

Dövlət qurumlarında süni intellektin tətbiqi üçün hazırlıq işləri aparılır.
"APA-Economics" bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) istinadən xəbər verir.
Qeyd edilib ki, Rəqəmsallaşma üzrə Yol Xəritələri çərçivəsində dövlət qurumlarında süni intellekt texnologiyalarının tətbiqi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə sistemli hazırlıq işləri həyata keçirir. Bu çərçivədə Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi (TƏBİB) və Dövlət İmtahan Mərkəzinin əməkdaşları üçün “Süni İntellekt” təlim proqramı təşkil olunub.
Onlayn və əyani formatda keçirilən təlimlər çərçivəsində iştirakçılar süni intellekt sahəsində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə ediblər. Təlim iştirakçılarına süni intellekt həllərinin hazırlanması və real dünyada tətbiqi barədə geniş məlumat verilib.
İRİA-nın Data idarəolunması departamentinin müdiri Kamran Ağayevin iştirak etdiyi təlim prosesində dövlət qurumlarının nümayəndələri ilə süni intellektin tətbiqi üzrə növbəti pilot layihələrin icrası barədə müzakirələr aparıb. Məlumatların keyfiyyəti, etik məsələlər və dövlət idarəçiliyində süni intellektin inteqrasiyası üçün lazımi texniki və institusional infrastruktur məsələləri diqqət mərkəzində olub. Dövlət qurumları ilə növbəti mərhələdə həyata keçiriləcək süni intellekt əsaslı analitik sistemlər, qərar dəstək mexanizmləri və avtomatlaşdırılmış xidmət modelləri üzrə əməkdaşlıq planı da formalaşdırılıb.
Bu təşəbbüsün məqsədi dövlət qurumlarında süni intellekt layihələrinin planlaşdırılması və icrası üçün zəruri bilik və bacarıqların formalaşdırılmasını təmin etməkdir.