“Cəmiyyət bu dəyişiklikləri dəstəkləyir” Siyasət

“Cəmiyyət bu dəyişiklikləri dəstəkləyir”

Çingiz Qənizadə: "Venesiya Komissiyasının rəyi səthi və qərəzlidir"

Rauf Əliyev: "Rəy hazırlanarkən bu prosedur qaydaları kobud surətdə pozulub"

Azər Badamov: "Belə qurumlar öz rəy və hesabatlarını seçki keçirilməmiş yazıb hazırlayıblar"

Fəzail Ağamalı: "Bu qüvvələr istəklərinə nail ola bilməyəcəklər"

Venesiya Komissiyasının sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı qərəzli rəyi ölkə ictimaiyyətində etirazlar doğurub. Əksər ekspertlər bunun qərəzli xaraklter daşıdığını və siyasi sifariş əsasında belə bir addım atıldığı qənaətindədirlər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, Konstitusiyaya 29 dəyişikliyin edilməsi üçün 2 ay müddətində referendumun keçirilməsi tamamilə qanunauyğundur və burada problem axtarmağa dəyməz. Azərbaycan hökumətinin Venesiya Komissiyası ilə həmişə normal əməkdaşlıq etdiyini deyən deputatın sözlərinə görə, bu komissiyanın hətta bir müddət əvvəl Seçki Məcəlləsinə etdiyi təkliflər müzakirə olunub və bəzi məsələlərdə düzəlişlər edilib: "Amma indi Venesiya Komissiyası bilərəkdən referenduma bir necə gün qalmış qəflətən rəyini elan etməklə sanki əvvəldən düşünülmüş bir oyunun tərkib hissəsini artıq büruzə verdi. Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevin mətbuat konfransında söylədiyi fikirlərlə tam razıyam. Venesiya Komissiyasının rəyi səthi və qərəzlidir". Çingiz Qənizadə deyib ki, Konstitusiyaya dəyişiklik Azərbaycan qanunlarına tam uyğun həyata keçirilir. Deputat qeyd edib ki, referendumla bağlı təbliğat və təşviqat kampaniyası Seçki Məcəlləsinə uyğun olaraq, prosesə 23 gün qalmış başlayıb və 1 gün qalmış başa çatacaq: "Bu, çox normaldır. Biz yerlərdə görüşlər də keçiririk. Əhali arasında bu məsələyə çox normal yanaşma var. İki ay müddətində referendumun ölkə daxilində keçirilməsi tamamilə qanunauyğundur və burada hər hansı problem axtarmağa dəyməz. Yaxşı olar ki, müşahidəçilər göndərsinlər, seçki günü həmin müşahidəçilər məntəqələrdə olsunlar. İnsanların seçkiyə münasibətini öz gözləri ilə görsünlər".
Çingiz Qənizadə qeyd edib ki, Azərbaycanda vitse-prezidentlik institutu tətbiq edilərsə və ölkəmiz bu təcrübədən yararlanarsa, Venesiya Komissiyasının vitse-prezidentlik institutunun yaradılmasına qarşı çıxması başa düşülən deyil: "Hesab edirəm ki, bu, hər bir ölkənin öz daxili işidir. Dövlətin idarəetmədə demokratik ənənələrə sadiq qalaraq, dövlət idarəçiliyinin formasında hansısa bir presedent hüququnu, beynəlxalq hüquq normalarını, başqa dövlətlərin təcrübəsindən yararlanaraq öz ölkəsində tətbiq etməsi normaldır. Buna görə də Venesiya Komissiyasının iradlarına öz etirazımı bildirirəm".
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev deyib ki, Venetsiya Komissiyası "Azərbaycan Respublikasının Konstitutsiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair açıqladığı ilkin rəy göstərir ki, həmişə olduğu kimi Azərbaycanı istəməyən qüvvələr Azərbaycanda həyata keçrilən mühüm ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələr ərəfəsində öz məkirli niyyətlərini həyata keçirtmək üçün hərərkətə keçirlər. Millət vəkili bildirib ki, qaydalara görə Azərbaycanla bağlı hər hansı bir qanun layihəsinə dair ilkin rəy hazırlanarkən Azərbaycan tərəfinin fikirləri, arqumentləri öyrənilir və yanlız bundan sonra həmin rəy dərc edilir: "Lakin referendumla bağlı rəy hazırlanarkən bu prosedur qaydaları kobud surətdə pozulub. Rəydə qeyd olunur ki, Konstitutsiyaya 29 düzəlişdən ibarət referendum aktının müzakirəsi üçün iki ay kifayət deyil. Ancaq necə olur ki, Komissiya 2 həftə ərzində 29 düzəlişə rəy hazırlayıb dərc edir. Rəydə qeyd olunur ki, vitse-prezidentlik postunun yaradılması demokratik standartları pozur. Rəy müəlliflərindən soruşmaq lazımdır. Hansı beynəlxalq standartlardan söhbət gedir. Özünü dünyanın ən demokratik ölkəsi sayan ABD-də və digər inkişaf etmiş ölkələrdə vitse-prezidentlik institutu çoxdan mövcuddur".
