
“Radionu artıq sadəcə əyləncə vasitəsi kimi deyil, həm də ideoloji vasitə kimi, həm təhlükəsizlik vasitəsi kimi istifadə etməyi bacarmalıyıq”.
Xalq Cəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, hazırda televiziya radio ilə rəqabətdə ilk dəfədir ki, son illərdə uduzmağa başlayıb: “Bunun səbəbi televiziyanın çoxsaylı alternativlərinin meydana çıxması, radionun isə hələlik alternativinin olmamasıdır.
O qeyd edib ki, radio istifadəçilərinin statistikası getdikcə artır. Bu, ilk növbədə, ölkədə avtomobillərin sayının artması və avtomobildə yeganə informasiya mənbəyi kimi radiodan istifadə olunması ilə bağlıdır”.
Hikmət Babaoğlu vurğulayıb ki, istər ölkə daxilində bir rayondan digərinə səyahət zamanı, istərsə də şəhərdaxili nəqliyyatdan istifadə edilərkən radionun keyfiyyəti və təsir imkanları yenidən qiymətləndirilməlidir:
“Yəni biz radionu artıq sadəcə əyləncə vasitəsi kimi deyil, həm də ideoloji vasitə kimi, həm təhlükəsizlik vasitəsi kimi Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq istifadə etməyi bacarmalıyıq və radionun imkanlarından milli təhlükəsizliyimiz üçün, informasiya təhlükəsizliyimiz üçün, ideoloji təhlükəsizliyimiz üçün maksimum bəhrələnməliyik. Amma nə baş verir? Bir-iki tənqidi qeydlərimi bildirim.
Buradan tutaq ki, Azərbaycanın ən yaxın istirahət zonası Bakıdan Qubaya qədər olan ərazidir. Əgər avtomobildə siz Bakıdan Qubaya qədər gedirsinizsə, üç-dörd dəfə, səhv eləmirəmsə, ən azı üç dəfə radio tezlik dəyişir. Vurğuluq tezliklər. Nəyə görə belə olur? Nə qədər məsafə var ki, burada bu bir vahid radio tezliklə tənzimlənə bilməz?
Digər tərəfdən, Azərbaycanın mərkəzindən kənarlara doğru getdikcə başqa ölkələrin radio tezlikləri bizim radio tezlikləri üstələyir. Şimala doğru irəlilədikcə Rusiya və Dağıstan radioları hakim kəsilir, bizim tezliklər itir. Demək, o keyfiyyəti deyil. Qərbə doğru getdikcə, Gürcüstan istiqamətində bu tezliklər, demək, keyfiyyətli deyil və sair.
Ona görə də mən düşünürəm ki, bir də bu məsələyə baxmaq lazımdır. Əgər bunun texniki təchizatında problemlər varsa, bunu həll etməliyik, yox əgər başqa bir səbəbdürsə, peyk vasitəsindən təmin olunmalıdırsa, bunu etməliyik, çünki özümüzün peykimiz də var artıq.
İkinci məsələ kontentlə bağlıdır. Radio verilişlərinin məzmunu. Dediyimiz kimi, radio çoxlu auditoriyaya malikdir, hətta bəlkə televizorlardan da daha üstündür. Belə olanda biz sual verməliyik, doğrudanmı radio sadəcə əyləncə vasitəsi olmalıdır, bəlkə də həm hüquqi maarifləndirmə vasitəsi olmalıdır, bəlkə ideoloji təbliğat vasitəsi olmalıdır, bəlkə milli estetik zövqümüzü təyin edən bir musiqi konservatoriyası olmalıdır, niyə də olmasın və sair”.
Günel Elxan