Rusiya-Türkiyə əlaqələri Siyasət

Rusiya-Türkiyə əlaqələri

Ankara müstəqil, milli maraqlara cavab verən xarici siyasət kursundan imtina etməyəcək

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburqda Vladimir Putinlə görüşü dünya miqyasında geniş əks-səda doğurub. Qərb siyasətçiləri və ekspertləri bütövlükdə bu hadisəni müsbət qiymətləndirsələr də, müəyyən narahatlıq da ifadə edirlər. Rəsmi Ankaranın hərbi çevrilişə cəhd zamanı hakimiyyəti lazımi səviyyədə dəstəkləməməkdə günahlandırdığı ABŞ və Avropa İttifaqı indi bir qədər aktiv mövqe tutmağa çalışırlar. Vaşinqton hələlik özünü daha təmkinli aparır. Ərdoğanın "Ya Türkiyə, ya Gülən" seçimi etmək zamanı olduğunu deməsinə rəğmən, ABŞ hakimiyyəti belə bir seçim qarşısında olmadığını bildirib. Lakin, eyni zamanda, Fətullah Gülənin Ankaraya təslim edilməsi ilə bağlı hüquqi prosedurların başlandığı haqqında da informasiyalar yayılır. Aİ isə Türkiyəni itirmək istəmədiyini açıq bəyan edib. Bunların fonunda Moskva ilə Ankara arasında əməkdaşlığın yeni məzmun alması ayrıca geosiyasi əhəmiyyət kəsb edir.
Hərbi çevriliş cəhdindən sonra Türkiyə dünya siyasətinin ən aktual mövzularından birinə çevrilib. Aydın olur ki, həmin hadisə vasitəsilə bu böyük müsəlman ölkəsinə siyasi, iqtisadi, geosiyasi və hərbi aspektlərdə ciddi zərbə vurmaq niyyəti olub. Lakin əsasən xalqın iradəsi sayəsində sui-qəsdçi dairələrin bütün planları pozuldu. Bunun fonunda Ankaranın yeridəcəyi siyasi kurs maraqla gözlənilir. Prezident Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdindən sonra ilk səfərini Rusiyaya etməklə bu suala müəyyən dərəcədə cavab vermiş oldu.
Bir sıra ekspertlər hesab edirlər ki, Türkiyə bundan sonra daha çox Rusiyaya meyl edəcək. Hətta onun Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacağı belə proqnozlaşdırılır. Təbii ki, siyasətdə heç bir şeyi tam istisna etmək müasir reallıqlar müstəvisində konstruktiv görünməz. Ancaq, bizcə, indiki mərhələdə Türkiyə rəhbərliyinin atdığı addımlar hansısa böyük geosiyasi gücə tərəf atılmış addım deyil.
Əksinə, rəsmi Ankara dünyaya nümayiş etdirir ki, o, müstəqil, milli maraqlara cavab verən xarici siyasət kursundan imtina etməyəcək. Əsas məsələ bundan ibarətdir. Ərdoğanın Sankt-Peterburq səfəri də məhz həmin xəttin təsdiqidir. Almaniyanın "Tagesspiegel" nəşri bu məqamı dolayısı ilə etiraf edir. Burada dərc edilən məqalələrin birində deyilir: "Bu, Türkiyənin NATO-dan çıxması anlamına gəlmir, ancaq onu ifadə edir ki, Ankara Alyansla birgə olan xəttə xüsusi əhəmiyyət vermir".
Ankaranın bu cür davranışının səbəbləri aydındır. Türkiyədə hərbi çevriliş etməyə çalışanlar onun son illər regional lider kimi həyata keçirdiyi siyasətə silahlı etirazlarını ifadə edirlər. Türkiyə Yaxın Şərq məsələsində, miqrasiya probleminin həllində, terrorla mübarizədə, iqtisadi islahatları həyata keçirməkdə, İslami əxlaqın həyat tərzində gücləndirilməsində (xüsusi qeyd edək ki, siyasətdə deyil, ictimai həyatda möhkəmləndirilməsində) ciddi proqramlar reallaşdırır. O cümlədən hərbi sahədə Qərbdən asılılığı hiss ediləcək dərəcədə aşağı salır.
Görünür, Qərbdə həmin məqamı dərk edənlər vardır. "Der Spiegel" yazır ki, Türkiyə ideoloji amilə görə deyil, sırf praqmatik səbəblərdən Rusiya ilə yaxınlaşır.
Burada daha dərin məqamlara baş vurmadan təəssüflə onu vurğulayaq ki, Qərbin müəyyən dairələri hələlik müsəlman ölkələrinin uğurlarına obyektiv münasibət göstərməyin siyasi tərbiyəsinə yiyələnə bilməyiblər. Biz Azərbaycanın əldə etdiyi nailiyyətlərə onların qısqanclıq və ikili standartlar çərçivəsində yanaşdığının dəfələrlə şahidi olmuşuq. Türkiyə böyük müsəlman dövləti kimi bunu öz üzərində daha çox hiss edir.
Heç şübhəsiz, bu, o demək deyildir ki, Rusiya, yaxud Çin müsəlman dövlətlərinə tam obyektiv və dost münasibəti göstərməkdədir. Əlbəttə, hər dövlətin öz maraqları var. Lakin Ankara və Bakı dünyaya "müstəqil dövlət kimi xarici siyasət yeritmək bizim təbii haqqımızdır və buna kimsə əngəl törədə bilməz" mesajını verirlər. Təcrübə də göstərir ki, bu iki müsəlman ölkəsi dediklərini uğurla həyata keçirirlər. Ərdoğanın Rusiyaya səfərinə bu kontekstdə təhlili yanaşmaq istərdik.
