“Önəmli olan münaqişə tərəflərinin razılığa gəlməsidir” Gündəm

“Önəmli olan münaqişə tərəflərinin razılığa gəlməsidir”

“Pakistanın paytaxtı İslamabadda Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistan xarici işlər nazirlərinin görüşündə ABŞ-İsrail-İran savaşının durdurulması ilə bağlı məsələlər müzakirə olunub. Belə ki, bu ölkələr savaşın durdurulması ilə bağlı təşəbbüs göstərib, vasitəçilik edirlər”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

O bildirib ki, bu, əslində, həm ABŞ, həm də İran üçün kifayət qədər normal şans deməkdir: “Çünki bu ölkələrin həm İranla, həm də ABŞ ilə kifayət qədər normal münasibətləri var. Hesab edirəm ki, tərəflər həm də onlara etimad edir. Bu təşəbbüs sülhə böyük töhfə verə bilər. Amma burada önəmli olan münaqişə tərəflərinin razılığa gəlməsidir. Əgər onlar öz aralarında müəyyən şərtlərlə razılığa gələcəklərsə, o zaman savaş dayana biləcək. Yəni təşəbbüs və niyyət müsbətdir, savaşın dayandırılmasına yönəlib və nəzərə alsaq ki, bu ölkələr regional gücdürlər, dünyada müəyyən təsir imkanları var, sayılıb-seçilən ölkələrdir. Bu baxımdan, əlbət ki, prosesə müsbət yöndən təsir etmək imkanına malikdir. Amma bir daha qeyd edirəm, əsas məsələ münaqişə tərəflərinin ortaq məxrəcə gəlməsi və razılaşma əldə olunmasındadır”.

Röya İsrafilova