Fransız siyasətinin “VƏ”ləri Siyasət

Fransız siyasətinin “VƏ”ləri

Fransa Prezidentinin Azərbaycan əleyhinə əsassız və hikkəli söz oyunlarının bağlayıcı hissəsinə, mahiyyət etibarilə Emmanuel Makrondan fərqlənməyən başqa bir “VƏ” də qoşulub. Detallarına, bir çoxunun yeri səhv düşdüyü üçün varmayacağam – Qabriel Attalı nəzərdə tuturam. Attalın ana tərəfdən ulu babası, 24 il Moskva şəhərinin general-qubernatoru olan Dmitri Qolisindir. Maraqlıdır ki, Dmitri Qolisin hərbi təhsilini Parisdə alıb, hətta Bastiliya qalasının alınmasında da iştirak edib. Attalın ulu babasının ziddiyyətli həyat hekayəsində Napaleona qarşı savaş da var. Amma Qabriel Attal ulu babasından fərqli olaraq, heç nəyin alınmasında iştirak etməyib. Çünki “almaq” onun fitrətinə yad olan bir anlayışdır. Təbii ki, müəyyən istisnalar da ola bilər...

Əslində nə zamansa Qabriel Attal adlı və kimi birisinə vaxt və söz sərf edəcəyimi ağlımdan belə keçirməmişdim. Amma hətta həmin bu Attal da erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycanın guya “Ermənistan ərazisinin bir hissəsini “işğal” etdiyini” bildirib. Fransalı baş nazirin iddiasına görə, Azərbaycanın öz ərazisində işğalçı qüvvələrə, qanunsuz hərbi birləşmələrə, ağır müharibə cinayətləri törətmiş separatçılara qarşı güc tətbiq etməsi də, Moskvanın bu hadisələr zamanı neytral qalması da pislənilməlidir. Anlaşılmır. Qabriel də rəhbəri Emmanuel kimi, bir tərəfdən Rusiyanın Ukraynadakı hərbi iştirakına qarşı çıxış edir, Ukraynanın ərazi bütövlıüyünü dəstələyir, digər tərəfdən isə elə həmin Rusiyadan Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını bərpa etməsinə qarşı çıxmadığına görə gileylənir. İndi gəl bu adamların siyasi, hüquqi məntiqlərindəki “VƏ”ləri tap, görüm necə tapırsan.

Fransa Azərbaycana qəzəblidir. Çünki Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində irəli sürdüyü təşəbbüslər, dünyanın ən böyük ikinci əməkdaşlıq platformasının qlobal mövqelərini möhkəmləndirib, Hərəkatın neokolonializmə, imperializmə qarşı prinsipial və ardıcıl mövqe sərgiləməsinə zəmin yaradıb. Azərbaycan bayrağı neomüstəmləkəçiliyə qarşı mübarizənin simvollarından birinə çevrilib. Bu isə Parisi qıcıqlandırır. Fransa kimi ölkələrin 30 ilə yaxın davam edən təslimçi vasitəliyinə “yox” deyib, beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarını bərpa edən, işğala, separatizmə son qoyan bir ölkənin müstəmləkəçiliyin istismarçı məngənəsindən xilas olmağa çalıışan xalqların haqq səsinə çevrilməsi Makron və əshabələrini qane etmir və onlar nəyin bahasına olursa-olsun dünyanın müxtəlif bölgələrində gərginlik yaratmağa cəhd göstərməklə, diqqəti müxtəlif adlar altında gizlədilən fransız neokolonializmindən yayındırmağa çalışırlar.

Neokolonializm, həm də müasir Fransanın, yenidən dünya gücü olmaq hikkəsindən və başqalarının ac-yalavac qalması hesabına “fransız xalqının kef çəkmək” həvəsindən qaynaqlanır. Və bu müftəxor, iyrənc istismarçılğın sərhədləri kiçildikcə, əli “müftə” sərvətlərdən üzülən, verdikləri vədləri, ənənəvi olaraq qəsb etdikləri milyardların hesabına həyata keçirə bilmədikləri üçün dünyanın dörd bir yanına nifrət püskürən fransız siyasətçiləri qəzəblərindən çat veririlər.

Fransa müstəmləkiçiliyinin “özəllik”lərindən biri də bu ölkənin şirkətlərinin təbii sərvətlərini taladıqları ərazilərdə daha çox muzdluların xidmətlərindən istifadə etmələridir.

