Elmar Məmmədyarov ümidlidir Siyasət

Elmar Məmmədyarov ümidlidir

"Moskva görüşü Xəzərin statusunun müəyyən edilməsində böyük imkanlar açacaq"

"Azərbaycan Xəzər dənizinin sülh və əməkdaşlıq dənizinə çevrilməsinin tərəfdarıdır". APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallo ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərləri payızda Həştərxanda keçiriləcək sammitlə bağlı müzakirələr aparıblar və qarşıdakı aylarda İranda nazir müavinləri səviyyəsində görüş planlaşdırılır: "Əgər ekspertlər yekun sənəd ətrafında müzakirələri yekunlaşdıra bilməsələr, nazirlər səviyyəsində də görüş ola bilər. Moskva görüşü çox konstruktiv olub. Beş ölkə tam şəkildə razıdır ki, prosesdə irəliləyiş olsun. Müxtəlif məsələlər açıq şəkildə müzakirə olunub. Bu görüş Xəzərin statusunun müəyyən edilməsində böyük imkanlar açacaq".
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin dənizin statusunun müəyyənləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə etdiklərini deyib.