Özəl məhkəmə ekspertləri üçün yeni qaydalar: Palata yaradılır Gündəm

Özəl məhkəmə ekspertləri üçün yeni qaydalar: Palata yaradılır

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq. Özəl məhkəmə ekspertləri əldə etdikləri gəlirlərdən 10 faiz vergi, xərclər çıxıldıqdan sonra qalan məbləğin 15 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər. Onlar icbari tibbi sığorta üzrə də sığortalı qismində özləri çıxış edəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu məsələlər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Özəl Məhkəmə Ekspertlərinin Palatası üzvlərinin hüquq və qanuni mənafelərinin qorunması, fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə məcburi üzvlük əsasında yaradılan, özünüidarəetmə prinsipi ilə fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxsi olacaq.

Palatanın idarə olunması onun nizamnaməsi ilə tənzimlənəcək. Palataya İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edəcək. Onun maliyyələşmə mənbələrini üzvlük haqları, intizam tənbehi kimi tətbiq edilən cərimələrdən daxilolmalar və ianələr təşkil edəcək.

Palataya özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirmək, onların təlimini təşkil etmək, etik davranış kodeksinə riayət olunmasına nəzarət etmək, hüquq və qanuni mənafelərini dövlət orqanlarında müdafiə etmək səlahiyyətləri veriləcək. Həmçinin Palata məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər verə, beynəlxalq təşkilatlarla və digər ölkələrin məhkəmə ekspertləri ilə əməkdaşlıq edə biləcək.

Özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü hesab olunacaq. Onun fəaliyyətinə xitam verildikdə isə üzvlüyü də başa çatacaq.

İntizam pozuntularına görə cərimə və şəhadətnamənin ləğvi nəzərdə tutulur

Layihəyə əsasən, özəl məhkəmə ekspertlərinin fəaliyyətləri ilə bağlı normativ hüquqi aktların tələblərini və icra intizamını pozmaları intizam məsuliyyətinə səbəb olacaq. İntizam icraatı xüsusi yaradılacaq İntizam Komissiyası tərəfindən aparılacaq.

İntizam Komissiyasının yekun rəyinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertlərə pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq töhmət verilə, 1000 manatdan 2000 manatadək cərimə tətbiq oluna və ya özəl məhkəmə eksperti şəhadətnaməsi ləğv edilə biləcək.

Cərimələrdən daxil olan vəsait Palatanın bank hesabına köçürüləcək. Ekspertlər barəsində intizam icraatı müvafiq icra hakimiyyəti orqanının və ya Palatanın təqdimatı əsasında başlanıla biləcək. Tətbiq edilən intizam tənbehindən inzibati qaydada və məhkəməyə şikayət vermək mümkün olacaq.

Bununla yanaşı, özəl məhkəmə ekspertinə intizam tənbehi tətbiq edilmədən yazılı və ya şifahi xəbərdarlıq da edilə biləcək. Xəbərdarlıq intizam tənbehi hesab edilməyəcək.

Ekspertlərin vergi və sığorta öhdəlikləri

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə əsasında əldə olunan haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab ediləcək və 10 faiz dərəcə ilə vergiyə cəlb olunacaq.

Özəl məhkəmə ekspertləri hesablanmış vergini hər ay növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli, ekspertiza haqlarına dair bəyannaməni isə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək vergi orqanlarına təqdim etməlidirlər.

“Sosial sığorta haqqında” qanuna dəyişikliklərə əsasən, özəl məhkəmə ekspertləri əldə etdikləri gəlirdən xərclər çıxıldıqdan sonra qalan məbləğin 15 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

“Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklə isə vergi ödəyicisi kimi uçota alınmış özəl məhkəmə ekspertlərinin icbari tibbi sığorta üzrə sığortalı qismində özlərinin çıxış etməsi nəzərdə tutulur.

Palatanın yaradılması üçün keçid müddəaları müəyyənləşir

Qanun layihəsində Palatanın təsis edilməsi ilə bağlı keçid müddəalar da yer alıb. Palata dövlət qeydiyyatına alınanadək onun qanunla müəyyən edilmiş səlahiyyətlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək.

Palata Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş özəl məhkəmə ekspertləri tərəfindən təsis ediləcək. 2027-ci il iyulun 1-dək Reyestrə daxil edilmiş ekspertlərin sayı 50 nəfərə çatmazsa, təsis yığıncağı reyestrdə olan ekspertlərin azı üçdə ikisinin iştirakı ilə keçiriləcək.

Reyestrə 50 özəl məhkəmə eksperti daxil edildikdən sonra bir il ərzində Palata təsis edilməzsə, təsis yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən çağırılacaq.

Palata dövlət qeydiyyatına alındığı andan Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş bütün özəl məhkəmə ekspertləri onun üzvü hesab ediləcəklər.

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Günel Elxan