Hazırda Fransanın müzdlulardan ibarət “Fransız Xarici Legionu”nda 140 ölkənin təmsilçisi var. Xarici legion yeganə hərbi birləşmədir ki, muzdlular xidmətə qəbul edilərkən Fransaya deyil, legiona sədaqət andı içirlər. Bu da onların Fransa vətəndaşı olmaması ilə izah edilsə də, əslində başqa səbəbləri var. Çünki Fransaya and içən hərbçilər ölkənin konstitusiyasının prinsiplərini qorumağa borcludurlar. Amma “legiona and içənlər”in belə bir öhdəliyi yoxdur və bu səbəbdən də Fransanın muzdlu legionundan ən ağır müharibə cinayətlərində istifadə olunur.

Yarandığı gündən Fransız Xarici Legionunda yüz minlərlə muzdlu xidmət keçib. Və bu günə qədər Fransanın müstəmləkələrində həyata keçirilən qanlı əməliyyatlarda 40 mindən artıq itki verib. Fransa muzdlularının qanlı və amansız cinayətləri Əlcəzair, Mərakeş, Tunis, Madaqaskar, Qərbi Afrika, Mərkəzi Afrika, Ruanda, Zair, Qabon, Somali, Konqo, Kamboca kimi ölkələrdə indiyədək unudulmayıb.

Elə indinin özündə də Fransa özü üçün həsas olan regionlarda – Yuxarı Korsika, Fransız Qvianası və Mayottada muzdlulardan ibarət xüsusi hərbi birləşmələr saxlayır.

Fransa rəsmiləri yeri gəldi-gəlmədi “insan hüquq və azadlıqlarından”, “xalqların öz müqəddəratlarını təyin etmə hüquqlarından” dəm vurduqları halda, köləyə çevirdikləri, istismar etdikləri xalqların hüquqları ilə bağlı heç nə eşitmək istəmirlər. Ötən il Fransa məhkəməsinin mərkəzi hakimiyyətin iddiası və sifarişi ilə Korsika dilindən istifadəni qadağan etməsi, kdenofobiyanın, ultramillətçi təfəkkürün bu ölkənin daxili və xarici siyasətinin əsasını təşkil etdiyini təsdiqləyir.

Fransa prezidenti və əsahəbələri addımbaşı ölkəmizi “beynəlxalq öhdəliklərini” yerinə yetirməməkdə günahlandırırlar, amma mərkəzi hakimiyyətin Korsika adasının aborigen sakinlərinin hüquqlarını kobud şəkidə pozmasının Parisin beynəlxalq öhdəliklərinə, o cümlədən “Bütün növ diskriminasiyanın ləğvi haqqında” Konvensiyanın, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın, eləcə də BMT Baş Assambleyasının “Milli və ya etnik, din və dil azlıqlarının hüquqları haqqında” və “Yerli xalqların hüquqları haqqında” bəyannamələrinin, Avropa Şurasının “Milli azlıqların hüquqlarının qorunması haqqında” Çərçivə Sazişinin tələblərinə zidd olduğunu xatırlamaq istəmirlər.

Qeyd edim ki, Korsika xalqı sözügedən adanın və Fransanın yerli sakinləridir, öz mədəniyyətləri və dilləri var. BMT-nin “Yerli xalqların hüquqları haqqında” Bəyannaməsində qeyd olunur ki, yerli xalqlar bütün digər xalqlarla eyni hüquqlara malikdirlər. Sözügedən sənəddə, “Milli mənşə, irqi, dini, etnik və mədəni fərqliliklərə görə xalqların və ya şəxslərin üstünlüyünə əsaslanan və ya belə üstünlüyü təsdiq edən bütün doktrinaların, siyasət və təcrübələrin irqçi, elmi cəhətdən əsassız, hüquqi cəhətdən etibarsız, mənəvi cəhətdən qınanan və sosial cəhətdən ədalətsiz olduğu” bəyannəməyə qoşulan dövlətlər, o cümlədən Fransa tərəfindən təsdiqlənir.

