Zamanı qabaqlayan lider – Əbülfəz Elçibəy Siyasət

Zamanı qabaqlayan lider – Əbülfəz Elçibəy

Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının liderli, eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür. Yaşasaydı 79 yaşı qeyd ediləcəkdi. Amma Elçibəysiz də onu sevənlər, qiymətləndirənlər hər il onun doğum gününü qeyd edir, Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Məzarı önünə gül-çiçək dəstələri düzülür, ruhuna dualar oxunur, cəbhədaşları xatirələr söyləyir, Elçibəysiz gündə Elçibəy dönəmini yad edirlər...
Elçibəyin siyasi portreti haqqında müsbətli-mənfili müxtəlif fikirlər səslənsə də, istər tərəfdarları, istərsə də opponentləri tərəfindən o, Azərbaycan sevdalısı və Millət fədaisi kimi qəbul olunub.
Qısa xatırlama: Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 24 İyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tülunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaqda ittiham olunaraq həbs edilib və 3 il müddətinə azadlıqdan məhrum olunub. Amma 17 İyul 1976-cı ildə həbsdən buraxılıb. 1976-cı ilin dekabrından 1992-ci ildə prezident seçilənədək indiki AMEA-nın Əlyazmalar İnstitutunda işləyib.

Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını geniş şəkildə yaymaqla məşğul olub. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilmədi. Təsadüfi deyil ki, 1988-ci ildə Azərbaycan xalq hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (16 iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub.

7 İyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.
Elçibəyin prezidentliyə seçildiyi dövrdə dövlətimizin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi.
Keçmiş sovet respublikaları arasında birinci olaraq rus ordusunun Azərbaycandan çıxarılmasının başa çatdırılması ölkəmizin tarixi nailiyyəti idi. Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Dövlət üçün zəruri olan gömrük sisteminin yaradılması Azərbaycanın təbii ehtiyatlarının xaricə qanunsuz və maneəsiz daşınmasının qarşısını xeyli dərəcədə aldı.
1992-ci ildə maliyyə baxımından tamamilə taqətdən salınmış bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı, ali məktəblərə qəbul postsovet məkanında ilk dəfə Azərbaycanda test üsulu ilə həyata keçirildi.
1993-cü ilin iyun ayında Azərbaycanın xarici və daxili düşmənləri tərəfindən Gəncədə hərbi qiyam təşkil edildi. Əbülfəz Elçibəy ölkəni vətəndaş müharibəsindən qurtarmaq üçün Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi, iyunun 17-dən 18-nə keçən gecə isə Bakını tərk edərək doğulduğu Kələki kəndinə getdi və 4 il 4 ay 13 gün orada yaşadı.
1997-ci il oktyabrın 30-da Bakıya dönən Əbülfəz Elçibəy Bütöv Azərbaycan Birliyini yaratdı və Türk Xalqları Assambleyasının fəxri sədri seçildi. O, Məhəmməd Əmin Rəsulzadə yolunu yaradıcılıqla davam etdirərək, müsavatçılıq ideyalarını Bütöv Azərbaycan düşüncəsi ilə zənginləşdirdi, "Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!" şüarını irəli sürdü.
Əbülfəz Elçibəy 22 Avqust 2000-ci ildə qardaş Türkiyənin Ankara şəhərində vəfat edib.
Bu gün sözdə Elçibəy ideyalarını davam etdirənləri sayı çoxdur, hətta Elçibəy ideyası altında ona xəyanət edənlər də tarixdədirlər. Amma sözün həqiqi mənasında Azərbaycanın, millətin və xalqın bütövləşməsi uğrunda mübarizə aparan Elçibəy cəbhədaşları, Elçibəy məktəbinin məzunları da az deyil, onun ideyasını bu gün də qorxmadan, çəkinmədən həyata keçirən, böyük nüfuz sahibi təşkilat var - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP).
Partiyanın bir neçə rəsmisi ilə Elçibəyi qəzet səhifəsində yad etdik.

