“Özəl məhkəmə ekspertlərinin vergi və sığorta öhdəlikləri dəyişir” Gündəm

“Özəl məhkəmə ekspertlərinin vergi və sığorta öhdəlikləri dəyişir”

“Özəl məhkəmə ekspertləri əldə etdikləri gəlirlərə görə 10 faiz vergi ödəyəcək, həmçinin məcburi dövlət sosial sığortasına cəlb olunacaqlar”.

Xalqcebhesi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar. Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə əsasında əldə olunan haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab ediləcək. Bu gəlirlər xərclər nəzərə alınmadan vergitutma obyekti olacaq və 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək.

Dəyişikliyə görə, özəl məhkəmə ekspertləri vergi orqanlarına bəyannamə təqdim etməli olacaqlar. Onlar fəaliyyətləri ilə bağlı əldə etdikləri ekspertiza haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi bəyannaməsini təqdim etməli, hesablanmış vergini isə həmin müddətdə dövlət büdcəsinə ödəməlidirlər.

“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına cəlb olunacaqlar. Onlar əldə etdikləri gəlirdən xərclər çıxıldıqdan sonra qalan məbləğin 15 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

“Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə vergi ödəyicisi kimi vergi uçotuna alınan özəl məhkəmə ekspertləri tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.

Qeyd edək ki, qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Günel Elxan