arasında Yüksək Səviyyəli Hərbi Dialoq (YSHD) iclasları keçirilib. Bu iclaslar Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının sonrakı inkişafın böyük töhfə vermişdi;
- 2010-cu il sentyabrın 15-də “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Beş hissədən ibarət olan Bəyannaməyə "Hərbi-siyasi və təhlükəsizlik problemləri", "Hərbi və hərbi-texniki” məsələlərlə bağlı bəndlər daxil edilmişdi;
- Təcrübəli döyüşçü yetişdirmək üçün hərbi təhsil çox önəmlidir. Bu günə qədər minlərlə azərbaycanlı hərbçi Türkiyədə hərbi təhsil alıb. Bu məqam, Azərbaycan ordusunun müasir standartlara uyğun təşkilinə mühüm töhfə verib;
- 2017-ci il, 31 oktyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” saziş isə tərəflərin səlahiyyətli orqanları və ya müdafiə sənayesi müəssisə və təşkilatları arasında qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin əsaslarını əhatə edirdi.
Həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafına töhfə verən əsas amillər sırasında təlimlərin keçirilməsini və sərgilərin təşkilini xüsusi vurğulamaq lazımdır.
Azərbaycan və Türkiyə ordularının iştirak etdiyi birgə təlimlər: “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı-2019”, “TurAz Qartalı-2020” və “Heydər Əliyev-2020”, Konyada keçirilən “Anadolu Qartalı – 2021”.
Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birgə təlimlərini daim diqqət mərkəzində saxlayıb, çıxışlarında ikitərəfli hərbi əməkdaşlığın önəmini vurğulayıb.
Ölkə başçısı 2020-ci il, avqustun 13-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdi ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var: “Eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır”.
Qeyd edək ki, beynəlxalq taktiki-uçuş təlimlərinin təşkili iki ölkənin hərbi potensialının bir-birinə daha da inteqrasiya etməsinə səbəb olub.
Bundan başqa, Prezident İlham Əliyev bütün dövrlərdə ordumuzun Türkiyə istehsalı silahlarla təchiz olunmasına xüsusi önəm verib.
Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 2017-ci ilin oktyabr ayında keçirilən 6-cı iclasında cıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, Türkiyənin inkişaf edən hərbi sənaye kompleksi Azərbaycan üçün böyük maraq kəsb edir: "Bu gün biz hərbi sahədə əməkdaşlıq haqqında geniş müzakirə apardıq. Bu məsələ gündəlikdə duran məsələlərdəndir. Bu il üç dəfə Azərbaycanda, iki dəfə Bakıda, bir dəfə isə Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Bu da hərbi sahədə bizim əməkdaşlığımızı gücləndirən amildir. Eyni zamanda, hərbi-texniki sahədə birgə fəaliyyətimiz davam edir. Biz Türkiyədən hərbi təyinatlı məhsulları alırıq və bundan sonra da alacağıq".
Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı inkişaf etdirməklə yanaşı, özünün müdafiə sənayesi təsisatlarını qurmaqla bağlı da sistemli iş aparıb.
Ölkəmizin hərbi sənayesinin yaradılması üçün atılan addımlar
Prezident İlham Əliyev 2005-ci ilin 16 dekabr tarixində Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə bağlı sərəncam imzalamaqla Azərbaycanda hərbi sənayenin inkişafı üçün ilk addımı atmış oldu.
Bu sərəncamdan bir neçə il sonra, daha dəqiq desək, 2008-ci ildə Azərbaycan artıq “İstiqlal” snayper tüfəngini nümayiş etdirmişdi. Bu illərdən Azərbaycan həm öz ordusunu silahla təchiz edən, həm də hərbi texnika ixrac edən ölkəyə çevrildi.
Hazırda ölkəmizdə aşağıdakı silah sistemləri istehsal olunur:
- Hücum tüfəngləri "Xəzri";
- İstiqlal IST-14.5 və AK-74M;
- IST – 12.7 mm snayper tüfəngi;
- UP-7.62 yüngül avtomat;
- İnam, Zəfər, and Zəfər-K tapançaları;
- 7,62×54mmR GPMG;
- Qaya-1 and Qaya-2 RPG-7V2;
- 60 mm minaatan;
- 82 mm minaatan;
- 107 mm reaktiv yaylım atəş sistemi;
- Matador and Marauder zirehli maşınları;
- İLDIRIM zirehli maşını;
- Kiçik atəş silahları, artilleriya tipli silah sursatları, mina, Qığılcım mina və bomba təmizləmə sistemi, dəbilqə, ballistik qoruma, optik cihazlar, kolimator, termal eynək sistemi, multi-spektral örtüklər, sualtı qayıqlar üçün dozimetrlər və s.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi özü silah istehsal etməklə yanaşı, Türkiyənin də hərbi təchizat və silah sahəsində elmi və texniki yeniliklərdən yararlanır. Bunun nəticəsidir ki, iki ölkə uzun illərdir birlikdə mühəndis istehkam qurğuları, döyüş kəşfiyyat maşınları, tapançalar, hücum tüfəngləri, pulemyotlar, snayper tüfəngləri, reaktiv yaylım atəş sistemləri, yerüstü RADAR sistemləri istehsal edir və ixtacını həyata keçirir.