Yaşar Kələntərli (BAXCP-nin baş katibi):
- Əbülfəz Elçibəyin mübarizliyi, fədakarlığı bizim gənclik illərimizə təsadüf edib. Elçibəy yadlaşlarda 20-ci əsrin sonlarında müstəqil Azərbaycan dövlətinin formalaşmasının ideoloji strategiyasını hazırlayan və onu həyata keçirən bir tarixi şəxsiyyət kimi qalıb. Hələ o zamanlarda Elçibəy deyirdi ki, Azərbaycan müstəqil dövlət olacaq. Buna inanmayanlar da vardı, şübhə ilə yanaşanlar da vardı. Hətta parlamentdə Azərbaycanın müstəqillik aktı qəbul ediləndə ona səs verməyənlər də oldu. Bu günün özündə də parlamentdə bəzi millət vəkilləri iddia edirlər ki, Azərbaycanda xalq hərəkatı olmayıb, baş verənlər qonşu dövlətlərin planları olub və s. Amma bunların heç birinin əsası yoxdur. Tarix göstərdi ki, Azərbaycan tez bir zamanda müstəqilliyini əldə edə bildi. Bu müstəqilliyi qazanmaqda Elçibəy və onun məktəbinin məzunlarının əməyi var. Az da olsa bu proseslərin iştirakçısı olmuşuq. Elçibəy türk millətçilyinin bütövləşməsinə, Azərbaycanın müstəqillyinin, onun bütövləşməsi uğrunda mübarizə aparan şəxsiyyət olub. O, həmişə deyirdi ki, vaxt gələcək Azərbaycan bütövləşəcək. Bu gün həmin proqnozun reallaşmasının şahidi oluruq. Bu gün Güneydə gedən proseslər ildən-ilə Azərbaycanın bütövləşməsinə aparır. Elçibəy Azərbaycanın, bütün türk dünyasının mübarizliyinə gəncləri cəlb etmişdi, gənclərin vətənpərvərlik ruhunda böyüməsini, millətini, dövlətini sevməsini istəyib və fəaliyyətini buna istiqamətləndirmişdi. Bu gün müxtəlif partiyalar var, həmin partiyaların rəhbərliklərində təmsil olunanların əksəriyyəti Elçibəy məktəbinin məzunlarıdır. Bizim partiya da adından göründüyü kimi Azərbaycanın bütövləşməsi, millətləşmə və dövlətləşmə ideologiyasına xudmət edir. Bu ideologiya Elçibəydən bizə ötürülüb. Gücümüz çatana qədər bu istiqamətdə fəaliyyət göstəririk. Hər il onun ölüm və doğum gününü məzarını ziyarət etməklə yad edirik. Biz Fəxri Xiyabana gedəndə Elçibəyin məzarını təkcə Azərbaycandan deyil, dünyanın müxtəlif yerlərindən gəlib ziyarət edənləri görürük. Bu onun böyüklüyündən və varlığından xəbər verir. Elçibəy bütün dünya türklərinin liderlərindən idi. Onun ideyaları yaşayır və yaşayacaq.



