“Dəyişikliklər dövlətin təhlükəsizliyinin qorunmasına xidmət edir” Siyasət

“Dəyişikliklər dövlətin təhlükəsizliyinin qorunmasına xidmət edir”

Elçin Mirzəbəyli: "Bu amili nəzərə alan Azərbaycan ictimaiyyəti referenduma "hə" dedi"

Elman Məmmədov: "Xalq şüurlu surətdə bunu oxudu, öyrəndi və dərk etdi ki, bunları etmək vacibdir"

Sahibə Qafarova: "Azərbaycan xalqı növbəti dəfə ölkə rəhbərliyinin çağırışına səs verdi"

Fəzail Ağamalı: "Bununla da, Azərbaycanın siyasi, sosial, iqtisadi həyatında yeni bir mərhələnin başlanğıcı qoyuldu"


Bir sıra beynəlxalq təşkilatlar bə beynəlxalq müşahidəçilərin referenduma müsbət rəyindən sonra Amerika Birləşmiş Ştatları da ümumxalq səsverməsinin nəticələrini tanıyıb.
ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner keçirdiyi brifinq zamanı deyib ki, ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) seçicilərin 3 673 029 nəfəri səs verib.
Referendumun necə keçməsi və bunun nəticəsi olaraq Azərbaycanın hansı üstünlüklər əldə edəcəyi ilə bağlı ictimai siyasi xadimlər öz fikirlərini bölüşüblər.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan Prezidenti referendumdan öncə ölkədə aparılan islahatların anonsunu verib: "Bu istiqamətdə görüləcək işlərin daha intensiv şəkilə həyata keçməsi üçün Konstitusiyada mühüm dəyişikiliklərin edilməsinə ehtiyac var idi". O bildirib ki, dəyişikliklər birmənalı şəkildə Azərbaycan xalqının mənafeyinə, dövlətin təhlükəsizliyinin qorunmasına xidmət edir: "Qənaətimə görə, məhz bu amili nəzərə alan Azərbaycan ictimaiyyəti, vətəndaşlar referenduma "hə" dedilər, yüksək fəallıq nümayiş etdirdilər. Seçicilər ümumxalq səsverməsində fəal şəkildə iştirak etməsi və onların mütləq əksəriyyətinin təklif olunan müddəları dəstəkləməsi də Azərbaycan xalqının həyata keçirilən islahatları müdafiə etdiyini nümayiş etdirir".
E. Mirzəbəyli qeyd edib ki, Azərbaycanda keçirilən istənilən istər siyasi, istər idman, istər humanitar, istərsə də mədəniyyət tədbirləri öncəsi ayrı-ayrı xarici dairələr və onların nüfuz müvəkkilləri ölkəmizin maraqlarına xidmət edən bu aksiyaların, addımların üzərinə kölgə salmağa çalışırlar: "Təbii ki, burada bir neçə amil rol oynayır. Bu da ilk növbədə Azərbaycanın müstəqil siyasət yürütməsi, ayrı-ayrı güclərin və maraqların yanında deyil, beynəlxalq hüquq prinsiplərinin yanında yer alması öz fəaliyyətində xalqın və dövlətin maraqlarını əsas götürməsi təbii ki, belə kampaniyaların keçirilməsinə rəvac verir. Bu prosesdə şübhəsiz ki, erməni lobbisi və diasporası aktiv şəkildə iştirak edir. Ermənistanı himayə edən daiərlərdə bu məsələyə ciddi şəkildə dəstək verirlər. Lakin önəmli olan Azərbaycan xalqının iradəsi və bu iradəni ifadə edən Azərbaycan prezidentinin atdığı qətiyyətli addımlardır. Bu mövqe Azərbaycana qarşı keçirilən aksiyaların kampaniyaların fövqündə dayanır. Uzun illərdir ki, biz bu kampaniyaların qarşısında dayanmağı, ölkəmizi inkişaf etdirməyi bacarmışıq. Bundan sonra da belə olacaq".
Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycanda keçirilən Referendum növbəti bir ümumxalq siyasi kampaniya idi. Onun sözlərinə görə, bu referendum bizim həm dostlarımıza, həm də bədxahlarımıza bir daha sübut etdi ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti həddindən artıq inkişaf etmiş bir səviyyədədir: "Yəni Azərbaycan vətəndaşları özlərinin konstitusiya, hüquq və vəzifələrini çox yüksək səviyyədə dərk edərək ümumxalq səsverməsi kimi bir kampaniyada çox fəal iştirak etdilər. Bununla da onlar cəmiyyətimizin, dövlətimizin bugünkü vəziyyətinə uyğun, geosiyasi, geoiqtisadi məsələlərlə bağlı vacib olan nələr varsa onu dəstəkləyirlər. Bu da Konstitusiyamızda olan əlavə və dəyişikliklər idi. Yəni xalq şüurlu surətdə bunu oxudu, öyrəndi və dərk etdi ki, bunları etmək vacibdir. Çünki bunlar dövlətimizin təhlükəsizliyinin qorunması, inkişafı, idarə olunması, eyni zamanda vətəndaşlarımızın özlərinin