“Ermənistan işğalçı-terrorçu ölkənin qoşun hissələri təmas xəttində yerləşən azərbaycanlı yaşayış məntəqələrini daima atəşə tutub” Siyasət

“Ermənistan işğalçı-terrorçu ölkənin qoşun hissələri təmas xəttində yerləşən azərbaycanlı yaşayış məntəqələrini daima atəşə tutub”

Musa Qasımlı: "Azərbaycan isə yalnız cavab verməyə məcbur olub"

Üzeyir Cəfərov: "Hamımız vəziyyətin ciddiliyini qəbul etməli, ordumuzun yanında olmalıyıq"

Asim Mollazadə: "Bütün beynəlxalq təşkilatlara, dünyaya çatdırılsın ki, Ermənistan yenə də bölgəni müharibəyə sürükləmək istəyir"

"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsini Azərbaycan dövləti daima sülh, danışıqlar yolu ilə həll etmək istəyib. Ermənistan isə işğalı uzatmağa və mövcud status-kvonu davam etdirməyə çalışıb". Bunu açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, Ermənistan işğalçı-terrorçu ölkənin qoşun hissələri təmas xəttində yerləşən azərbaycanlı yaşayış məntəqələrini daima atəşə tutub: "Azərbaycan isə yalnız cavab verməyə məcbur olub. Aprelin 2-də Azərbaycan ordusu düşmənə nəinki layiq olduğu cavabı verdi, eyni zamanda işğal edilmiş bir sıra əraziləri, strateji yüksəklikləri azad edərək, düşmənin başını əzdi. Bu, bir daha onu göstərdi ki, Azərbaycan ordusu Ermənistan Ordusundan qat-qat güclüdür və istənilən tapşırığı yerinə yetirməyə hazırdır". M. Qasımlı son vaxtlar işğalçı ölkənin təxribatlarının artması ilə bağlı da danışıb. O bildirib ki, Ermənistanın təxribatlarının artması bir sıra səbəblərlə bağlıdır: "Birincisi, Ermənistanı ağır böhrana düşürən və ondan çıxarmağı bacarmadığını görən Serj Sarkiyanın cinayətkar-korrupsioner rejimi ermənilərin diqqətini ölkədəki real vəziyyətdən yayındırmağa, Azərbaycanın timsalında düşmən obrazı yaratmağa və öz hakimiyyətinin ömrünü süngü üzərində oturmaqla uzatmağa çalışır. İkincisi, atəşkəsin Ermənistan tərəfindən son vaxtlar mütəmadi olaraq pozulması Prezident İlham Əliyevin ABŞ-a səfərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda keçirilən görüşlərdəki uğurlu nəticələri, ölkəmizin ədalətli mövqeyinin - ərazi bütövlüyünün və suverenliyinin müdafiə olunmasına dair bəyanatların verilməsi ilə, Serj Sarkisyanın isə Vaşınqtonda adam yerinə qoyulmamasından doğan hisslərlə bağlıdır. Təxribatları törətməklə Ermənistan rəhbərliyi hesab edirdi ki, bəlkə bu dəfə Azərbaycan cavab vermədi. Lakin yanıldılar. Azərbaycan ordusu düşmənə layiq olduğu cavabı verdi.
"Ermənistan ordusundan qat-qat güclü olan Azərbaycan ordusunun uğuru Ermənistan rəhbərliyinə bir dərs olmalıdır. Onlar işğal etdikləri Azərbaycan ərazilərini - Dağlıq Qarabağ regionunu və digər əraziləri öz xoşları ilə boşaltmalıdırlar. Əgər belə etməsələr, onda Azərbaycan ordusunun hərəkətə keçməsinin nəticələri Ermənistan üçün fəlakətli olacaq. Nə qədər gec deyil, Ermənistan torpaqlarımızı boşaltmalıdır. Ermənilər isə ayağa qalxıb, onlara bədbəxtlik gətirən kriminal Sarkisyan rejimini süpürüb hakimiyyətdən uzaqlaşdırmalıdır"-deyə, millət vəkili əlavə edib.
Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Azərbaycanın birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatlarını dayandırmasına baxmayaraq, qarşı tərəf vəziyyəti daha da gərginləşdirib: "Bu gün (dünən) Milli ordumuzun daha 3 əsgəri şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənfur düşmən sakitləşmək istəmir. İndiyə kimi təriflənən erməni ordusununun müdafiə xətti dağıdılıb, onlara güclü zərbə vurulub". Hərbi ekspert bildirib ki, hamımız vəziyyətin ciddiliyini qəbul etməli, ordumuzun yanında olmalıyıq: "Hər kəs bacardığı dəstəyi verməyə hazır olmalıdır. Düşmənin planları çox məkrlidir. Havadarları onlara təlimatlar verib. Düşünürəm ki, yaxın bir neçə gündə düşmən vəziyyəti daha da gərginləşdirəcək. Amma "çanaq onun başında çatlayacaq". Onların bu təxribat cəhdləri ordumuz tərəfindən daha sərt şəkildə cavablandırılıb və cavablandırılacaq. Ermənilərin itkiləri kifayət qədər çoxdur və bu say hər dəfə daha da artır. Bu məğlubiyyətlər fonunda Ermənistanda böyük narazılıqlar baş verəcəyi gözlənilir və artıq bu proses başlanılıb. Nəticə olaraq cinayətkar rejimin hakimiyyəti sona çatacaq".
Onun sözlərinə görə, Rusiya Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı heç bir addım ata bilməz: "Bu, Rusiya üçün böyük faciələr gətirə bilər. Azərbaycanın Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində tanınmış əraziləri ilə işi yoxdur və o, işğaldakı ərazilərində hərbi əməliyyatlar keçirir. Havadarları erməniləri başa salmalıdır ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ermənilər aprelin 2-də aldıqları güclü zərbədən nəticə çıxarmalıdır. Azərbaycan bu məsələdə tək deyil və hər hansı kənar müdaxilənin olacağı təqdirdə bu prosesə dünya dövlətləri, o cümlədən də ölkəmizin yanında olan dövlətlər müdaxilə edə bilər. Bütün bunlar xalqımıza psixoloji təsir göstərməməlidir və sona kimi haqq işimiz uğrunda mübarizədə ordumuzun yanında olmalıyıq".
Millət vəkili Asim Mollazadə deyib ki, ümumiyyətlə Ermənistan öz təxribatlarını bundan sonra da davam edəcək. Onun sözlərinə görə, rəsmi İrəvan öz işğalçılıq siyasətinə son qoymaq istəmir: "Beləcə təxribatlarının hər zaman olduğu kimi, yenə də davamı olacaq. Burada bir amil də ondan ibarətdir ki, Ermənistanın havadarları da rəsmi İrəvanı bu cür addımlara təhrik edir. Ermənistan sülh istiqamətində heç bir addım atmır. İşğalçı dövlət bugünkü status-kvonu saxlamaq istəyir.
Təbii ki, onlar ağır silahlardan istifadə edərək yenə də Azərbaycan kəndlərini atəşə tutacaqlar. Bu hallar bütün beynəlxalq təşkilatlara, dünyaya çatdırılsın ki, Ermənistan yenə də bölgəni müharibəyə sürükləmək istəyir".

Əli