Bəyannamədən də göründüyü kimi, Fransa məhkəməsinin Korsika dilindən istifadəni məhdudlaşdıran qərarı elmi cəhətdən əsassız, hüquqi cəhətdən etibarsız, mənəvi cəhətdən qınanan və sosial cəhətdən ədalətsizdir. Lakin Fransanın mərkəzi hakimiyyət orqanları nəinki bu əsassız, etibarsız və ədalətsiz qərarın qəbulundan utanc hissi keçirmir, hətta dünyanın müxtəlif ölkələrində “azlıqların hüquqlarının qorunması” adı altında iyrənc və riyakar siyasət yürütməyə davam edirlər.

Korsika dilinin yasaqlanması ilə bağlı Fransa məhkəməsinin qərarında diqqət çəkən məqamlardan biri də ölkə konstitusiyasının 2-ci maddəsinə istinadla bağlıdır. Fransa konstitusiyasının 2-ci maddəsinin birinci bəndində isə deyilir: “Respublikanın dili fransız dilidir” (La langue de la République est le français). Göründüyü kimi Fransa konstitusiyasının iqtibas gətirdiyim maddəsində söhbət, BMT üzvü olan əksər ölkələrin konstisusiyalarında qeyd olunduğu kimi dövlət dilindən yox, bütövlükdə Fransa Respublikasının dilindən gedir. Fransa konstitusiyası, faktiki olaraq, ərazisində yaşayan digər xalqların dillərinin, mədəniyyətlərinin, özünəməxsusluqlarının mövcudluğunu inkar edir və dinskriminasiya siyasətini konstitusiya norması kimi həyata keçirir.

Nümunə üçün qeyd edirəm: Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinin I bəndində qeyd olunur ki, “ Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Konstitusiyamızın 21-ci maddəsinin II bəndində isə bildirilir ki, “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”. Bu o deməkdir ki, Azərbaycan dövləti nəinki ölkə əhalisinin danışdığı dillərdən sərbəst istifadəyə imkan yaradır, hətta bu dillərin inkişafını təmin edir. Fərq göz qabağındadır və konstitusiya ilə başqa xalqların diskriminasiyasına hüquqi don geyindirməyə çalışan Fransanın Azərbaycan ərazilərini könüllü şəkildə tərk etmiş etnik ermənilərin “hüquqları” ilə bağlı ağlasığmaz iddialarla çıxış etməsi isə, simasızlığın ən son həddi hesab oluna bilər.

Xatırladım ki, Fransanın sonuncu konstitusiyası 1958, “Bütün növ diskriminasiyanın ləğvi haqqında” Konvensiya 1965, , “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt 1966, “Milli və ya etnik, din və dil azlıqlarının hüquqları haqqında” Bəyannamə 1992, “Yerli xalqların hüquqları haqqında” bəyannamə 2007, Avropa Şurasının “Milli azlıqların hüquqlarının qorunması haqqında” Çərçivə Sazişi isə 1995-ci ildə qəbul olunub. Mahiyyət etibarilə Fransa yuxarıda adları qeyd olunan bəyannamə, pakt və sazişlərə qoşulduqdan sonra öz qanunvericiliyini sözügedən sənədlərin tələblərinə uyğunlaşdırmalıydı, amma məlum olduğu kimi rəsmi Paris isə burnunu ona aid olmayan bütün məsələlərə soxmağa imkan tapdığı halda, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində heç bir addım atmayıb.

Məhz bu səbəbdən korsikalıların Fransanın mərkəzi hakimiyyətinə etimadı yoxdur və adada milli muxtariyyət hərəkatı geniş vüsət almaqdaddır. Korsikalıların mübarizəsini milli muxtariyyət tələbi ilə çıxış edən Lill, Savoy, Oksitaniya və Bretanda yaşayan xalqlar da yaxından izləyir və dəstəkləyirlər. Bu baxımdan Korsikanın əldə edəcəyi nəticə, Fransaya zorla ilhaq edilən xalqlar üçün də presidentə çevrilə bilər.

Neokolonializm, istismatçılııq isə dövrü başa çatır və əgər Fransua Mitteranın “XXI əsrdə Afrikasız Fransanın tarixi olmayacaq” deyimini bir daha xatırlamalı olsaq, o zaman, ən yaxşı halda Fransanın Afrikadakı qanlı tarixinin sona vardığını deyə bilərik. Fransızlar isə öz tarixlərini özləri, yəni müstəmləkələrdən qəsb etdikləri sərvətlər olmadan yazmaq məcburiyyətində qalacaqlar. Əgər bacarsalar…

Elçin Mirzəbəyli