

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Cənubi Qafqazda hadisələrin inkişafına təsirsiz ötüşməyəcək Ermənistana səfəri Moskvanın İrəvanda itirilən mövqelərini bərpa etməyin mümkünlüyünü qiymətləndirmək məqsədi daşıyırdı və səfərə Moskva-İrəvan xəttində baş verən hadisədən daha çox, geosiyasi müstəvidəki proseslər kontekstində baxa bilərik.
2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra beynəlxalq təcridlə üzləşən Moskvanın post-sovet məkanında təsir imkanları müzakirə mövzusuna çevrildi və mərkəzdənqaçma addımları ən çox İrəvan tərəfindən sərgilənirdi. Bu, təkcə Paşinyan hakimiyyətinin qərbmeyilli siyasi xəttin daşıyıcısı olmasından irəli gəlmir, həm də Qərb-Rusiya mübarizəsinin Cənubi Qafqaz cəbhəsində platforma rolunun Gürcüstandan Ermənistana keçməsi – Gürcüstanda itirilən mövqelərin burada kompensasiya edilməsi prosesinin tərkib hissəsi idi. Müharibənin davam etdiyi müddətdə Ermənistan hakimiyyəti Rusiyanın mövqelərini kifayət qədər zəiflədə bildi, hərçənd, təsir rıçaqlarını hələ tam itirməyən, xüsusilə iqtisadi müstəvidə, Moskvanın İrəvana “səbr etməsi”nin iki mümkün səbəbi görünürdü:
- Paşinyan hakimiyyətinin anti-Rusiya siyasətinə əsas verməmək və erməni ictimai rəyindəki “xilaskarlıq” imicini qoruyub saxlamaq: Moskva Cənubi Qafqazda “ikinci cəbhənin” açılması risklərini də dəyərləndirirdi;
- Sanksiyalarla mübarizədə Ermənistanın “tranzit rolu”ndan maksimum yararlanmaq: son üç ildə Rusiya-Ermənistan ticarət dövriyyəsinin 2,6 milyarddan 16 milyarda çatması hər iki tərəfin qazanclı çıxdığını göstərir;
ABŞ və Rusiya arasında Ukrayna məsələsində danışıqlar başlanması və ümumilikdə geosiyasi müstəvidə razılaşma perspektivlərinin ön çıxması fonunda Moskvanın diqqətini yenidən post-sovet məkanına yönəldəcəyi gözləntisi vardı. Lavrovun İrəvana səfəri Rusiyanın prosesə ən çox “qan itirdiyi” Ermənistandan başladığı deməkdir: hədəf mövqelərini qorumaq, xüsusilə 102-ci hərbi bazanın gələcəyini təmin etmək, rəsmi İrəvanın anti-Rusiya və Avropameylli siyasətini ən azı səngitməkdir. Lavrovun İrəvandakı bəyanatları da Avropaya ümid etməyin Ermənistan üçün mənfi nəticələrini izah etməyə köklənmişdi. Bu kontekstdə iki bəyanatı xüsusilə əhəmiyyətli idi.
