Türkiyədə hansı razılaşma əldə olunub? Siyasət

Türkiyədə hansı razılaşma əldə olunub?

Politoloqlar Çavuşoğlunun bəyanatına münasibət bildiriblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş rayonlarından ən azı beşinin qaytarılması məsələsinin gündəmdə olduğunu bildirməsi geniş müzakirəyə səbəb olub.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, əgər Rusiya Mövlüd Çavuşoğlunun dediyi kimi Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılmasını dəstəkləyirsə, onda niyə bu məsələnin həllini yubadır və Kreml rəsmi İrəvana təzyiq etmir? Məncə, vəziyyət bir qədər fərqlidir.
Rusiyalı diplomatların 5 rayonun azad olunması məsələsilə bağlı Mövlud Çavuşoğlu ilə fikir mübadiləsi apardığını istisna etməyən siyasi şərhçi razılaşmanın indiyə qədər baş tutmamasının səbələrini açıb:"Prezident İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında böyük dövlətlərin Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması məqsədilə rəsmi Bakıya təzyiq etdiyini açıqladı. Demək ki, Rusiya 5 rayonun qeyd-şərtsiz azad olunmasına razı deyil, bunun əvəzində Dağlıq Qarabağda referendumun keçirilməsini istəyir. Bu isə Azərbaycanın maraqlarına ziddir".
Sabiq dövlət müşaviri Qabil Hüseynli isə bildirib ki, Türkiyənin Cənubi Qafqazda iki marağı var: birinci, Qarabağ probleminin ədalətli həlli, ikinci, Ermənistanla münasibətlərin qaydaya salınması və ən sonda ermənilərin antitürk fəaliyyətlərini iflasa uğratmaq.
Politoloq sürətlə güclənən Rusiya-Türkiyə münasibətlərinin Ermənistanı qorxuya saldığını bildirib:"Üstəlik, bu yaxınlaşma Rusiya-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qalxacağından xəbər verir. Düzdür, hər dövlətin öz strateji maraqları var. Xüsusilə də Rusiya bu maraqlarını qabartmağa daha çox meyillidir. Moskva ilə Ankara arasındakı isti münasibətlər təkcə Türk Axını layihəsi ilə bitmir, bu proses özlüyündə Qarabağ məsələsinə də sirayət edir və bunun işartılarını indidən görmək mümkündür. Bu kontekstdə əlbəttə ki, Türkiyənin Ermənistanla münasibətlərini yaxşılaşdırması məsələsi də gündəmdə dayanır. Türkiyənin bir marağı Qarabağ probleminin ədalətli həllidirsə, digəri Ermənistanla münasibətlərin qaydaya salınması və ən sonda ermənilərin antitürk fəaliyyətlərini iflasa uğratmaqdır. İstanbulda Ərdoğanla Putin arasında 5 rayon məsələsi yenidən gündəmə gəlib. Bu, türk liderin məhz Sankt-Peterburqda Moskvadan Qarabağ tələbinin davamıdır. Ermənistan isə sadəcə aradakı fasilədən öz xeyrinə istifadə etməyə çalışdı. İndi isə 5 rayon məsələsinin yenidən gündəmə gəlməsi kifayət qədər müsbət hadisədir. Bu, Ermənistanın planlarını heçə endirəcək və ölkədə daxili proseslərin yenidən qızışmasına rəvac verəcək. Çünki ermənilərin danışıqlar prosesinin dayanmasına dair ümidləri puça çıxır. Rusiya məsələnin həlli istiqamətində çalışmaq niyyətindədir. Çavuşoğlunun son açıqlaması nəinki danışıqlar prosesinin aktivləşəcəyindən xəbər verir, həm də real nəticələr əldə edilməsinə ümid yaradır".
