“BMT formatına üstünlük verməliyik” Siyasət

“BMT formatına üstünlük verməliyik”

Azər Rəşidoğlu: "Hə İsrail, nə başqa ölkənin danışıqlara cəlb edilməsini uyğun görmürəm"

İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib ki, Azərbaycan onlar üçün dost ölkədir: "Azərbaycan tolerant bir ölkədir. Azərbaycan tolerantlıq nümunəsidir. Azərbaycanda yaşayan yəhudilər hər zaman, hətta Holokost zamanı burada özlərini rahat hiss ediblər". Nazir bildirib ki, Azərbaycanla bugünkü münasibətlər ən yüksək səviyyədədir. Münasibətlər hər sahədə pozitiv dinamikada inkişaf edir: "Biz ikitərəfli münasibətləri müzakirə etdik. Əsas prioritetlər kənd təsərrüfatı və energetikadır". İsrailin Minsk qrupunda iştirakı məsələsinə dair sualı cavablandırarkən nazir bildirib: "İnanmıram ki, İsrailin Minsk qrupunda iştirakını kimsə bizə təklif edə. Amma təklif olsa, biz onu ciddi müzakirə edərik. Lakin bu təklifin hansı tərəfdən gəldiyini bilməliyik". Liberman "ermənipərəst Zeyev Elkinin sizin müavininiz olması faktı İsrailin xarici siyasətində Azərbaycan və Ermənistan arasında balansın göstəricisidirmi?" sualına cavab verərkən bildirib: "Hökumətdə və parlamentdə ümumi strateji xətt var və buna görə də heç kim özünün baxışları və simpatiyasından asılı olaraq bu xətti dəyişə bilməz. Əgər İsrail və Azərbaycan nümayəndələrinin görüşlərinin müntəzəmliyinə, bizim əməkdaşlığımızın səviyyəsinə və ticarət dövriyyəsinin həcminə nəzər yetirsəniz, onda hər şey sizə aydın olar".
Ümumiyyətlə İsrailin Minsk qrupunda təmsil olunması prosesin gedişinə təsir edə bilərmi?
Siyasi şərhçi Azər Rəşidoğlu bildirib ki, ATƏT Minsk qrupunun fəaliyyətini qənabəxş hesab etmir: "Bu qurum Qarabağ danışıqlarında vasitəçi olmaq haqqını itirib. Güman edirəm ki, BMT formatına üstünlük verməliyik və Minsk qrupundan imtina etməliyik. Odur ki, nə İsrail, nə başqa ölkənin danışıqlara cəlb edilməsini uyğun görmürəm".
Politoloq Fərhad Mehdiyev deyib ki, İsrailin Minsk Qrupunda təmsil olunması barəsində ortaya çıxan söhbətlər də bir daha onu göstərir ki, bu ölkə Azərbaycana Qarabağ məsələsində də yardım etmək fikrindədir: "Birincisi, İsrailin Minsk Qrupunda təmsil olunması mümkün deyil. Əgər İsrail tərəfi bu barədə fikirlər səsləndirirsə, demək ki, Qarabağ problemi üçün Azərbaycana kömək etmək istəyir. Lakin İsrailin bu qrupa qəbul ediləcəyini gözləmirəm. İsrail xarici işlər nazirinin Bakıya səfəri və söhbət əsnasında səsləndirilən fikirlər onu göstərdi ki, iki ölkə arasında bütün istiqamətlərdə, xüsusilə iqtisadi və siyasi sahələrdə əlaqələr yüksələn xətlə inkişaf etməkdədir".
Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı isə bildirib ki, ümumiyyətlə, Qarabağ probleminin həlli ilə bağlı vasitəçilik qismində müxtəlif vaxtlarda fərqli dövlətlərin adları gündəmə gətirilib: "Amma bu proses Minsk qrupunun özünün yox, həmsədrlərin nəzarətində gedir. Bir də ki, klassik məsələ var. Rusiya, ABŞ, Fransa problemi öz nəzarətlərindən kənara çıxmasına nə qədər müsbət baxacaqlar? İsrailin imkanlarını bu prizmada dəyərləndirəndə ölkənin özü böyük problem içindədir. Fələstin-İsrail qarşıdurması isə problemin böyük tərəfidir".
Politoloq İsrailin indiyə qədər böyük bir problemin həllində vasitəçilik təşəbbüs etməsi ilə bağlı ciddi nümunə olmadığını bildirir: "Amma digər tərəfdən İsrail dünyada çox güclü ölkədir. Böyük siyasi təsir imkanına malikdir və Azərbaycanla da münasibətləri normaldır. Ermənistan son dövrlər Azərbaycanın İsrail ilə silah müqavilələrinə görə də buna müsbət baxmayacaq. Amma problemin həllinə müsbət töhfə verə bilərsə, Azərbaycan bu vasitəçiliyə müsbət baxa bilər. Rusiyanın reaksiyasına gəldikdə isə o, buna müsbət baxmayacaq. Ona görə də mən hesab edirəm ki, bu, sadəcə, bir arzudur. Beynəlxalq münasibətlər sistemində real nəticə yarada biləcək təklif deyil".
Diaspor və Lobbi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Zaur Əliyev isə qeyd edir ki, İran vasitəçi kimi öz namizədliyini irəli sürürsə, İsrail də bunu irəli sürə bilər: "Çünki, bu məsələni həll etməkdə daha çox İsrailin haqqı var. İsrail İrandan fərqli olaraq müharibə başlayanda daim Azərbaycan tərəfində olan bir dövlətdir.
Bizim özümüzdə də belə bir fikir var ki, Minsk qurupu bu işi yetərincə görə bilmir. Hətta ATƏT - in özünün də vasitəçilik missiyası bu gün sual altındadır. Bir çox rəsmi səviyyədə də onların fəaliyyəti tənqid olunur".
Politoloq vurğulayıb ki, Qarabağ münaqişəsində vasitəçilik missiyasına Avropa Birliyi cəlb oluna bilər: "Amma Avropa Birliyi də bu məsələni ATƏT - in üzərinə atır. Vasitəçi tərəfin bu proseslərdə neytral olması vacibdir. Rusiya bu məsələdə neytral görünmür. Fransa konkret olaraq Ermənistanın tərəfini saxlayır. Amerika isə Azərbaycanı dəstəkləsə də, ABŞ-dakı erməni lobbisi proseslərə ciddi müdaxilə edir. Amerikada erməni lobbisi çox güclüdür. Ona görə də dövlət siyasətinə təsir edə bilir.
İsrailin vasitəçi olması, məncə, danışıqlar aparılacaq müddətdə aktual deyil. İnanmıram ki, Azərbaycanla ikitərəfli əməkdaşlığı olan Türkiyə də buna razılıq versin. Yəni proseslər Azərbaycan-Türkiyə münasibətlərinə də təsir edə bilər. Həmçinin İran-Azərbaycan münasibətlərinə ciddi təsir göstərə bilər. İsrail prosesə qoşulsa, İran daha açıq şəkildə Ermənistanı dəstəkləməyə başlayacaq. Bu da regiondakı qüvvələrin balansını tamamilə pozacaq".
Politoloq Minsk qrupunun indiki tərkibini dəyişib, neytral dövlətlər seçməyimizin vacib olduğunu bildirir: "Hesab edirəm ki, burada Almaniyanı, Böyük Britaniyanı düşünməliyik. Bunlar daha mühafizəkardırlar. ABŞ - dan fərqli olaraq onlar daha açıq mövqe bildirirlər. Daha neytral mövqedə dayanırlar".

Əli