“Xalqın iradəsi əsasında irəliyə gedəcəyik” Siyasət

“Xalqın iradəsi əsasında irəliyə gedəcəyik”

"25 il əvvəl Azərbaycan Ali Soveti "Müstəqillik haqqında" dövlət aktını qəbul edib. Bununla belə, müstəqilliyimizin elan edilməsindən 1 il əvvəl 1991-ci ildə Heydər Əliyev cəsarətli addım ataraq sovet rəhbərliyini Qanlı Yanvar faciəsini törətməkdə ittiham edib, Kommunist Partiyasının sıralarını tərk etmişdi".
Bunu dünən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu, müstəqillik uğrunda atılan ilk addım olmuşdu: "Sonradan Naxçıvan Ali Məclisin sədri vəzifəsində çalışan ulu öndər Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərini çıxarıb, üçrəngli bayrağımızın qəbul edilməsinə nail olub. Bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırmışdı. Bundan əlavə, 1991-ci ilin əvvəllərində SSRİ-nin saxlanmasına dair referendum keçiriləndə Naxçıvan Muxtar Respublikasında referendum keçirilməmişdi. Bütün bunlar göstərir ki, Heydər Əliyev müstəqilliyimizin banisidir".
Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlişindən sonra Azərbaycanın inkişaf dövrü başlayıb: "Müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu var".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq informasiya təcridindən çıxıb, xarici siyasət prioritetləri müəyyən edilib, iqtisadi islahatlara başlanılıb: "Məhz həmin illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılıb. 2003-cü il müstəqilliyimizin tarixi üçün mühüm əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə Azərbaycanın bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi. Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa Azərbaycan yenə bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərərək Heydər Əliyev siyasətinə səs verdi.
2003-cü ildən iqtisadiyyat sahəsində inkişaf dövrümüzü yaşadıq, iqtisadiyyat 3 dəfə artdı. Yoxsulluq 5 faizə endi, işsizliklə güclü mübarizə aparıldı, regionların inkişafına start verildi. Bölgələrimiz canlandı, şəhərlərimiz abadlaşdı. Azərbaycan elektrik enerjisi və qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. Sosial məsələlər həll olundu, sosial infrastruktur layihələr icra olundu. Texnoloji inkişaf gücləndi. Azərbaycan kosmik ölkələr sırasına daxil oldu. Ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələri daha geniş miqyasa çıxdı".
"25 il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyatı uğurla yaşaya bilərik"-deyən İlham Əliyev bildirib ki, gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur:"Gələcəkdə biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir".
Ölkə başçısı müstəqilliyin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıb: "Yaşasın müstəqil Azərbyacan Respublikası!".