hüquq və azadlıqlarının, vəzifələrinin qorunması üçün çox vacib məsələdir. Buna getmək lazım idi və gedildi də". E.Məmmədov əlavə edib ki, Azərbaycan müstəqillik qazanandan bugünə kimi müxtəlif səviyyəli dövlətlərdə, qurumlarda təmsil olunan bədxahlarımızın bizim üçün qurduqları tələləri çox görmüşük: "Ancaq bunların heç biri dövlətimizin düzgün yolla inkişaf edib irəliləməsinə mane ola bilməyib. Təbii ki, bugündən sonra da mane ola bilməyəcək. Çünki bizim yolumuz demokratiya yoludur. Biz demokratik hüquqi dövlət qurmuşuq və onu inkişaf etdiririk. Biz haqq-ədalət yolu ilə gedirik. Eləcə də biz cəmiyyətimizin, dövlətimizin, vətəndaşlarımızın rifahı, gələcəyi naminə nə varsa onu edirik və düz edirik".
Millət vəkili Sahibə Qafarova bildirib ki, Azərbaycanda referendum keçirildi və Azərbaycan xalqı növbəti dəfə ölkə rəhbərliyinin çağırışına səs verdi, referendumda Konstitusiyaya edilən dəyişikliklərə öz müsbət münasibətini ifadə etdi: "Həmin seçkiləri, referendumu müşahidə edənlər arasında AŞPA Müşahidə Missiyasının üzvləri də var. Onlar 8 nəfərdən ibarətdir və özləri də referendumu yaxından izləmək imkanlarına malik oldular, hər şeyi öz gözləri ilə gördülər. Bizə də çox sualları oldu, suallarına da cavab aldılar".
Millət vəkili Fəzail Ağamalı vurğulayıb ki, sentyabrın 26-da Azərbaycan xalqı dövlətçiliyə münasibətini bir daha ortaya qoydu. Deputat bildirib ki, xalq bir daha həmin gün dövlətçiliyə sədaqətini nümayiş etdirdi: "Azərbaycan xalqı referendumda fəallıq göstərdi. Xalqımız Azərbaycanda demokratik proseslərin dərinləşməsinə, idarəçiliyin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, dövlət təhlükəsizliyimizin təmin olunmasına xidmət edən proseslərə müsbət rəyini bildirdi. Xalq öz iradəsilə Konstitusiyaya dəyişikliklərə səs verdi. Bununla da, Azərbaycanın siyasi, sosial, iqtisadi həyatında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Əminəm ki, Konstitusiyaya dəyişikliklər öz töhfəsini verəcək və Azərbaycan bütün istiqamətlərdə inkişafın yeni mərhələsini yaşayacaq".
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə deyib ki, Azərbaycan vətəndaşının seçki mədəniyyəti mövcuddur: "Bu mədəniyyət artıq dünyanın ayrı-ayrı ölkələri, o cümlədən "seçkilər azad, şəffaf keçirimədi" deyən insanların özü üçün nümunədir". O bildirib ki, Azərbaycan vətəndaşı olaraq ilk növbədə öz vətəndaşlıq borcunu Səbail rayon 29 saylı seçki dairəsinin 11 saylı məntəqəsində yerinə yetirərək səs verib: "İkincisi, səhər saatlarında səsverməyə gedərkən həm gənc, həm yaşlı, həm də orta nəslin nümayəndələrinin gözümlə səsverməyə gəldiyini gördüm. Mərkəzi Seçki Komisiyası məntəqələrdə veb-kameralar quraşdırıb və onların vasitəsilə hər kəs dünyanın ayrı-ayrı yerlərindən baxıb, səsvermənin gedişini, müşahidə edilən insan axınını izləyə bilər. Nəhayət, Azərbaycan seçkilərə 40-a yaxın ölkənin müşahidəçilərini dəvət etmişdi. Onların arasında beynəlxalq səviyyədə tanınmış şəxslər, millət vəkilləri var idi. Bütün bu sadalananlar dövlətimiz tərəfindən seçkilərə yanaşmanın, seçkilərə hazırlığın, məntəqələrdə səsvermə üçün yaradılan şəraitin əyani göstəricisidir. Əlbəttə ki, digər faktları da saymaq olar. Belə olan halda hansı saxtakarlıqdan söhbət gedə bilər?! Bu gün iqtidara müxalifətdə olmaq olar "hörmətli 5-ci kolon", "hörmətli" siyasi opponentliyi olmayan yoldaşlar, amma dövlətə qarşı müxalifətdə olmaq olmaz. Bu, insanın özü-özünə qarşı müxalifətdə olması deməkdir. Nəhayət, bu gün jurnalistləri seçkiləri izləmək üçün qeydiyyatdan keçən ayrı-ayrı dünya mətbuatının, ölkəmizdəki xarici müşahidəçilərin rəylərinə baxmaq lazımdır ki, seçki barədə yetərincə məlumat yaransın. Minlərlə kilometr uzaqda oturub, burdakı bəzi qərəzli şəxslərən təhrif edilmiş məlumatlar alıb, onları yayanlar heç nəyə nail ola bilməyəcəklər. Çünki bu insanlar ağa qara deməyə, qaraya ağ deməyə vərdiş ediblər. Amma yenə də reallıq mövcuddur".

Əli