

Dərnəgül tikinti materialları bazarının şəhərin kənarına köçürülməsi qərarı bir sıra məsələləri gündəmə gətirib. Bu fonda Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) çağırışı xüsusilə diqqət çəkib. Bildirilib ki, oxşar addım digər obyektlər üçün tətbiq edilə bilər.
Sitat: “Hökuməti o cümlədən cəzaçəkmə müəssisələrinin, Heydər Əliyev adına Neft Emalı Zavodunun özəlləşdirilməklə, həmçinin “Baku Steel Company” QSC-nin şəhərin kənarına köçürülməsi, Sədərək bazarının yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə yenidən tikilməsi barədə də qərarlar qəbul etməyə çağırırıq”.
Qeyd olunan iri müəssisələr və bazarlar şəhərdən kənara köçürülsə, minlərlə insanın iş yeri və dolanışığı necə təmin edilməlidir? Köçürülmə prosesi hansı formada aparılmalıdır?
Globalinfo.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, millət vəkili Elçin Mirzəbəyli deyib ki, ƏHD Partiyası yarandığı gündən dövlətin iqtisadi proseslərdə yalnız yumşaq tənzimləyici funksiyasının önə çəkilməsinin, belə proseslərə müdaxilə etməməsinin tərəfdarı olub:
“Dövlət mülkiyyətində olan iri müəssisələrin özəlləşdirilməsi büdcəmizdə külli miqdarda vəsaitlərə qənaə edilməsinə gətirib çıxara bilər. Hazırda iqtisadiyyatımızın əsas vəzifələrindən biri, özəl sektorun inkişafına və xərclərin optimallaşdırılmasına nail olmaqdır. Bu məqam xüsusi dövlət proqramlarında yer alır. Xərclərin optimallaşdırılmasının əsas yolu isə dövlət mülkiyyətində olan iri müəssisə və xidmət sahələrinin özəlləşdirilməsindən keçir. Büdcəni əlavə yüklərdən azad etməyin yolu struktur dəyişiklikləri ilə yanaşı, həm də dövlətin iqtisadi münasibətlər sisteminə müdaxilə etmədən, istehsal, emal və xidmət sahəsi ilə məşğul olmadan ədalətli rəqabət mühiti yaratmaqdır”.
Deputat qeyd edib ki, cəzaçəkmə və iri özəl müəssisələrin şəhərdən kənara köçürülməsi üçün onların bağlanmasına ehtiyac yoxdur:
“Məsələn, cəzaçəkmə müəssisələri şəhərdən kənarda inşa edilməli, daha sonra oradakı insanlar yeni yerlərə köçürülməlidir. Özəl müəssisələrə də kənarda uyğun ərazi ayırmaq və onları güzəştli kreditlərlə təmin etmək mümkündür. Eyni yanaşma “Baku Steel Company” QSC-yə tətbiq edilə bilər. Bundan başqa, Heydər Əliyev adına Neft Emalı Zavodunun özəlləşdirilməsi prosesinin də xüsusi proqram əsasında həyata keçirilməsi mümkündür. Proqramda yer alan istiqamətlərdən biri də sahibkarların şəhərdən kənarda yeni emal zavodu inşa etməsi ilə bağlı ola bilər. ƏHD Partiyası Bakıdakı xüsusi təyinatlı ali təhsil, orta ixtisas müəsisələri istisna olmaqla, digərlərinin bölgəyə köçürülməsi təşəbbüsünü də dəfələrlə irəli sürüb. Məlumdur ki, paytaxtakı universitetlərin əksəriyyətinin infrastrukturu dünyada qəbul edilmiş standartlara uyğun gəlmir. Bölgələrdə univesitet şəhərcikləri yaratmaqla, həm Bakıdakı sıxlığın qarşısını almaq, həm də bölgələrin iqtisadi inkişafına töhfə vermək olar”.
Elçin Mirzəbəyli
Millət vəkili əlavə edib ki, təmsil etdiyi Ağsu rayonunda nəinki ali, orta ixtisas, heç peşə məktəbi belə yoxdur:
“Hazırda dünyada təhsil ən böyük biznesdir. Mən hələ inkişaf etmiş Qərb ölkələrini nümunə gətirmirəm. Qardaş Türkiyənin elə kiçik şəhərləri var ki, oranın əhalisinin əhəmiyyətli hissəsi universitetlərin hesabına dolanır. Bu və ya digər bölgədəki ali təhsil, yaxud orta ixtisas müəssisəsi həm də turizmin inkişafı üçün vacib elementlərdən biridir. Əgər bir rayondakı ali məktəbdə 3 min tələbə təhsil alırsa və onların hər biri ay ərzində orta hesabla 500 manat xərcləyirsə, bu, 18 milyon deməkdir. Hələ passiv gəlirlərdən danışıram. Onların yaxınları ildə bir neçə dəfə doğmalarına baş çəkə bilər, bu da özlüyündə xidmət sahəsinin, turizmin inkişafına birbaşa töhfədir. Sadəcə belə addımları zaman itirmədən atmaq lazımdır. ƏHD Partiyasının da istəyi insanların iş yerləri əldə etməsidir. Köçürülmə o demək deyil ki, bir yerin qapısını bağlayıb, işçiləri də qeyri-müəyyən müddətə evlərinə göndərəcəklər. Şəhərdən kənardakı yeni müəssələr fəaliyyətə başlayanadək köhnələri fəaliyyətlərini davam etdirəcəklər”.