“Avropanın Türkiyəyə ünvanlanmış bu tip referansları davam edəcək” Siyasət

“Avropanın Türkiyəyə ünvanlanmış bu tip referansları davam edəcək”

Vüqar Zifəroğlu: "Məqsədlərdən biri də Türkiyədən vasitəçi kimi istifadə etməkdir"

"Fransa Konstitusiya Məhkəməsinin "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv etməsi ilk növbədə baş verən proseslər fonunda Avropanın Türkiyəyə münasibətini dəyişdirmək məcburiyyətində qalmasından xəbər verir". Bu fikirləri "Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu deyib: "Diqqət edin. Bir tərəfdən daha çox daxili auditoriyaya hesablanmış siyasət izləyəcəyini, eləcə də Rusiya ilə münasibətləri daha isti məcraya salmağı düşünən Birləşmiş Ştatlar prezidenti Donald Trampın məlum açıqlamaları, bununla da faktiki olaraq Rusiya ilə qoca qitənin ziddiyyətli və kəskin münasibətərinin davam etdiyi zamanda bu iki tərəfin baş-başa qalması, digər tərəfdən də Avropa ilə münasibətləri son rdərəcə kəskinləşən Türkiyənin Rusiya ilə münasibətlərinin normallaşması, hətta bir çox prinsipial məqamlarda ortaq məxrəcə gəlmək cəhdlərinin edilməsi. Bütün bunlar təbii ki, Avropanı bəzi qərarlarından vaz keçmək məcburiyyətində buraxacaq. Gördüyünüz kimi, ilk addımlar da elə qoca qitəinin iki lider ölkəsindən gəldi: paytaxtında PKK-ya siyasi çadır qurmasına icazə verən və hətta onu polisi ilə mühafizə edən Almaniya 2 gün əvvəl, 2013-cü ildən bu terror təşkilatının Almaniyadakı fəaliyyətinə rəhbərlik edən liderlərini həbs edir. Bu həbsdən bir gün sonra, Fransa Konstitusiya Məhkəməsi "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv edir. Təbii ki, Avropanın Türkiyəyə ünvanlanmış bu tip referansları davam edəcək. Məqsəd, ən azından Ruriya ilə münasibətlərinin normallaşması üçün Türkiyədən bir vasitəçi kimi istifadə etməkdən tutmuş, Yaxın Şərq siyasətində daha aktiv və indilikdə qalib tərəf kimi görünən Əsəd-İran-Rusiya üçlüyünə qarşı müəyyən bir avantajlar əldə edə bilməyə qədər geniş spektri əhatə edir. Təbii ki. bütün bu məqamlarda Türkiyə, qoca qitə üçün yeganə, alternativsiz müttəfiqdir". Bəs, Türkiyə, bu atılan addımlarla kifayətlənərək, ondan gözlənilənləri edəcəkmi? Politoloq deyir ki, bu bir qədər mübahisəlidir: "Türkiyənin Avropadan gözləntiləri bəllidir. Terror məsələsində ikili yanaşmaya son qoyulması, Avropa Birliyinə üzvlük məsələsində obyektiv yanaşma, viza problemlərinin həlli, NATO ölkəsi olaraq Yaxın Şərq siyasətində dəstək. Hər halda indiki dönəmdə, Avropanın sadalanan məsələlərin haməsında və tam olaraq olmasa da, müəyyən qədər yumuşalmalara və güzəştlərə gedəcəyini düşünmək olar. Təbii ki, Türkiyənin Avropaya münasdibətdə qarşılıqlı olaraq hansı addımlar atacağı da indi çox maraqlıdır".