

“Mən ilk dəfə bura 2021-ci il iyunun 21-də səfər etmişdim. Hazırda isə bu əraziləri tanımaq mümkün deyil”.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç Ağdama səfəri zamanı deyib.
O vurğulayıb ki, görülən işlər Azərbaycan dövlətinin səylərinin nəticəsidir:
“Elə indicə həmkarlarıma çəkdiyim fotoşəkilləri göstərirdim. Mən ilk dəfə bura 2021-ci il iyunun 21-də səfər etmişdim. Hazırda isə bu əraziləri tanımaq mümkün deyil. Həmin vaxt ətrafda dağıntılar var idi, indi isə görürük ki, Azərbaycan hökuməti tərəfindən burada çox mühüm tikinti işləri həyata keçirilib. Bütün bunlar çox xoşdur. Bu, əlbəttə, sizin hökumətinizin və dövlətin göstərdiyi səylərin nəticəsidir”.
Diplomat ölkəmizin Böyük qayıdış proqramını uğurla başa çatdıracağına əminliyini ifadə edib:
“Mən inanıram ki, Böyük qayıdış proqramı böyük uğurla həyata keçirilir. Əminəm ki, ölkəniz yekun nəticədə sakinlərin hamısının öz evlərinə qayıdışı prosesini uğurla tamamlayacaq”.