“Bu, bizim vətəndaşlıq borcumuzdur” Siyasət

“Bu, bizim vətəndaşlıq borcumuzdur”

Əli Həsənov: "Milli tariximizin öyrənilməsi istiqamətində atılan bütün addımlar da öz bəhrəsini verir"

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-Cİ "ŞUŞA QRANTI" birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində "Ermənistanın Azərbaycana təcavüzü" (müəllif: Elçin Əhmədov) adlı 3 cildlik kitabın və "Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)" monoqrafiyasının (müəllif: Musa Qasımlı) Beynəlxalq Muğam Mərkəzində təqdimatı keçirilib.
Tədbirdə dövlət və hökumət strukturlarının, akademik və təhsil qurumlarının, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov və digərləri tədbirdə çıxış ediblər.
Əli Həsənov çıxışında bildirib ki, son 200 ildən artıq bir dövrdə ermənilər Azərbaycan xalqına qarşı dayanmadan soyqırımı həyata keçiriblər: "Azərbaycanlıları öz torpaqlarından qovmaq, bu torpaqları azərbaycanlılardan təmizləmək və bu torpaqlarda məskunlaşaraq özlərinə dövlət qurmaq ideyası altında onlar heç nədən çəkinməyiblər və qanlı aksiyalara rəvac veriblər. 31 mart Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı hadisələrinin ən qanlı səhifəsidir. O zaman mart ayında həm Bakıda, həm də Azərbaycanın digər regionlarda on minlərlə insan ermənilər tərəfindən qətlə yetirildi".
O, qeyd edib: "31 mart elə bir gündür ki, Azərbaycan xalqını, xüsusən Azərbaycanın milli elitasını özünə cəlb etməlidir. Bu günün öyrənilməsi, bu günün yad olunması, həmin gündə baş vermiş hadisələrin gələcək nəsillərə çatdırılması bizim milli, vətəndaşlıq borcumuzdur".
Əli Həsənov vurğulayıb ki, 31 mart soyqırımı Azərbaycan müstəqillik qazandıqdan sonra qeyd olunub: "İlk dəfə ümummilli lider Heydər Əliyev azərbaycanlılara qarşı törədilmiş çoxsaylı soyqırımı hadisələrinin ümumiləşmiş bir simvolu olaraq, 31 mart tarixinin ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətməsi günü kimi qeyd olunmasını bilavasitə dövlət siyasəti səviyyəsinə qaldıraraq rəsmləşdirdi".
Əli Həsənov bildirib ki, o zamandan bəri ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti davam edir: "1992-ci il fevralın 26-da bir gecənin içində bir şəhəri yerlə yeksan edib, o şəhərin əhalisini azərbaycanlı olduqlarına görə rəhm etmədən qətlə yetirdilər".
PA rəsmisi vurğulayıb ki, təxminən son 10 ildən artıq bir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, milli tariximizin öyrənilməsi istiqamətində atılan bütün addımlar da öz bəhrəsini verir: "Görülən işlərin nəticəsidir ki, biz artıq Azərbaycanın keçmiş və bugünkü tarixi arasında əlaqələrin yaradılmasına başlamışıq və bu sahədə mühüm işlər görülür və nəticələri də ortadadır. Təkcə son 10 ilə yaxın bir müddətdə Heydər Əliyev Fondunun rəhbərliyi ilə və onun hörmətli sədri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə yüzlərlə tədbir keçirilib, o cümlədən Avropanın paytaxt şəhərlərində bizim tariximizin, mədəniyyətimizin təbliği və tolerantlıq ənənələrimizin dünyaya tanıdılması istiqamətində çoxsaylı addımlar atılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində son bir neçə il ərzində Xocalı soyqırımı və ümumiyyətlə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu faciələri aydınlaşdıran ölkələrin, şəhərlərin, vilayətlərin xalqların sayı getdikcə artır".
Əli Həsənov qeyd edib ki, təbliğat işində də Azərbaycan bir nümunə göstərir: "Azərbaycan çox məsələlərdə dünyaya nümunə göstərir. Azərbaycan multikulturalizm ənənələrinin qorunması, yaşadılması istiqamətində dünyaya nümunə göstərir. Hörmətli cənab Prezident İlham Əliyevin bu yaxınlarda qeyd etdiyi kimi, "bu gün Avropada, dünyada multikulturalizm ənənələri artıq mövcud deyil, iflasa uğrayıb" deyənlərə biz həqiqi multikuturalizm ənənələrini və Azərbaycan cəmiyyətində onun mövcudluğu, reallıqları göstəririk".
Əli Həsənovun sözlərinə görə, ermənilər saxta tarixlərini dünyaya təqdim etməyə çalışırlar: "Özlərinin törətdikləri soyqırımlarla bağlı faktları dünyaya onlara qarşı törədilmiş soyqırım kimi təqdim etməyə çalışırlar. Ona görə də biz real həqiqətləri dünyaya çatdırmağa çalışırıq. Biz qisasçılıq hissləri ilə yaşamırıq, bu soyqırımların, cinayətlərin beynəlxalq səviyyədə tanınmasını istəyirik. İstəyirik ki, BMT, beynəlxalq təşkilatlar bu cür dövlətləri heç vaxt nəzarətdən kənarda qoymasın, bu dövlətlərin qonşularla münasibətləri diqqət mərkəzində olsun, 1 milyon soydaşımızı torpaqlarından uzaqlaşdıran Ermənistanın əməllərinə qiymət verilsin. Dünya xalqları fikirləşsinlər ki, belə təcavüzkar dövlətlə qonşuluqda yaşamaq olarmı? Söhbət erməni xalqından getmir. Erməni xalqı özü də bu mürtəce rejimlərin girovudur. Ermənilər hələ də cəsarət tapıb, bu mürtəce rejimi devirə, normal dövlət qura bilmirlər. Azərbaycan ziyalıların dəstəyi ilə həqiqətlərimizin dünyaya çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".