Vaqif Abışov (BAXCP Ali Məclisinin sədri):
- Azərbaycanın milli azadlıq hərəkatında, bütöv azərbaycançılıq yolu uğrunda 20-ci əsrin 60-70-ci illərində mübarizənin bir qolunu da Əbülfəz Elçibəylə başlayıb. Yəni tarixi vərəqləyəndə 70-ci ildən 88-ci ilə qədər milli azadlıq hərəkatı başlayan dövrü təhlil edəndə görürsən ki, Elçibəy tarixi hadisələri qabaqlayan ideyaya malik şəxsiyyətlərdən biri olub. Bunu mən demirəm, tarix deyir. Azərbaycanın orta məktəb tarixi kitabında, ali məktəb dərsliklərində, elmi tədqiqatlarında qeyd olunub ki, həqiqətən də nəinki 70-ci illərdə, Azərbaycan 1920-ci ildə işğal ediləndən sonra daim özünün müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb. Bu mübarizə zəncirvari şəkildə həyata keçirilib. 30-cu, 40-ci, 50-ci...illərdə və nəhayət 70-ci illərdə bu estafet Elçibəyə ötürülüb. 70-ci illərdə mübarizə aparmaq çox qorxulu idi. Sovet rejimində antisovet təbliğatı aparmaq üçün mübarizlik, cəsarət tələb olunurdu. Bu xüsusiyytələr Elçibəydəydi. DTK onu millətciliyi təbliğ etdiyinə, sovet dövründə antisovet təbliğatı apardığına görə ittiham etdi. Lakin Elçibəyi sındıra bilməmişdilər. 88-ci il hadisələrinə qədər Elçibəyi tanımamışdım, ancaq tarixdən tanımışdım. Elçibəyin həyat və yaradıcılığına kölkə salmaq istəyənlər gedib tarixi vərəqləsinlər və görsünlər ki, hələ o, universitetdə oxuyarkən, Əlyazmalar İnstitutunda çalışarkən hansı mübarizələrdən çıxıb. 88-ci ildə bu mübarizəni davam etdirmək üçün daha münbit bir şərait yarandı və o zaman Elçibəy yenidən üzə çıxdı. O, birdən-birə üzə çıxmadı, onun mübarizlik təcrübəsinin bünövrəsi hələ 70-ci ildən qoyulmuşdu. Bu mübarizlik, təcrübə, liderlik xüsusiyyətləri xalqı tez bir zamanda Elçibəyin ətrafında birləşməsinə şərait yaratdı. Rəsulzadə, Xanxoyski, Yusifbəyli kimi tarixi şəxsiyyətləri tarixdən silə bilməyiblər. Nə qədər tabliğat aparsalar belə, Elçibəy də həmin sıradadır. Elçibəy irsini araşdırmaq üçün bundan sonra da tarixə baş vurulacaq,
88-ci illər çox ağır dönəm idi. Bir yandan Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən daxili çəkişmə və ziddiyyətlər, o biri tərəfdən Rusiya basqısı.. O zaman xalqı arxasıyca apara biləcək liderə ehtiyac vardı – o da Elçibəy idi. Milli azadlıq hərəkatənın iştirakcısı olaraq dünyadan köçənə qədər onun yanında oldum. Elçibəy paxıl və qısqanc lider deyildi. Azərbaycanda çoxpartiyalılıq sistemin bünövrəsini də o qoydu. AXC şinelindən çıxaraq nə qədər partiya yaradıldı...
Elcibəy ziyalılara üstünlük verirdi. Deyirdi ki, xalqın önündə onun ziyalısı getməlidir.
Bütöv Azərbaycan uğrunda mübarizə aparırdı. Azərbaycanın bütövləşməsini, güclənməsini istəyirdi. Onun zamanında Bütöv Azırbaycan ideyası vardısa, bu gün Dünya Azərbaycanlıları Konqresi fəaliyyətdədir. Bütöv Azərbaycan ideyasının ilkin əlifbasını qoydu. Zamanı qabaqlayan bir lider idi. Elçibəy məktəbini araşdırmaq üçün on illər lazımdır.

Yeganə Mehdixanlı (BAXCP MNTK sədri):
-Bu gün türk dünyasında Elçibəy liderliyinə xas olan ikinci şəxs yoxdur. Bu gün Azərbaycan cəmiyyətində, bütün sahələrdə deqradasiya var. Elçibəy zamanında cəmiyyət çox maraqlı idi, mübarizlik ruhu vardı insanlarda, ümid var idi. Elçibəy zamanında müxtəlif dərnəklər, təşkilatlar yaranmışdı, hər birində də təbii ki, fikir ayrılıqları mövcud idi. Elçibəy onların heç birinə təzyiq göstərmirdi, insanları layiq olduqları yerlərdə yerləşdirirdi. Elçibəy hər bir insanın fikrinə, düşüncəsinə hörmətlə yanaışırdı, dəyər verirdi. Elçibəy heç kimdən, heç nədən qorxmurdu, mübariz idi, tutduğu yoldan dönmürdü. Elçibəy xalqı arxasınca apara bilən şəxsiyyət idi. Elçibəy insanlarda mübarizlik hissini oyada biləcək, onlara ruh verəcək bir lider idi. Bu günün özündə də xalqımızın, millətimizin Elçibəyə, onun ideyasının davamçılarına böyük ehtiyacı var. Elçibəy dönəmində Azərbaycanın siyasi səhnəsində bir demokratiya, açıqlıq vardı. Hamı öz fikrini, düşüncəsinə maneə, təzyiq olmadan ifadə edə bilirdi. Bu gün BAXCP-də də belə bir mühit mövcuddur. Fəxr edirəm ki, belə bir partiyada təmsil olunuram və partiyamısızn lideri, millət vəkili Qüdrət Həsənquliyev digər millət vəkillərindən və partiya sədrlərindən fərqli olaraq düşüncəsini, fikrini çəkinmədən ictimailəşdirə bilir. Qüdrət Həsənquliyev Azərbaycan xalqına, millətinə, cəmiyyətinə və dövlətçiliyin qorunmasına xidmət edən fikirləri açıq şəkildə söyləyən liderdi. Bu da Elçibəy məktəbindən bizə qalan xüsusiyyətdir, demokratik ənənədir. O vaxtı necə, indi də partiyamızın bütün toplantılarında bu demokratiklik qorunub saxlanılır.