Azərbaycan və Türkiyənin artan gücü Türk Dövlətləri Təşkilatına müsbət təsir göstərir - ŞƏRH Siyasət

Azərbaycan və Türkiyənin artan gücü Türk Dövlətləri Təşkilatına müsbət təsir göstərir - ŞƏRH

Fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar Prezident seçkilərindən sonra İlham Əliyevin ilk rəsmi səfəri Türkiyəyə oldu. Bu artıq iki ölkə arasında bir ənənəyə çevrilib. Bu ənənənin davam etdirilməsi Prezident İlham Əliyevin Türkiyəyə verdiyi önəmin göstəricisidir.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O qeyd edib ki, bu səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalandı.

"Türkiyə və Azərbaycan münasibətləri dinamikdir. Burada sadəcə sənədlər imzalandı, bir sıra məsələlər müzakirə edildi. İki ölkə başçısının da verdiyi mesajlar çox mühim idi.

Həmçinin görüşdə Ermənistana edilən xəbərdarlıq xüsusi əhəmiyyətə sahib idi. Ermənistanın başqa şansının olmadığı, arxasındakı havadarlarına güvənmədən öz istəyi ilə sülh və sabitliyə töhfə verməsi vurğulandı. Türkiyə və Azərbaycanın hər zaman yan-yana olduğu ifadə edildi.

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini də dəvət etdi. Bu əslində Azərbaycanın dünyada artan gücünü, milli və müstəqil xarici siyasət yürütdüyünün göstəricisidir. Türkiyə və Azərbaycanın gücü artmaqda davam edir. İki ölkə arasında olan bu inkişaf Türk Dövlətləri Təşkilatına da təsir göstərir. Bu birlik hər zaman ifadə edildiyi kimi, sülh və sabitlik deməkdir", - deyə o,qeyd edib.