İqtisadi əməkdaşlıqda irəliləyiş: geosiyasi ziddiyyətlər qalırmı?
Hər şeydən əvvəl, Moskvanın Türkiyə rəhbərinin əməkdaşlıq təklifinə olduqca diqqətli və konstruktiv yanaşmasını vurğulamaq lazımdır. Bu, Kremlin xarici siyasətdə kifayət qədər səmərəli davrandığını təsdiqləyən amillərdən biridir. Putin-Ərdoğan görüşməsi zamanı Rusiya prezidentinin ifadə etdiyi fikirlər də bu tezisi təsdiqləyir.
Bunlara rəğmən, ekspertlər ölkələr arasında əlaqələrin inkişafına əhəmiyyətli təsir edə biləcək iki faktı vurğulayırlar. Onlardan biri "Türk axını" layihəsi üzrə işin davam etdirilməsi haqqında razılığın əldə edilməsidir. Hər iki tərəf üçün bunun strateji əhəmiyyəti vardır. Rusiya öz qazını Avropaya çıxarmaq üçün alternativ marşrut əldə etmiş olur. Eyni zamanda, Türkiyə özünün təbii qaza olan ehtiyacını daha səmərəli ödəmək imkanı qazanır.
Məsələnin bu tərəfi Moskva üçün prinsipial əhəmiyyət kəsb edir. Çünki onun regionda bu sahədəki rəqibi İran da Türkiyəyə qaz satışını artırmaq fikrindədir. Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Ankaraya son səfəri də təsdiq edib.
Bundan əlavə, Yaxın Şərqin bir sıra dövlətləri də enerji daşıyıcılarının Türkiyə ərazisindən keçməklə Avropaya çatdırılmasına müsbət yanaşırlar. Rusiya təbii ki, bütün bunları nəzərə alır və "Türk axını" adlandırdığı, əslində, daha çox öz maraqlarına cavab verən layihəni reallaşdırmaqda qərarlıdır. Ancaq Avropa ölkələrinin də həmin layihəyə münasibəti təsirli ola bilər. Vladimir Putin bir neçə dəfə vurğulayıb ki, "avropalı tərəfdaşlarımızın bu layihəyə razı olması gərəkdir".
Hər bir halda Ankara "Türk axını" üçün maneə yaratmaq fikrində deyil. Proseslərin real gedişini isə zaman göstərəcək. Buna baxmayaraq, Rusiya və Türkiyə üçün strateji əhəmiyyətli başqa layihə – "Akkuyu" atom elektrik stansiyasının tikintisi məsələsi ilə bağlı irəliləyiş müşahidə edilib. Ərdoğan bu layihəni strateji statusa yüksəldə biləcəklərini bəyan edib. Onun təqribi xərci 21 milyard ABŞ dolları civarındadır.
Əgər "Akkuyu"ya strateji status verilsə, Rusiya ilə Türkiyənin nüvə enerjisi sahəsində əməkdaşlığı uzunmüddətli ola bilər. Təbii ki, həmin məqam Qərbi qane etmir. Burada başa düşürlər ki, bu, gələcəkdə Ankara ilə Rusiyanın əlaqələrini çox dərinləşdirə bilər. Bəlkə də bu səbəbdən artıq Aİ rəsmilərindən Türkiyə ilə münasibətlərin soyumasında özlərini günahlandıran fikirlər eşidilir.
Bütün bunlara iki ölkə arasında inşaat və turizm sahələrində gözlənilən əməkdaşlığı da əlavə etmək olar. Moskva və Ankara üçün hər iki sfera vacibdir. Lakin bu istiqamətlərdə proseslərin bir qədər uzun zaman tələb edəcəyi qənaəti vardır. Çünki turizm mövsümü artıq başa çatır, inşaat sektorundakı məhdudiyyətləri isə Rusiya tədrici aradan qaldırmaq fikrindədir. Ekspertlər bunun arxasında başqa məqsədin dayandığını düşünürlər.
"Stratfor"un analitikləri hesab edirlər ki, Rusiya ilə Türkiyə arasında geosiyasi aspektdə fikir ayrılıqları qalmaqdadır. Xüsusilə Suriya məsələsində tərəflər öz mövqelərindən çəkilməyiblər. Təsadüfi deyil ki, Putinlə Ərdoğan mətbuat üçün brifinqi Suriya məsələsini müzakirə etməzdən öncə keçiriblər.
Bu "beyin mərkəzi"nin analitiklərinin gəldikləri yekun nəticəyə görə, Putin və Ərdoğan üçün dost tutmaq maraqlı deyil – onlar özlərini tam olaraq milli maraqlara həsr ediblər. Bu səbəbdən "irəlidə Türkiyə və Rusiyanı milli maraqlar sahəsində yeni toqquşma nöqtələri gözləyir".
Bəlkə də Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "kölgə" strukturu hesab edilən "Stratfor"un ekspertləri haqlıdırlar. Ancaq siyasət reallığı sevir. O isə göstərir ki, Ankara ilə Moskva praqmatik davranır və qarşılıqlı faydalı əməkdaşlığa hazırdırlar. Bizcə, Türkiyə prezidentinin Rusiyaya səfərinin əsas qayəsi bundan ibarətdir və o, yalnız müsbət qiymətləndirilə bilər.

Newtimes.az