“Əsas məqsəd Ermənistanı Qərbin forpostu kimi gücləndirməkdən ibarətdir” Siyasət

“Əsas məqsəd Ermənistanı Qərbin forpostu kimi gücləndirməkdən ibarətdir”

Elçin Mirzəbəyli: “Azərbaycan əleyhinə kampaniyalar eyni mərkəzdən idarə olunur”

“Avropa Parlamentinin Azərbaycana qarşı növbəti rəzil qərarı mənə qədim Roma parlamentarisi Siseronun məşhur deyimini xatırladır. Riyakar qərarlara etirazını bildirən Siseron “Heyf ki, kağız qızarmır” deyirdi və bildirirdi ki, əgər Roma parlamentarilərinin qəbul etdiyi qərarların yazıldığı kağız canlı olsaydı, onların əvəzinə utanıb-qızarardı.

Çirkli pullar müqabilində təsir agentlərinə çevrilən siyasətçilərin “meydan suladığı” Avropa Parlamenti öz nüfuzunu və mötəbərliliyini çoxdan itirib”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası sədrinin müavini, millət vəkili Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli “əgər belə olmasaydı, Avropa parlamentariləri ləyaqət hissləri kimi Əsas Hüquqlar haqqında Avropa Xartiyasının tələblərini unutmaz, Ermənistan tərəfindən öz evlərindən qovulmuş 300 min azərbaycanlının ləyaqətli geriyə qayıdışının təmin edilməsi ilə bağlı da qətnamə qəbul edərdilər”,- deyə vurğulayıb: “Qayıdış hüququ insan hüquqlarının Ümumdünya Bəyannaməsində və Vətənə qayıtmaq hüququnu təmin edən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış beynəlxalq hüququn əsas prinsiplərindən biridir.

Beynəlxalq hüququn bu prinsipi, eləcə də insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq normalar isə Ermənistanda konstitusiya səviyyəsində kobud şəkildə pozulub. Ermənistan Konstitusiyasının 11.3-cü maddəsi dolayısıyla və imperativ hüquqi formada yalnız erməni millətindən olan şəxslərə geriyə qayıdış hüququ verir. Bu, Ermənistanda konstitusion müstəvidə BMT Nizamnaməsinin, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyasının, həmçinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır. Nə Avropa Parlamenti, nə də digər Qərb təsisatları bu günədək Ermənistanın irqçi davranışlarına etiraz etməyiblər.

Azərbaycan əleyhinə kampaniyalara gəldikdə isə, bu prosesin eyni mərkəzdən idarə olunduğu göz qabağındadır”.

Millət vəkili hesab edir ki, əsas məqsəd, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar, irqçi Ermənistanı sivilizasiyaların qarşıdurması konsepsiyasına uyğun olaraq, Qərbin - onların baxış bucağına görə “xristian sivilizasiyası”nın - forpostu kimi gücləndirməkdən, daim münaqişə yaratmaq, təxribat törətmək potensialına malik olmasını təmin etməkdən ibarətdir: “Başqa bir amil, Ermənistanın istədiyi, eləcə də gələcəkdə xarici müdaxilə, təzyiqlər üçün imkan yarada biləcək yarımçıq bir sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bu həm də xarici siyasətdə rüsvayçı məğlubiyyətlərə imza atan demokratların seçki kampaniyasında “uğur” kimi təqdim edə biləcəkləri təbliğat elementi kimi də onlara lazımdır. Başqa bir amil isə, şübhəsiz ki, Azərbaycanın COP29-un təşkilindən əldə edəcəyi yüksək dividendlərin üzərinə öncədən kölgə salmaq istəyi ilə bağlıdır. Lakin Azərbaycana qarşı yürüdülən bu qərəzli, riyakar siyasəti körükləyənlər unudurlar ki, ölkəmizin milli maraqlara söykənən siyasətinin təməlində Azərbaycan xalqının vahid milli iradəsi və bu iradəni ifadə edən prinsipial mövqe dayanır”.