“Ermənistanla əməkdaşlıq məhdudlaşdırılmalıdır” Siyasət

“Ermənistanla əməkdaşlıq məhdudlaşdırılmalıdır”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı Təmas Qrupunun ikinci iclasında çıxış edib.
Elmar Məmmədyarov çıxışında bildirib ki, Təmas Qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət nəinki dəyişməz qalır, hətta cəbhə xəttində toqquşmaların intensivləşməsi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi halları daha da artıb. Nazir xatırladıb ki, 1993-cü ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələri Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə təsbit edir və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edir: "Ermənistanın ərazi iddialarına və zorakı hərəkətlərə cavab olaraq, Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir. Təəssüf ki, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib və 20 ildən artıq müddət ərzində ATƏT çərçivəsində aparılan vasitəçilik səyləri hələ nəticə verməyib. Atəşkəs rejiminin yaradılmasına baxmayaraq, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində və iki dövlət arasında sərhəd boyunca yerləşən Azərbaycanın şəhər və kəndlərinə Azərbaycan hərbi qulluqçuları və vətəndaşlarının öldürməsi və yaralanması ilə nəticələnən hücumlar zorakı xarakter daşıyır və son vaxtlar daha da intensivləşib. İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzulirayonun Alxanlı kəndinin qəsdən atəşə tutması nəticəsində biri uşaq olmaqla, iki mülki şəxs həlak olub, bir nəfər isə ağır yaralanıb. Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədi boyunca 7 avqust tarixində törədilmiş daha bir təxribat nəticəsində Tovuz rayonunun 13 yaşlı sakini yaralanıb. Bunlar hamısı Cenevrə konvensiyaları üzrə öhdəliklərin Ermənistan tərəfindən kobud və sistematik şəkildə pozulduğunu təsdiqləyir. Burada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı İƏT-in müvafiq qətnamə və qərarlarının tələblərini xatırlatmaq istərdim ki, bu da bütün üzv dövlətləri münaqişənin gərginləşməsinə, Ermənistanı Azərbaycan torpaqlarının işğalının davam etdirilməsinə köməklik edəcək hər hansı bir silah və hərbi avadanlıqla təchiz etməkdən çəkinməyə və bu cür avadanlıqların daşınması üçün öz ərazilərindən tranzit məqsədilə istifadə edilməsində imkan verməməyə çağırır. Bu qətnamələrin üzv dövlətlərə təcili çağırışına toxunaraq bildirmək istərdim ki, Ermənistanın təcavüzünə son qoymaq üçün lazımi siyasi və iqtisadi tədbirlər həyata keçirilməli, o cümlədən, iqtisadi fəaliyyət və Ermənistan Respublikasına investisiya qoyulmasından çəkinməklə yanaşı, Ermənistanla ümumi əməkdaşlıq məhdudlaşdırılmalıdır".
Elmar Məmmədyarov qeyd edib ki, ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla didərgin salınmasından əziyyət çəkən bir ölkə kimi, Azərbaycan münaqişənin bütün bölgənin tam inkişafını, sülh və ədaləti təmin edəcək siyasi həllində ən çox maraqlı olan tərəfdir: "Azərbaycan öz ərazi bütövlüyünü və vətəndaşlarının hüquq və azadlıqlarını heç vaxt güzəştə getməyəcək. Ermənistan anlamalıdır ki, suveren dövlətin ərazilərinin hərbi işğalı və etnik təmizləmə siyasətinin aparılması həll yolu deyil və heç bir siyasi nəticə verməyəcək. Sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmalı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edilməli və azərbaycanlı məcburi köçkünlərın öz torpaqlarına qayıtmaq hüququ təmin edilməlidir. Azərbaycan Respublikası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən qanunsuz istifadə və Azərbaycan ərazilərinin işğalının qəti pislənilməsinə dair İƏT-in ədalətli və prinsipial mövqeyi əsasında İslam ümmətinin davamlı həmrəyliyinə güvənir. İnanırıq ki, Təmas Qrupu çərçivəsində müzakirələr Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü qınayan İƏT sənədlərinin həyata keçirilməsinə və İƏT üzv dövlətlərinin fərdi və birgə səylərin bu baxımdan əlaqələndirilməsinə öz töhfəsini verəcək".
Elmar Məmmədyarov bildirib ki, təhlükəsizlik və sabitliyin qorunub saxlanılması regional əməkdaşlıq və uğurlu cəmiyyət qurmaq üçün əsas komponentdir: "Təəssüf ki, son görüşümüzdən etibarən regionumuzda sabitlik və təhlükəsizlik daha da zəifləyib, yeni münaqişə ocaqları meydana gəlib və regionun inkişaf perspektivləri ciddi şəkildə risk altına düşüb . Biz itirilmiş və ya şikəst olmuş insan həyatları kimi çoxsaylı insan fəlakətlərinin şahidi olmuşuq və milyonlarla insan öz evlərini tərk etmək məcburiyyətində qalıb".
Nazir təəssüflə qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır, həmçinin tamhüquqlu regional əməkdaşlığa maneə yaradır: "Ermənistan öz aqressiv siyasətində daha da irəliləyərək işğal altında olan ərazilərə biznes, ticarət və investisiyaların cəlb edilməsi yolu ilə digər ölkələri qanunsuz işğal ilə əlaqələndirməyə çalışır. Bütün ölkələrin Ermənistanın bu niyyətindən xəbərdar olması və Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sosial, iqtisadi və mədəni fəaliyyətdən imtina etmələri bizim əməkdaşlığımız üçün mühümdür. Mən bütün İƏT-in üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması və qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının təmin olunması yalnız Cənubi Qafqaz daxilində sülh və təhlükəsizliyi deyil, həm də tamhüquqlu regional əməkdaşlığı gücləndirəcək".