“Boş-boşuna görüşməyə ehtiyac yoxdur” Siyasət

“Boş-boşuna görüşməyə ehtiyac yoxdur”

Rasim Musabəyov: "Xarici işlər nazirləri həmsədrlərlə görüşməli və prezidentlərin görüşü üçün hazırlıq işlərini təşkil etməlidirlər"

"Prezidentlərdən öncə xarici işlər nazirləri həmsədrlərlə görüşməli və prezidentlərin görüşü üçün hazırlıq işlərini təşkil etməlidirlər. Əlbəttə, boş-boşuna görüşməyə ehtiyac yoxdur. Odur ki, xarici işlər nazirləri prezidentlərin müzakirəsinə təqdim edəcək bir sənəd ortaya qoyarlarsa, bu zaman görüş baş tutacaq. Bu həm də "görüşdən nəsə gözləmək olar" fikrini gücləndirər. Bildiyiniz kimi, Prezident İlham Əliyev Almaniyaya səfər edib. Almaniya ATƏT-ə sədrlik edir. Əgər Qarabağ danışıqları yenidən düyünə bağlanarsa, fikrimcə, ATƏT sədri olaraq Almaniya bu prosesə töhfə verə bilər. Prezidentlərin görüşü ilə yanaşı ATƏT-in Minsk Qrupunun daha geniş şəkildə konfransı keçirilə, real vəziyyəti açmaq üçün müzakirələr aparıla bilər". Bunu politoloq, millət vəkili Rasim Musabəyov iyunda gözlənilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən bildirib. R.Musabəyov qeyd edib ki, 2-5 aprel müharibəsi zamanı Minsk qrupunun hər üç üzvü və onların təmsil etdiyi dövlətlərin cəbhədə atəşkəsin dayandırılması ilə bağlı mövqeləri üst-üstə düşüb: "Sadəcə olaraq vəziyyət əvvəl də və indi də belədir ki, Azərbaycana təzyiq etməklə problemi həll etmək xətti özünü göstərib. Ancaq iş ondadır ki, indi onların Azərbaycana təzyiq etməsi üçün hüquqi əsasları, maliyyə rıçaqları yoxdur. Azərbaycan torpaqları işğal altındadır. Azərbaycana nə təzyiqi edə bilərlər? Ermənilər işğalçı iddialarını təmin edə bilmirlər. Çalışırlar ki, biz öz xoşumuzla güzəştlərə gedək. Bu vaxta qədər vəziyyət belə olub ki, ermənilərə təzyiq etmək istəmirlər. Məncə, vəziyyəti yoluna qoymağın iki yolu var. Konfliktin açarı ya Ermənistanı ağıllandırmaq, ya da Azərbaycanın öz gücü ilə torpaqları işğaldan azad etməsindən keçir. Bundan başqa münaqişənin həlli yolu yoxdur". Sabiq dövlət müşaviri daha sonra qeyd edib ki, vaxtilə Azərbaycan tərəfi problemin həllində mərhələli həll variantına razılaşıb. Onun fikrincə, konfliktin yeganə həlli bundan keçir: "Əgər ermənilər ağıllanıbsa və Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi yüksək səviyyəli muxtar statusla görürlərsə, bu halda problemin paket formasında həlli mümkündür. Yox, əgər deyirlərsə, bu, qeyri-mümkündür, Ermənistanı müdafiə və himayə edən dövlətlər ermənilərə anlatmalıdırlar ki, müharibədən qaçmağın yeganə yolu işğal zonasından ordusunu çıxarmaqdan keçir". Deputat hesab edir ki, böyük dövlətlərin səylərinin təsirli olub-olmayacağı prezidentlərin iyun görüşündə məlum olacaq: "Erməni mətbuatına diqqət etmək lazımdır. Onların başı xarabdır. Bizim torpaqlarımız işğal altındadır və aprelin əvvəlində kiçik bir hissəni işğaldan azad etmişik. Erməni tərəfi deyir ki, Azərbaycan işğaldan azad etdiyi torpaqları qaytarmasa, biz ümumiyyətlə danışıqlar aparmayacağıq".