Pakistan mediası 31 mart – Azərbaycanlıların Soyqırımından yazdı Siyasət

Pakistan mediası 31 mart – Azərbaycanlıların Soyqırımından yazdı

Pakistanın "Election Times" qəzetində, "Pakistan in the World" jurnalında və eyni zamanda, internet səhifələrində "31 mart – Azərbaycanlıların Soyqırımı Günü" sərlövhəli məqalə dərc edilib.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə müstəqilliyini yenidən qazanmasından sonra, Azərbaycan xalqının başına gətirilən zülmlərin və uzun illər gizli saxlanılan tarixi həqiqətlərin aydınlaşdırılmasının mümkün olduğu, bunlardan birinin də 31 mart 1918-ci il tarixində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı olduğu vurğulanır.
Yazıda Azərbaycan tarixinin faciəli zamanlarına səyahət edilərək, Gülüstan və Türkmənçay müqavilələrindən dərhal sonra rus çarının siyasətinə uyğun olaraq, İran və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına – İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının ərazisinə ermənilərin kütləvi şəkildə köçürüldüyü bildirilir.
Oxucuların nəzərinə çatdırılır ki, 1918-ci ildən başlayaraq erməni millətçiləri bolşeviklərlə birgə Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində günahsız insanları kütləvi şəkildə qəddarcasına öldürmüşlər. Onlar bu soyqırım siyasətini sonrakı illərdə də hər fürsətdə davam etdirmiş, 1947-ci ildə on minlərlə azərbaycanlının öz ata-baba torpaqlarından Azərbaycanın müxtəlif bölgələrinə köçürülməsinə nail olmuşlar.
1988-ci ildə başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk mərhələsində ermənilərin ekstremist ideologiyasının həyata keçirilməsi nəticəsində azərbaycanlıların doğma torpaqlarından deportasiya edilməsinə düzgün siyasi qiymət vermək mümkün olmamış, Dağlıq Qarabağ ermənilər tərəfindən işğal edilmiş, işğal edilmiş torpaqlarda yaşayan 1 milyondan çox azərbaycanlı istilaçılar tərəfindən öz torpaqlarından didərgin salınmışdır.
Məqalənin Dağlıq Qarabağ münaqişəsinin ən faciəli səhifəsi olan Xocalı soyqırımından bəhs edilən hissəsində, mülki əhaliyə qarşı edilən barbarlıq, insanların xüsusi amansızlıqla qətlə yetirilməsi haqqında məlumat verilir.
Yekunda Azərbaycan Demokratik Respublikasının varisi olaraq 18 oktyabr 1991-ci ildə müstəqillik qazanan Azərbaycanın, öz tarixinin bu faciəvi hadisəsinə və xalqına qarşı aparılmış soyqırımı siyasətinə müvafiq hüquqi qiymət verməyi özünün tarixi vəzifəsi hesab etdiyi də vurğulanır.