“Daha hücumedici diplomatik addımlarımızı atmalıyıq” Siyasət

“Daha hücumedici diplomatik addımlarımızı atmalıyıq”

"Həqiqətən danışıqlar prosesində durğunluq hiss edilir. Düzdür, ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə bəyan ediblər ki, dövlət başçılarının görüşləri baş tutmalıdır. Lakin sonuncu danışıqların nəticələri onu göstərir ki, Ermənistan faktiki olaraq kompromislərə hazır deyil". Bunu politoloq Fikrət Sadıqov deyib. O vurğulayıb ki, beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirmək niyyəti yoxdur: "Ermənistanın daxilində mürəkkəb proseslər gedir. Kadr dəyişiklikləri edilib, yeni baş naziri və müdafiə naziri təyin edilib. Bu o deməkdir ki, Ermənistan çabalayır. Burada həm aprel hadisələri, həm daxildə rejimə qarşı çıxışların, Serj Sarkisyanın istefasını tələb edən çağırışların səsləndirilməsindən söhbət gedir. Ermənistan elə bir vəziyyətdədir ki, hazırda onunla danışmağa bəlkə də ehtiyac yoxdur. Bu o demək deyil ki, biz kənara çəkilirik. Əgər Minsk qrupu həmsədrləri görüş təşkil edərək konkret Azərbaycanın maraqlarına cavab verən məsələləri ortaya qoyarlarsa, biz görüşə hazırıq. Heç zaman görüşdən boyun qaçırmırıq. Lakin görüş görüş naminə təşkil olunmamalıdır. Bizə artıq nəticələr lazımdır. 20 ildən artıq danışıqların aparılması mənasız bir problemə çevrilib".
Onun fikrincə, "İsgəndər" kompleksləri Ermənistana Rusiya tərəfindən verilən raketlərdir: "Moskva və Yerevan bunu necə izah edirlər etsinlər. Moskva guya Azərbaycanla Ermənistan arasında hərbi balansı saxladığını deyir. Guya bu kompleksi Ermənistana ona görə verirlər ki, bizim aramızda müharibə baş verməsin. Guya bunların niyyəti safdır. Əslində Ermənistanı silahlandırmaq və belə kompleksləri onlara vermək düzgün deyil. Ona görə düzgün deyil ki, Ermənistan Azərbaycanın 20% torpağını işğal edib. Faktiki olaraq Ermənistan torpaqları tərk etməlidir. "İsgəndər" ona görə verilmir ki, Ermənistan öz torpaqlarını qorusun. Çünki Azərbaycan Ermənistan torpaqlarına iddialı deyil. Bu kontekstdə hərəkət etmək lazımdır. Azərbaycanın kifayət qədər hərbi potensialı var. Hazırda biz İsraildən yeni silah almalıyıq. O silah nəinki, "İsgəndər", daha müasir raketlərin qarşısını ala bilər. Onun müqabilində cavab zərbələri də endirə bilər".
Politoloq əlavə edib ki, Azərbaycan bəyan etdi ki, bu olmamalı idi: "Biz bunu müsbət qarşılaya bilmərik. Lakin yaranmış şəraitdə bizə yeni düşmən lazım deyil. Hər hansı aparıcı dövlət qismində bizə düşmən lazım deyil. Rusiya ilə münasibətlərimizi strateji tərəfdaşlıq istiqamətində davam etdirəcəyik.
Bundan imtina etmirik. Lakin bununla paralel olaraq, Avropa ilə də münasibətlərimizi genişləndirmək fikrindəyik. Hazırda Avropa Parlamenti ilə münasibətləri bərpa və inkişaf etdirmək niyyətindəyik. Yəni tək Rusiya ilə tərəfdaşlıq etmirik. Aparıcı ölkələrlə əməkdaşlıq etmək fikrindəyik. Lakin təəssüflər olsun ki, aparıcı dövlətlər Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır. Əsas problem bundan ibarətdir. Hesab edirəm ki bundan sonra, daha hücumedici diplomatik addımlarımızı atmalıyıq".