“Təkcə büdcə vəsaitləri ilə Qarabağı tikmək qeyri-mümkündür” Siyasət

“Təkcə büdcə vəsaitləri ilə Qarabağı tikmək qeyri-mümkündür”

“2023-cü ildə Hökumətin fəaliyyətini qiymətləndirərkən ilk dəfə coğrafi və siyasi bütövlüyümüzün təmin olunmasını tarixi hadisə kimi qeyd edirik. Nəhayət, yarımçıq Hesabatlardan xilas olduq. Son 300 ildə elə bir quruluş olmayıb ki, biz torpaq itkilərinə və köçkünlüyə məruz qalmayaq. Prezident İlham Əliyev çoxəsrlik tarixi gedişi dəyişdirdi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deputat Zahid Oruc deyib. O, bildirib ki, hökumətin Böyük Qayıdış siyasəti işğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsini gələcəkdə 316-ya endirməyi nəzərdə tutur: “Yaponlar və almanlar da oxşar yolla gediblər. Lakin təkcə büdcə vəsaitləri ilə Qarabağı tikmək qeyri-mümkündür. 2023-cü ilin 1 yanvarından 10 il müddətinə texnika və qurğular, xammal və materialların idxalı ƏDV-dən azad olunub. Bu müsbət addımdır. Eyni zamanda, emal sənayesi və xidmət infrastrukturunu yaratmaq, onu iqtisadi sistemə qoşmaq üçün azad torpaqlarda “sıfır vergi” siyasətini tətbiq etsək, daxili-xarici investisiyanın yolunu açarıq. Hökumət xüsusi qaydalar hazırlaya, azad torpaqlara qayıtmaq istəyən, köçkün olmayan vətəndaşlara çağırış edə, şəffaf şərtlərlə bir kənddə 100 evi tikmək istəyən şirkətin planlarına icazə qarışılığında onların xərclərini qarşılaya bilər və dövlətin yükü paylaşılar”.