“İran Ermənistanın silahlanmasında vasitə rolundan imtina etməlidir” Siyasət

“İran Ermənistanın silahlanmasında vasitə rolundan imtina etməlidir”

Əli Zülfüqaroğlu: “Qərbin Ermənistanda möhkəmlənməsi İran üçün də təhlükə ocaqlarının yaranmasına gətirib çıxaracaq”

“Ermənistan Azərbaycanla sülh danışıqlarını davam etdirir. Eyni zamanda sülh tərəfdarı görüntüsü yaratmaqla yanaşı, Qərbin dəstəyini alaraq sürətlə silahlanır”. Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu qeyd edib: “Ermənistanın son zamanlar çox ciddi şəkildə silahlanması, xüsusilə Fransanın dəstəyi ilə bu prosesin həyata keçirilməsi bölgədə təhlükəli proseslərin, eskalasiya risklərinin daha da artmasına gətirib çıxarır. Ermənistana silahlar Qara dəniz vasitəsi ilə Gürcüstan üzərindən, yaxud, İran üzərindən göndərilə bilər. Biz, dəfələrlə xüsusilə Tehranın düşmən elan etdiyi Qərb tərəfindən göndərilən silahların İran üzərindən Ermənistana çatdırılması ilə bağlı xəbərlərin yayılmasının şahidi olmuşuq. Bu faktlar kifayət qədərdir. İkinci Qarabağ müharibəsi zamanı da İran üzərindən Ermənistana silahlar daşınırdı və güneyli soydaşlarımız buna çox ciddi şəkildə kəskin reaksiyalar vermiş və etiraz aksiyaları başlatmışdılar. İranda əsas qüvvə 40 milyon Azərbaycan türküdür və İran höküməti həmişə Azərbaycan bölgələrində etiraz dalğasının yayılmasından ehtiyat edib. Son proseslər də göstərir ki, Fransanın Ermənistanı silahlandırması daha çox İran üzərindən həyata keçiriləcək. Ona görə də millət vəkilinin güneyli soydaşlarımıza ünvanlanan bu açıqlaması (qeyd edək ki, parlamentin son plenar iclasında millət vəkili Fəzail Ağamalı cənublu soydaşlarımıza müraciət edərək bildirib ki, öz iradələrini ortaya qoysunlar. "Necə ki, 44 günlük müharibə zamanı cənublu soydaşlarımız İran ərazisindən Ermənistana sulah-sursat, hərbi texnika daşınmasına etiraz etdilər, indi də eyni iradəni nümayiş etdirib İran vasitəsilə Ermənistanın silahlandırılmasına qarşı çıxmalıdırlar"-red) Vətən Müharibəsində olduğu kimi bundan sonra da baş verəcək. Azərbaycan əleyhinə olan proseslərə qarşı güneyli soydaşlarımızın etiraz səsinin ucaldılmasına yönəldilib. Hesab edirəm ki, İran üzərindən Ermənistana daşınan silahlar bölgə üçün ciddi təhdid xarakteri daşıyır və eyni zamanda İranın özü üçün də təhlükəli bir prosesdir. Xüsusilə Qərbin Ermənistanda möhkəmlənməsi gələcək perspektivdə İran üçün də təhlükə ocaqlarının yaranmasına gətirib çıxaracaq. Hesab edirəm ki, İran Azərbaycanla münasibətlərinin qoruyub saxlanması və eyni zamanda Türkiyə ilə münasibətlərinin pozulmamasını və özünün təhlükəsizliyinin qarantiyaya alınmasını istəyirsə, o zaman Ermənistanla münasibətlərinə yenidən baxmalı və Ermənistanın silahlanmasında vasitə rolundan imtina etməlidir”.