Azay Quliyevdən beynəlxalq təşkilatlara çağırış Siyasət

Azay Quliyevdən beynəlxalq təşkilatlara çağırış

"Kənar müdaxilələrə ehtiyac yoxdur, bundan sonra QHT mövzusunu istismar etməyin"

"QHT-lərə Dövlət Dəstəyi Şurasında hüquq və monitorinq komissiyası yaradılacaq"

"Prezident yanında Qeyri-Hükumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə 2013-cü il dekabrın 17-də Milli Məclisin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara etdiyi əlavə və dəyişikliklər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin, Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimovun, Avropa Komissiyasının Bakı ofisinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və narazı QHT nümayəndələrinin iştirakı ilə geniş müzakirə edilib".
Bu barədə QHT-lərə Düvlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Milli Məclisin dünənki iclasında bildirib.
O deyib ki, təşkil olunan dialoq çox məhsuldar keçib və narazılıq yaradan bütün məsələlərə aydınlıq gətirilib: "Hesab edirəm ki, səmimi keçən bu görüşdən QHT-lər razı qaldılar və onların bir sıra narahatçılığına da son qoyuldu. Yekunda qərara aldıq ki, qanunun praktik tətbiqində ortaya çıxan mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində hüquq və monitorinq komissiyası yaradılsın. Bu bir daha onu göstərdi ki, Azərbaycan dövləti və vətəndaş cəmiyyəti institutları istənilən məsələnin həlli ilə əlaqədar bir araya gəlib anlaşma əldə etməyə və sivil qaydada dialoq aparmağa qadirdilər. Bu baxımdan beynəlxalq təşkilatlara, xüsusilə AŞPA və Avropa Parlamentinə, ayrı-ayrı ölkələrin səfirliklərinə müraciət edərək demək istərdim ki, artıq bu məsələ ilə əlaqədar kənar müdaxilələrə ehtiyac qalmadı və qoy onlar bundan sonra bu mövzunu istismar etməsinlər".
Şura sədri "İctimai iştirakçılıq haqqında" Qanunun tətbiq edilməsi ilə əlaqədar prezident İlham Əliyevin imzaladığı 16 yanvar 2014-cü il tarixli fərmanla da bağlı fikirlərini söyləyib: "Bilirsiniz ki, bu fərmanda çox mühüm məqamlar, o cümlədən qanunların və Prezident aktlarının "İctimai iştirakçılıq haqqında" Qanuna uyğunlaşdırılması, İctimai İştirakçılıq haqqında Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən yeni qanun layihəsinin hazırlanması, Qanunun əsas mahiyyətini təşkil edən 1.0.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidentinin həyata keçirməsi kimi olduqca əhəmiyyətli müddəalar öz əksini tapıb. Hesab edirəm ki, cənab prezidentin imzaladığı bu fərman Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda yaxından iştirakını təmin edən çox mühüm bir sənəddir. Şübhəsiz ki, bu cür sənədlər dövlət başçısının siyasi iradəsi və vətəndaşlarına olan yüksək etimadı və inamı hesabına mümkün olur".
Sonda Azay Quliyev ölkənin ictimai sektoru adından qanunu imzaladığına və onun uğurlu icrasına zəmanət verdiyinə görə dövlət başçısına təşəkkürünü bildirib.