Baş katib: D-8 Təşkilatı qlobal informasiya sahəsində mövqeyini gücləndirməlidir Siyasət

Baş katib: D-8 Təşkilatı qlobal informasiya sahəsində mövqeyini gücləndirməlidir

D-8 Təşkilatı qlobal informasiya sahəsində mövqeyini gücləndirməlidir.APA xəbər verir ki, bunu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Media forumunda çıxışı zamanı təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam bildirib.

"Forum D8-ə üzv bütün doqquz ölkənin yüksək səviyyədə təmsil olunduğu ilk media platformasıdır. Bu iştirakçılıq səviyyəsi üzv dövlətlərin yalnız iqtisadi deyil, həm də informasiya və kommunikasiya sahəsində əməkdaşlığı genişləndirməyə sadiq olduqlarını göstərir"- o deyib.

Natiq qeyd edib ki, Azərbaycan qısa müddət ərzində təşkilat daxilində “D8 İqlim və Şəhərsalma Dialoqu” və “D8 Komissarlarının Qeyri-rəsmi Görüşu” kimi mühüm tədbirlərə ev sahibliyi edib. Bununla yanaşı, Azərbaycan D8 Media Mükəmməllik Mərkəzinin yaradılmasını təklif edib ki, bu da media sahəsində bilik mübadiləsini və institusional əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Baş katib çıxışında üzv ölkələr arasında vahid, etibarlı və konstruktiv informasiya mühitinin formalaşdırılması üçün medianın rolunun həlledici olduğunu, dezinformasiya ilə mübarizədə koordinasiyalı fəaliyyətin zəruriliyini diqqətə çatdırıb. O əlavə edib ki, D-8 məkanında ortaq informasiya gündəminin formalaşdırılması, üzv ölkələrin inkişaf prioritetlərini dəstəkləyən media narrativlərinin təşviqi gələcək əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyır.