“AŞPA-da Ermənistanın işğalçı siyasəti gündəmə gətiriləcək” Siyasət

“AŞPA-da Ermənistanın işğalçı siyasəti gündəmə gətiriləcək”

Rəfael Hüseynov: "Yaz sessiyasının gündəliyində Azərbaycanla bağlı məsələ yoxdur"

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) yaz sessiyası 20-24 iyun tarixlərində Strasburqda keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib ki, yaz sessiyasında Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasəti gündəmə gətiriləcək: "Yaz sessiyasının gündəliyində Azərbaycanla bağlı məsələ yoxdur. Lakin bu plenar iclasın gündəliyidir. Bununla yanaşı, ilk gündən başlayaraq, plenar iclasla yanaşı, həm komitə, həm də siyasi qrupların iclasları olur. Biz də bu iclaslarda həmişə Dağlıq Qarabağ məsələsini, eləcə də Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini, bu siyasətin törətdiyi fəsadları gündəmə gətiririk. Bu dəfə də eyni addımları atacağıq". Rəfael Hüseynov qeyd edib ki, Azərbaycanla bağlı məsələnin gündəliyə salınmaması nümayəndə heyətinin zəruri məsələləri gündəmə gətirməsinə mane ola bilməz: "Sessiyalarda AŞPA Nazirlər Komitəsinin fəaliyyətdə olan sədrinin, eləcə də Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın məruzələri olur. Bu məruzələr zamanı onlar həm də suallara cavab verirlər. Azərbaycan nümayəndə heyəti hər iki məsul şəxsə Dağlıq Qarabağ məsələsi və Azərbaycanla bağlı zəruri həqiqətləri özündə əks etdirən suallar hazırlayıb".