Azərbaycan silah istehsalçısına çevrildikdən sonra müdafiə sənayesi sərgilərinə böyük maraq göstərməyə başlayıb. Bu baxımdan Türkiyə ilə birgə təşkil olunmuş müdafiə sənayesi sərgiləri xüsusi vurğulanmalıdır. 2014-ci ildən bəri iki ölkənin yerli silahlarının nümayiş etdirildiyi 6-dan çox müdafiə sənayesi sərgisi təşkil olunub.
İki ölkənin silah sənayesinin istehsalı olan texnikaların nümayiş etdirildiyi sərgilər:
- Bakıda “ADEX-2014, “ADEX-2016”, “ADEX-2018”;
- İstanbulda “IDEF-2017”, “IDEF-2019” və “IDEF-2021”.
Bu tipli beynəlxalq müdafiə sənayesi sərgilərinin də təşkili Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişafına, ölkəmizin yerli müdafiə sənayesi kompleksinin yaradılmasına önəmli töhfə verib.
Uzun illərdir aparılan sistemli işin nəticəsidir ki, Azərbaycanın yerli hərbi sənayesi yeni dövrə qədəm qoyub.
Prezident müsahibə zamanı Azərbaycanın yerli hərbi sənayesinin inkişafına toxunub: "Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaq. Biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq".
Prezident qeyd edib ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik.
Ümumilikdə Azərbaycan yerli silah sənayesinin gücünü İkinci Qarabağ Müharibəsi zamanı göstərmişdi. Həmçinin Türkiyə sıx hərbi əməkdaşlıq, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı üçün atılan addımlar bəhrəsini Vətən Müharibəsində verdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatına başlayan Azərbaycan ordusu 44 gün ərzində düşməni darmadağın etdi və 30 ilə yaxın işğal atında qalan Qarabağ azadlığını qovuşdu.
Azərbaycan ordusu Vətən Müharibəsi zamanı unikal döyüş bacarığı nümayiş etdirmişdi. Hazırda Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar, həm texniki imkanları, həm də operativ addımları, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bir sözlə, Azərbaycan xalqı dünyaya unikal birlik nümunəsi, Ordumuz isə hərb tarixinə yeni nəsil döyüş taktikası gətirmiş oldu.
Müsahibə zamanı Azərbaycan ordusunun Vətən Müharibəsindəki sücaətindən danışan Prezident bildirib ki,
Hərbçilərimiz böyük fədakarlıq göstəriblər: "Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. Hərbçilərimiz böyük fədakarlıq göstərmişlər, sözün əsl mənasında ölümə gedirdilər və 3 minə yaxın övladımız şəhid oldu. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr
deyildi".
Azərbaycan lideri müsahibə zamanı uzun illərdir ordumuzun inkişafı üçün görülən işlərdən danışıb: “Yadımdadır, biz ordu xərclərinə böyük vəsaitin ayrılmasına başlayanda məni hətta beynəlxalq qurumlarda ittiham edirdilər ki, axı Azərbaycan bu məsələni sülh yolu ilə həll etməlidir, bu məsələnin hərbi həlli yoxdur. Nə üçün bu qədər vəsait ayrılır? Hətta ölkə daxilində bəziləri tənqidlə yanaşırdılar ki, nə üçün orduya bu qədər vəsait ayrılır. Bizim keçirdiyimiz paradlara pis gözlə baxanlar da olmuşdur. Biz, sadəcə olaraq, öz imkanlarımızı göstərirdik ki, bu işğalla barışmayacağıq. İstəyirdik ki, müharibəyə ehtiyac qalmasın”.
Aydın olur ki, Azərbaycanın hərbi texnika istehsal etməsi, ayrılan vəsaitin düzgün istiqamətdə xərclənməsi, döyüşlər zamanı Türkiyə istehsalı silahlardan istifadə olunması hərbi qələbəmizin təməlini təşkil edir.
Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonra da müdafiə qabiliyyətini artırmaqda davam edib. Vətən Müharibəsindəki qələbədən qısa müddət sonra iki ölkə arasında “Şuşa Bəyannaməsi”nin imzalanması isə Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığını müttəfiqlik səviyyəsinə qaldırdı. Bu Bəyannəmənin də ikitərəfli hərbi-siyasi münasibətlərdəki rolu çox böyükdür.
Göründüyü kimi, Azərbaycan Prezidenti hakimiyyətə gəldiyi ilk illərdən qarşısına qoyduğu bütün hərbi-siyasi hədəflərə çatıb. Ötən dövr ərzində həm Türkiyə ilə hərbi əməkdaşlıq inkişaf etdirilib, həm Azərbaycanın müdafiə qabiliyyəti gücləndirilib, həm də ölkəmiz silah ixrac edən dövlətə çevrilib. Artıq Azərbaycanın yerli silah sənayesində yeni dövr başlayır.
Həmçinin Azərbaycan liderinin ordu quruculuğuna göstərdiyi diqqətin və Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının uğurlu nəticəsi Qarabağın 44 gün ərzində işğaldan azad olunmasıdır.