“Qarabağ münaqişəsi çox davam edə bilməyəcək” Siyasət

“Qarabağ münaqişəsi çox davam edə bilməyəcək”

"Uzun müddət bu məsələ ilə məşğul olan şəxs kimi ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi indiki kimi çox davam edə bilməyəcək. Çünki Dağlıq Qarabağ münaqişəsi heç də həll olunmayacaq problem deyil. Təbii ki, bu problemin həll olunmamış qalması bizi çox narahat edir".
Bu fikirləri İsveçin Suriyadakı səfiri, Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə keçmiş xüsusi nümayəndəsi Peter Semnebi bildirib.
Hazırda Cənubu Qafqazda baş verən proseslərlə bağlı cavabdeh şəxs olmadığını vurğulayan Semnebi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazımi şəraitin yaradılması vacibdir: "Hazırda bu şərait mövcud deyil. Ancaq tərəflər fəallıq göstərsə, problemin həlli üçün imkanlar yaranar".
Səfir Suriya böhranına da toxunub: "Suriyada yaranan böhran əsasən siyasi həll yolu tələb edən məsələdir. Gələn həftə Avropa dövlətləri Suriya böhranı ilə bağlı müzakirəyə başlayacaq. Suriya böhranı siyasi yolla həll edilməlidir. Bunun hərbi yolla həlli müsbət nə isə vəd etmir".