

“Ermənistanda son dövrlərdə dini xadimlərə qarşı aparılan istintaq və onların həbsi təsadüfi deyil. Bu şəxslər sırf dini fəaliyyətlə məşğul olmaq əvəzinə, siyasi proseslərə qarışaraq hakimiyyəti devirmək məqsədilə müxtəlif çağırışlar səsləndiriblər”.
Bunu “xalqcebhesi.az”a açıqlamasında politoloq Fikrət Sadıqov söyləyib.
Onun sözlərinə görə, bu din xadimləri xalqı küçələrə və meydanlara səsləyərək, hakimiyyətə qarşı açıq şəkildə bəyanatlar veriblər: “Onların davranışı qanun çərçivəsini aşır və açıq şəkildə dövlətə qarşı yönəlmiş fəaliyyətdir. Görünür, revanşist və radikal qüvvələr birləşərək Paşinyan hökumətini devirmək niyyətindədirlər. Hər bir dövlət öz təhlükəsizliyini və sabitliyini qorumaq məcburiyyətindədir. Onun fikrincə, Ermənistan hökumətinin atdığı addımlar hüquqi baxımdan əsaslıdır. Hər bir hökumət, xüsusilə seçkilər ərəfəsində, özünü qorumağı bacarmalıdır. Paşinyan bəzi dairələr üçün zəif fiqur kimi görünə bilər, amma reytinqi hələ də yüksəkdir. Xalq anlayır ki, uzun illər başqa dövlətin ərazisini işğal altında saxlamaq və qan tökmək onların maraqlarına xidmət etmir.Paşinyan hakimiyyətinə qarşı yönələn qüvvələr həm daxildə, həm də xaricdə fəaliyyət göstərir. Onların məqsədi siyasi revanş almaq, seçkiləri gözləmədən hakimiyyətə gəlməkdir”.
F.Sadıqov əlavə edib ki, əgər bu qüvvələr doğrudan da xalqın dəstəyinə güvənirlərsə, seçkilərdə iştirak etsinlər və demokratik yolla hakimiyyətə gəlsinlər: “Amma qanunsuz çağırışlar, kilsə vasitəsilə siyasi təsir göstərmək cəhdləri tamamilə yolverilməzdir. Kilsə və onun ətrafında olan qüvvələrin bu cür bəyanatlarla çıxış etməsi əsassızdır. Kimliyindən asılı olmayaraq – istər kilsə rəhbəri, istərsə də onun qohumu olsun – qanunu pozan hər kəs məsuliyyət daşımalıdır. Katalikosun qardaşı oğlu və ya bacısı oğlu olması fərq etmir. Qanunu pozublarsa, məhkəmə qarşısında cavab verməlidirlər. Ermənistanda vəziyyətin mürəkkəb olduğu aydındır, amma dövlətin suverenliyi və sabitliyi hər şeydən vacibdir”.
Günel Elxan