“Terror təşkilatlarının işğal olunmuş Azərbaycan ərazilərində təlim düşərgələri var” Siyasət

“Terror təşkilatlarının işğal olunmuş Azərbaycan ərazilərində təlim düşərgələri var”

Elman Məmmədov: "Bu dəstələr Xocalı soyqırımı, Qaradağlı faciəsi kimi qırğınlarda iştirak ediblər"

"Terrorçuların Qarabağa yerləşdirilməsi təkcə bir ilin işi deyil. Erməni terror təşkilatı olan ASALA ilə PKK arasında razılaşma mövcuddur. Onların əsas hədəfləri türklərdir". Bu fikirləri Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Elman Məmmədov bildirib. O əlavə edib ki, bu iki təşkilatın mövqeyi üst-üstə düşür: "Razılaşmaya əsasən ASALA və PKK türklərə qarşı birgə döyüşür. Uzun illərdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində PKK-nın düşərgələri salınıb. Türkiyədən qaçan terrorçuların böyük hissəsi Ermənistan tərəfindən Qarabağda yerləşdirilib. Terrorçular orada sərbəst yaşayırlar və lazım olanda ermənilərlə birlikdə Azərbaycan qarşı döyüşə gedə bilərlər. Ermənistanın Qarabağda terrorçulardan ibarət dəstələr formalaşdırması çox təhlükəli məsələdir. Ermənilərin PKK-çıların dərk etmədiyi gizli fikirləri mövcuddur. Çünki, elə bir vəziyyət olar ki, ermənilər özləri geri çəkilər, PKK terrorçuları Azərbaycan ordusu ilə üz-üzə qala bilər. Bu çox arzuolunmaz bir haldır. Hətta hesab edirəm ki, PKK üzvləri ermənilərin fitvası ilə Azərbaycanda terror aktları törədə bilərlər. Amma bu məsələdə Azərbaycanın müvafiq qurumları həddən artıq diqqətlidir". E.Məmmədov vurğulayıb ki, Qarabağda təkcə, PKK yox, digər terror təşkilatlarına bağlı olan terrorçular da yerləşdirilir: "Ermənilərin bu hərəkətlərinə qarşı heç bir tədbir görə bilmirik. Terrorçu terrorçu ilə dost olur. Ona görə də PKK-dan başqa digər terror təşkilatlarının üzvləri də Qarabağda yerləşdirilir. Uzun illərdir bu proses gedir. Terror təşkilatlarının işğal olunmuş Azərbaycan ərazilərində təlim düşərgələri var. Hələ 1990-1991-ci illərdə Suriyada, Livanda, Latın Amerikası və Avropa ölkələrində yaradılan erməni terror təşkilatlarının muzdluları Dağlıq Qarabağa gətirilmişdi. Bu dəstələr Xocalı soyqırımı, Qaradağlı faciəsi kimi qırğınlarda iştirak ediblər". Millət vəkili qeyd edib ki, bu halların qarşısını almaq üçün terrorizmə qarşı mübarizədə beynəlxalq qurum mövcud olmalıdır: "Beynəlxalq terrora qarşı böyük güclər mübarizə aparmalıdır. Azərbaycanın işğal altında olan ərazilərinə nəzarət etmək imkanı yoxdur. Ona görə də Ermənistan rəhbərliyi dünyanın müxtəlif yerlərindən gələn terrorçuları Dağlıq Qarabağda yerləşdirilir və ermənilər öz çirkin niyyətləri üçün onlardan istifadə edirlər".