
Tramp HƏMAS-a üç gün vaxt verib
3 Oktyabr 18:39
"Azərbaycan Prezidentinin bir çox sahələrdə çox güclü fikirləri və baxışları mövcuddur. O, təkcə öz xalqını deyil, yardıma ehtiyacı olan xalqları da dəstəkləyir".
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Belizin Baş naziri Conni Briseno deyib.
Baş nazir bildirib ki, o Azərbaycanın iqlim dəyişikliyinə verdiyi töhfələri olduqca yüksək qiymətləndirir:
"Düşünürəm ki, Azərbaycan və Beliz arasında ətraf mühit, təbiətimizin, təbii sərvətlərimizin qorunması məsələsində çox ortaq cəhətlərimiz var. Ən önəmli sərvətimiz isə insanlarımızdır. Bu sahədə gördüyünüz böyük işlər münasibətilə Azərbaycan hökumətini təbrik etmək istəyirəm. Azərbaycan hökuməti COP29-a çox uğurlu ev sahibliyi etdi, bizim kənd təsərrüfatı nazirimiz Bakıda idi. Onlar COP tarixində indiyədək tamamlanmamış bir çox mühüm vəzifələri həyata keçirmək üçün həqiqətən çox çalışdılar. Bizə Azərbaycanın təcrübəsindən öyrənmək lazımdır. Həmçinin kənd təsərrüfatı, iqlim dəyişikliyi, su məsələləri və ölkələrimiz kimi dövlətləri təsirləndirən digər məsələlərdə hər iki ölkə arasında münasibətlərimizi möhkəmləndirməyi və əməkdaşlığın inkişafını səbirsizliklə gözləyirik".
Dövlət rəsmisi, Azərbaycan lideri İlham Əliyevin BMT-nin yüksək səviyyəli həftəsindəki çıxışı zamanı verdiyi mesajların dünya xalqları üçün vacibliyindən danışıb:
"BMT Baş Assambleyasının zalında idim və Azərbaycan Prezidentinin çıxışını dinlədim. Onun bir çox sahədə güclü fikirləri və baxışları var. O, təkcə öz xalqını deyil, yardıma ehtiyacı olan xalqları da dəstəkləməyə hazırdır. O, ölkəsinin müxtəlif istiqamətlərdə inkişafı üçün çalışır. Elə qonşu ölkə ilə sülh sazişinin paraflanması bunun sübutudur. Prezident çıxışında bildirdi ki, onun sülh təşəbbüsündən sonra regionda yeni bir dövr başlayır. Prezident İlham Əliyevin sülh siyasəti regionunuza sabitlik gətirib və bu çox böyük uğurdur, o güclü liderdir. Sülh mövzusuna çox önəm verirəm. Hesab edirəm ki, həqiqi inkişaf yalnız sülh şəraitində mümkündür, xüsusilə də qonşularla sülh şəraitində. Bizim də eyni vəziyyətimiz var, qonşumuz Qvatemala ilə problemimiz mövcuddur. Onların əsassız iddiaları olduğunu düşünürük, lakin biz bu məsələni sülh yolu, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməklə həll edirik. Bu baxımdan hər iki ölkəni ortaq məxrəcə gəlib sülhə nail ola bildiklərinə görə təqdir etməliyik".
Baş nazir qeyd edib ki, müxtəlif sahələrdə ölkəsinin Azərbaycanın təcrübəsinə ehtiyacı var:
"Xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan Prezidenti və hökuməti ilə əməkdaşlığımızı gücləndirmək istəyirik. Məsələn, kənd təsərrüfatı sahəsində sizdən daha çox öyrənmək, sizin metodlarınızı mənimsəyərək təcrübənizi Belizdə tətbiq etmək istəyirik. Mən BMT sammiti zamanı Azərbaycanın hökumət nümayəndələri ilə söhbət edərkən onların isti iqlimlərdə, elə ölkəm Belizdə belə yetişə bilən müxtəlif buğda növləri haqqında danışdıqlarını eşitdim. Hazırda biz bu texnologiyanı əldə edib, Belizdə sınamağın yolları üzərində işləyirik. Eyni zamanda biz də inkişaf etməkdə olan ölkə olaraq öz təcrübəmizi sizinlə paylaşmağa hazırıq. Ölkə səviyyəsində də, beynəlxalq səviyyədə də bir-birimizdən öyrənəcəyimiz çox şey var. Bir daha vurğulamaq istəyirəm ki, biz münasibətlərimizi gücləndirməyi səbirsizliklə gözləyirik".