Ermənilərin növbəti nüvə etirafı Siyasət

Ermənilərin növbəti nüvə etirafı

Keçmiş baş nazir Qrant Baqratyan: "Ermənistanda nüvə bombası 70-ci illərdən var..."

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bu ölkənin nüvə silahına malik olmasına dair yeni sensasion açıqlama verib.
Hazırda parlamentin deputatı olan Baqratyan "Aykakan jamanax" qəzetinə açıqlamasında Ermənistanın nüvə silahına malik olduğu haqda bundan əvvəl verdiyi bəyanatın Türkiyə və Azərbaycan üçün "çəkindirici amil" olduğunu deyib: "Bu silah isə Ermənistanda hələ ötən əsrin 70-ci illərindən var".
Xatırladaq ki, aprel döyüşlərindən sonra Ermənistan hərbi-siyasi dairələri Azərbaycanı kütləvi qırğın silahı ilə hədələyən bəyanatlar verməyə başlayıblar. Əvvəlcə general Arkadi Ter-Tadevosyan Ermənistanın əlində "çirkli bomba" olduğuna eyham vurub və onun Azərbaycana qarşı tətbiq edilə biləcəyini deyib. Daha sonra keçmiş baş nazir Qrant Baqratyan deyib ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə ancaq nüvə silahı ilə qarantiya verə bilər. "Bəli, Ermənistanın belə silahı var"- deyə Baqratyan jurnalistlərə bildirib.
Keçmiş baş nazirin bu bəyanatı geniş rezonans doğurub. Ermənistan rəsmiləri Baqratyanın bəyanatını gah təkzib ediblər, gah da ayrı səmtə yozublar.