Sərkisyanın Türkiyə “hədəsi” və Ərdoğanın Qafqaz siyasəti... Siyasət

Sərkisyanın Türkiyə “hədəsi” və Ərdoğanın Qafqaz siyasəti...

"Türkiyə Qafqaz ölkələri ərazisində olan problemlərin aradan qaldırılması haqqında fikir söyləməklə bu proseslərdə çox fəal iştirak edəcəyini ortaya qoyur".
Bu sözləri politoloq Qabil Hüseynli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Ərdoğan çıxışında həm Azərbaycanın, həm də Gürcüstanın mənafeyini nəzərə alıb:"BMT Baş Məclisində əsas müzakirə mövzuları ölkələrin suverenliyinin və ərazi bütövlüyünün qorunması olub. Bu məsələlərin həlli ilə bağlı problemlər demək olar ki, bütün iştirakçı ölkələrin rəhbərlərinin çıxışlarında yer alıb. Onlardan ABŞ prezidenti Donald Trampın və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Həm Tramp, həm də Ərdoğanın çıxışında Qarabağ probleminin həlli üçün müsbət məqamlar çoxdur. Fikrimcə, postsovet məkanında elə dövlətlər var ki, müstəqilliyi tam olaraq möhkəmləndirə bilməyib. Bəzi ölkələrdə isə milli zəmində yaranmış münaqişələr ciddi problemlər törətməkdə davam edir".
Politoloq qeyd edib ki, Türkiyə prezidenti dəfələrlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemi gündəmə gətirib:"Hazırda Türkiyənin Azərbaycanla əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Heç təsadüfi deyil ki, Türkiyə və Azərbaycanın hərbi hava qüvvələrinin iştirakı ilə "TurAz Qartalı – 2017" birgə taktiki təlimlər keçirilir. Bu da Türkiyənin Azərbaycanla strateji tərəfdaş olduğunu göstərir. Türkiyənin Azərbaycanla yaxınlığı Cənubi Qafqazda baş verən hadisələrin daha da dərinləşəcəyini göstərir. Onsuz da Türkiyənin bölgədəki nüfuzu göz önündədir. Son günlər Ermənistan prezidenti Türkiyəyə qarşı hədələyici çıxışlar edir. Bu, onu göstərir ki, Ermənistan Türkiyənin bölgədəki nüfuzundan narahatlıq hissi keçirir. O cümlədən bölgədə Türkiyə amilinin güclənməsini istənməyən qüvvələr az deyil. Amma Gürcüstan və Azərbaycanla Türkiyənin inkişaf edən əlaqələri onun Cənubi Qafqazda möhkəmlənəcəyini göstərir. Artıq bölgədə və beynəlxalq aləmdə Türkiyə, Gürcüstan və Azərbaycan üçlüyü yeni layihələrlə çıxış edir. Bu günədək bu 3 ölkənin xarici işlər nazirləri tez-tez görüşüblər. Həm də nəzərə alaq ki, bölgədəki böyük layihələrin çoxu məhz bu 3 ölkənin ərazisindən keçməklə və bu ölkələrin iştirakı ilə həyata keçirilir. Yaxın 2-3 ay ərzində bu üçlü ittifaqın daha da möhkəmlənməsi proqnozlaşdırılır".
Xatırladaq ki, BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpasının Cənubi Qafqazda sülhün əldə olunması üçün əsas amil olduğunu bildirib.