1. Regionun problemləri regional müstəvidə həll edilməlidir;
2. Qərb Cənubi Qafqazın Rusiya, Türkiyə və İranla birləşməsinin qarşısını almağa çalışır;
Bu, Ermənistanda Rusiyanın boşalan yerini ələ keçirmək ssenarisini dəyərləndirən region ölkələrinə “təhlükənin Qərbdə gəldiyi” mesajının çatdırılması və İrəvana regional müstəvidə təklənə biləcəyini izah etməyə hesablanmışdı. Paşinyan və Mirzoyanın ritorikasındakı Rusiyayönümlü dəyişiklik isə İrəvanın təkcə xəbərdarlıq mesajını gətirən Lavrovun “problemsiz yola salınması”ndan yox, həm də mövcud reallıqlar fonunda – Trampın gəlişindən sonra Qərbdən aldıqları dəstəyin bölünməsi və ABŞ-la təmas quran Rusiyanın regiona qayıtması - Moskva ilə qarşıdurma kursuna korrektlərin edilməsindən qaynaqlanır. Və hadisələrin inkişafında mümkündür ki:
- İrəvan Brüsselə yaxınlaşmada müəyyən qədər geri çəkilməklə Moskvaya loyallaşma xəttini davam etdirəcək;
- Moskva da bir tərəfdən Paşinyan hakimiyyətinin önündə maneələr yaratmaqla özündən asılılığını artırmağa, digər tərəfdən, rəsmi İrəvana müəyyən jestlər edəcək: Lavrovun Rusiyanın əvvəlki dövrlər verdiyi dəstəyi xüsusi olaraq vurğulaması və bundan sonra da “dəstəyə hazır olduqları”nı deməsi bu məqsədlə vədlərin verilməsi idi;
Burada ən vacib məqam Moskva-İrəvan xəttindəki mümkün loyallaşma perspektivlərinin Bakı-İrəvan xəttindəki proseslərə təsiridir. Bu kontekstdə Lavrovun İrəvanda səsləndirdiyi “Rusiya Ermənistanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün hər cür yardım etməyə hazırdır” bəyanatı suallar doğurur. Çünki İrəvan 2022-ci ilin sentyabrında sərhəddə baş verən döyüşlərdən sonra KTMT və Rusiyanı Azərbaycan qarşısında Ermənistanı müdafiə etməməkdə ittiham edərək, Moskvadan sürətli uzaqlaşma xəttini tutdu. Bu döyüşlərin nəticəsində Azərbaycan ordusunun sərhəddə strateji yüksəklikləri nəzarəti bərpa etməsini Ermənistan “ərazi bütövlüyünün pozulması” iddiası ilə şərh edir. Bu baxımdan, Lavrovun “ərazi bütövlünün təmin edilməsinə dəstək” sözləri Azərbaycana qarşı Ermənistanı dəstəkləmək vədi kimi görünür. Hərçənd, bunun praktiki müstəvidə necə baş verəcəyi sual altındadır, çünki Bakıya qarşı İrəvanın maraqları kontekstində addımların atılması Moskvanın regiondakı mövqelərinə müsbət perspektiv vəd etmir.
Rusiyanın “Ermənistanın ərazi bütövlüyünü təmin etməkdə” iki təkliflə çıxış edəcəyi istisna edilməməlidir:
Birincisi, Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası prosesində vasitəçi-koordinator kimi iştirak etmək: Rusiya bununla həm bölgədə klassik rıçaqlarını bərpa etmək, həm də “Ermənistana dəstək” göstərmək istəyir. Ki, buna nə İrəvan, nə Bakı razı deyil, çünki Rusiyanın iştirakı regionda maraqlı olan digər oyunçuların da iştirak istəklərini aktuallaşdırır.
İkincisi, İrəvana “ərazi bütövlüyü və təhlükəsizliyini təmin etmək üçün” Azərbaycan-Ermənistan sərhədində KTMT müşahidə missiyasını yerləşdirməyi təklif edə bilər: Ki, Brüssel-İrəvan münasibətləri fonunda Ermənistan bunu qəbul etməyəcək;
Bu təkliflərdən imtina İrəvanın “Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmir” arqumentini zəiflədə bilər. Moskvanın minimum qazancı bu olacaq.
Bu halda sərhəddə baş verə biləcək toqquşma ssenarisi Moskva ilə məcburi loyallaşma xəttini izləyəcək İrəvanın Rusiya qarşısında “əlini gücləndirmək”, Brüssellə əməkdaşlığa əsas qazandırmaq və Aİ müşahidəçilərinin “xilaskar” qismində təqdim etmək baxımından Ermənistana sərfəli görünür.
Asif Nərimanlı