“İntiqam Əliyevin azadlığa buraxılması müxtəlif beynəlxalq təşkilatlar tərəfindən alqışlanır” Siyasət

“İntiqam Əliyevin azadlığa buraxılması müxtəlif beynəlxalq təşkilatlar tərəfindən alqışlanır”

Sevinc Fətəliyeva: "Ancaq bir sıra digər məsələlər var ki, onlar da eyni şəkildə beynəlxalq qurumların diqqətində olmalıdır"

"Cənab Prezidentin imzaladığı əfv sərəncamı Azərbaycanda demokratik inkişafı, hökumətin demokratik dəyərlərə, insan haqlarına hörmətlə yanaşmasını göstərir". Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. O qeyd edib ki, dövlət başçısının imzaladığı əfv Sərəncamı və məhkəmənin qərarı ilə hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılması müxtəlif beynəlxalq təşkilatlar tərəfindən alqışlanır: "Ancaq bir sıra digər məsələlər var ki, onlar da eyni şəkildə beynəlxalq qurumların diqqətində olmalıdır. Bu, beynəlxalq təşkilatların Azərbaycanda gedən proseslərə diqqətlə yanaşmasının göstəricisidir. Ancaq bir şəxsin hüququ bütün beynəlxalq təşkilatların diqqət mərkəzində olduğu halda, 1 milyon qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması onların maraqlarını cəlb etmir. Bu isə ilk növbədə beynəlxalq təşkilatların problemlərə selektiv yanaşmasını, ikili standartlar tətbiq etmələri və müəyyən məsələlərdən təzyiq mexanizmi kimi istifadə etmələrini göstərir. Lakin bütün bunlara baxmayaraq, dövlətimizin başçısı həmişə olduğu kimi, bu dəfə də göstərdi ki, qərarlar təzyiq əsasında deyil, yalnız milli mənafeyin qorunması, humanizm, demokratik amillər asasında qəbul edilir".