“Şuşanın işğalından 25 il ötsə də...” Siyasət

“Şuşanın işğalından 25 il ötsə də...”

Aydın Mirzəzadə: "Böyük dövlətlərin Azərbaycana qarşı ikili standartlarla yanaşdığı faktını görürük"

Bayram Səfərov: "Erməni havadarları bizim öz torpağımıza qayıtmağımıza əngəl törədib"

Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının 25 ili tamam oldu. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
Deputat Aydın Mirzəzadə deyib ki, Şuşanın işğalından 25 il ötsə də hələ də böyük dövlətlərin Azərbaycana qarşı ikili standartlarla yanaşdığı faktını görürük: "Şuşa bu gün də Ermənistanın işğalı altındadır. Hətta işğalçı ölkənin prezidenti bunu qeyd etmək üçün həyasızcasına işğal altında olan torpaqlarımıza qeyri-qanunu səfər edir".
O, bildirib ki, əgər bunu başqa bir ölkə etsəydi, o zaman həmin ölkəyə qarşı sanksiya, izolyasiya və ya digər ciddi tədbirlər görülərdi: "Amma nədənsə Ermənistanın nazı ilə oynanılır. Buradan belə məlum olur ki, Ermənistana hər şey olar. Çox təəssüf ki, düşmən ölkə heç bir beynəlxalq təşkilatdan sanksiya almır, Ermənistan prezidentini qəbul edirlər. Dağlıq Qarabağ məsələsində Azərbaycanla Ermənistan tərəzinin eyni gözünə qoyulur".
"Bəlkə də bununla bəzi ermənipərəst qüvvələr Azərbaycan cəmiyyətinə Dağlıq Qarabağ məsələsini unutdurmağa çalışır. Hesab edir ki, vaxtilə əlimizdən alınan Qərbi Azərbaycan, İrəvan, Zəngəzur, Göyçə kimi Dağlıq Qarabağdan da əlimizİ üzəcəyik. Amma belə deyil. Əksinə hər bir azərbaycanlı hər gün Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi üçün dövlətin səylərini dəstəkləyir və Azərbaycan heç zaman torpaq itkisi ilə barışmayacaq"- deyə, A. Mirzəzadə əlavə edib.
"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə Azərbaycan xalqının 25 ildir ki, bu işğala və zülmə dözdüyünü bildirib: "Gec-tez işğal altındakı torpaqlar azad olunacaq. Biz hər gün Şuşaya qayıtmaq istəyirik. Bütün dünya birliyi və erməni havadarları bizim öz torpağımıza qayıtmağımıza əngəl törədib. Buna baxmayaraq, Azərbaycan xalqı, Azərbaycan əsgəri və Ali Baş Komandanımızın birliyi və iradəsi bizi işğal altındakı torpaqlarımıza aparacaq".

Əli