Ermənistanın dövlət borcunun sürətlə artdığını vurğulayan politoloq 5 rayonun geri qaytarılmasının İrəvan üçün ciddi perspektivlər vəd etdiyini deyib:"Ermənistanda konstruktiv düşünməyi bacaran insanlar varsa, çox gec olmadan bilməlidilər ki, "nə sülh, nə müharibə" vəziyyəti bu ölkənin sonu olacaq. Çünki Azərbaycan çox səmərəli fəaliyyətə başlayacaq. 5 rayon məsələsinin hansı danışıqlar mərhələsindən keçməsi isə yaxın günlərin aktual mövzusudur və bu istiqamətdə diplomatik fəaliyyətlər artacaq".
Q.Hüseynli aprel hadisələrindən sonra Qarabağla bağlı müzakirlərdə az qala Rusiya ilə rəqabətə girən Qərbin hazırkı susqunluğuna da aydınlıq gətirib:
"Düzdür, AŞPA Azərbaycanın ərazi bütövülüyü haqqında bəyanat verdi və bu müsbət hadisədir. Məsələ ondadır ki, Azərbaycanın probleminə Gürcüstan, Moldova və digərləri kimi aydın və birmənalı formada yanaşma yoxdur. Səbəb isə Qərbin ikili standartlarıdır. Hətta bəzi Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyü məsələsində gah nala, gah da mıxa vururlar. Bu susqunluğun səbəbləri isə tam aydındır".
Bu arada politoloq Məhəmməd Əsədullazadə Azərbaycanın Minsk qrupuna etiraz etməsi təklifini verib: "Qarabağ münaqişəsinin həlli məqsədi ilə təsis olunmuş "Minsk qrupunun" həmsdərləri artıq, Qarabağ münaqişəsinin nizamlanması prosesesinin həllindən uzaqlaşmaqdadırlar. İlk məyus açıqlama, həmsdər ABŞ-ın dövlət katibi Con Kerridən gəldi. Con Kerri münaqişənin həllinin hazırda mümkünsüz və tərəflərin siyasi liderlərin iradəsinə bağladı. İkinci açıqlama isə "Minsk qrupunun" həmsədri, birbaşa işğalçı ölkəyə təsir imkanlarına malik olan, "Aprel döyüşlərindən" sonra diplomatik "drijorluq" edən Rusiyanın rəsmisi Yuri Uşakovdan gəldi. Y.Uşakov münaqişənin həllini hazırda mümkünsüz hesab edərək, yay aylarında Rusiyanın irəli sürdüyü "Kazan" və "Lavrov" planlarına son nöqtəni qoymuş oldu. Növbəti açıqlama, Fransadan gəlməlidir. Fransa çox güman ki, Azərbaycan və Ermənistan prezidentlərini Parisə birgə görüşünü təşkil etməyə çağırsın. Fransanın Minsk qrupunda mövqeyi aydındı, həmçinin erməni lobbisinin təsiri altında olaraq, ermənilərlə və Qarabağdakı separatçılarla sıx təmasdadı. Ona görə Fransadan ədadlətli mövqe gözləməyə dəyməz. Qarabağ münaqişəsində, təsir rıçaqlarına malik iki ölkə- Rusiya və ABŞ mühüm rol oynayır. Fransa prezidenti F.Ollandın Qarabağda yenidən Azərbaycanın mümkün hərbi əməliyyatların qarşısını almaq üçün belə bir görüş təşkil edə bilməsi gözlənilir.
Qeyd etmək lazımdır ki, "Minsk qrupunun" həmsədrlərinin ABŞ və Rusiya tərəfindən məlum açıqlamadan sonra regiona səfərləri, mənasız və müzakirə olunmayacaq qədər uğursuzdu. Azərbaycan artıq, işğal olunmuş ərazilərlə bağlı, siyasətinə yenidən baxmalı, öz müttəfiqləri ilə xüsusən Türkiyə, Pakistan və İsraillə hərbi əlaqələri möhkəmləndirməlidir.
Azərbaycan Xarici Işlər Nazirliyi "Minsk qrupunun" həmsədr dövlətlərə tutduqları mövqeyə və verdiyi açıqlamalara görə öz etirazını bildirməlidir. ABŞ artıq, yüksək səviyyədə irad bildirilib, həmçinin Rusiyaya da bildirilməlidir".