Rauf Əliyev qeyd edib ki, Azərbaycan Prezidentinin səlahiyyət müddətinin yeddi ilədək artırılması ilə bağlı dəyişiklik də komissiya tərəfindən tənqid olunur: "Ancaq yaddan çıxarırlar ki, hazırda dünyanın bir çox ölkələrində bu təcrübədən istifadə olunur. Referendum aktının layihəsi ilə əlaqədar komisssiyanın digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlıdır. Çox təssüf ki, bu məsələdə də Komissiya başqa ölkələrin təcrübəsinə istinad etmir. Rəydə ancaq paralamentin buraxırlması səbəbləri sadalanıb. Bu səbəblər Konstitutsiyanın müvafiq maddələrinə əsaslanır: parlament hansı hallarda, hansı vəzifələri icra edə bilmədikdə buraxıla bilər. Rəylə tanış olduqdan sonra hər kəsdə belə təssəvvür yaranır ki, komissiya bu rəyi yanlız anti-azərbaycan, ermənipərəst qüvvələrin sifarişi ilə hazırlayıb. Ancaq bu qüvvələr nə qədər çalışsalar da Azərbaycan öz seçdiyi yoldan dönməyəcək. Ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlə inkişaf edəcək və dünyanın inkişaf etmiş, qabaqcıl ölkələri arasında öz yerini daha da möhkəmlədirəcək".
Millət vəkili Azər Badamov vurğulayıb ki, ABŞ və Qərbin anti Azərbaycan dairələri həmişə bizə qarşı qərəzli mövqedə olub. Onun sözlərinə görə, ölkəmizdə keçirilən hər bir siyasi kampaniya ərəfəsində özlərinin əlaltısı olan QHT-lərdən və digər bütün imkanlardan istifadə etməklə Azərbaycandakı sabitliyi pozmağa, ölkəmizi zəiflətməyə cəhd göstərirlər: "Məhz ona görə də bu dairələr daima vəsait ödəməklə Azərbaycanda öz xidmətçilərini saxlayırlar. Bu xidmətçilər də Azərbaycan haqqında reallığı əks etdirməyən müəyyən məlumatları onlara ötürür, ölkə daxilində mitinq adı ilə yığıncaqlar keçirərək öz havadarlarının xoşuna gələn hərəkətlər etməklə məşğul olurlar. Təbii ki, ölkəmizə qarşı belə yanaşmanın olmasını mənfi qiymətləndirirəm və qeyd etmək istəyirəm ki, xalqın istək və iradəsinə qarşı heç bir xarici qüvvə dayana bilməz. Onların işi uzaqda dayanaraq suyu bulandırmaq arzusunda olduqlarını nümayiş etdirməkdir". Millət vəkili hesab edir ki, Venesiya Komissiyasının rəyi də bu məqsədə xidmət edir: "Əgər bir ölkədə tam konstitusion əsaslarla ümumxalq səsverməsi keçirilərək xalqın istəyi müəyyənləşdirilirsə, burda pis nə var? Konstitusiyaya təklif olunan 29 məsələ ayrı-ayrılıqda vətəndaşların seçiminə verilir və tam demokratik seçki keçiriləcək. Çox təəssüf ki, ölkəmizin uğurlarını görmək istəməyən belə qurumlar öz rəy və hesabatlarını seçki keçirilməmiş yazıb hazırlayıblar və belə açıqlamalar verirlər. Bizim üçün maraqlısı və ən əsası bizə olan qərəzli münasibət yox, xalqın marağı və istəyidir. Azərbaycan xalqı dövlət siyasətini həmişə yüksək səviyyədə dəstəkləyib və dəstəkləyəcəkdir. Çünki biz bu ölkədə yaşayır, qazandığımız uğurlardan yararlanırıq. Belə olan halda, bizə qərəzli münasibət bildirənlər boş rəylər və hesabatlar tərtib etməklə sadəcə özlərini yormuş olacaqlar".
Millət vəkili Fəzail Ağamalının sözlərinə görə, bu qüvvələr istəklərinə nail ola bilməyəcəklər: "Azərbaycanı zəif dövlət kimi görmək istəyən xaricidəki anti-Azərbaycan qüvvləri Azərbaycanda referendumun keçirilməsinin qarşısını almaq və buna kölgə salmaq üçün Venesiya Komissiyasından istifadə edirlər. Çünki xalqla dövlət başçısı arasında bir həmrəylik var və cəmiyyət ölkə başçısının Konstitusiyaya dəyişikliklərə bağlı səsverməyə çıxardığı dəyişiklikləri dəstəkləyir. Ona görə ki, bu dəyişikliklər cəmiyyət tərəfindən çoxdan bəri idarəetmənin təkmilləşdirilməsi ilə bağlı olan dəyişikliklərdir və cəmiyyət bu dəyişiklikləri dəstəkləyir".
Deputat əlavə edib ki, bu dəyişikliklər Azərbaycanda ciddi struktur, sosial, hüquqi islahatlara və demokratik dəyərlərin daha da inkişafına öz töhfəsini verəcək. Fəzail Ağamalı deyib ki, ölkə başçısı avropalı parlamentarilərlə görüşündə də, anti-Azərbaycan qüvvələrlə bağlı məsələyə toxunaraq, onlara öz açıq mesajını verdi: "Bununla da dövlət başçısı Azərbaycanın bir müstəqil dövlət və kimsənin diqtəsi ilə hərəkət etməyən, milli maraqlarını hər şeydən üstün tutan bir ölkə olduğu iradəsini ortaya qoydu. Bu bəyanatlar çox ciddi xarakter daşıyırdı və Azərbaycanı zəif, müti bir ölkə kimi görmək istəyənlərə açıq mesaj idi".