Avropada ötən ay təbii qazın nağd bazar qiyməti 130%-dən çox artıb İqtisadiyyat

Avropada ötən ay təbii qazın nağd bazar qiyməti 130%-dən çox artıb

Bu ilin sentyabr ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nağd bazar (spot - red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit - Britaniya istilik vahidi) 25,49 ABŞ dolları səviyyəsində olub.

Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.

Belə ki, sentyabrda TTF satış mərkəzi üzrə qazın orta qiyməti aylıq müqayisədə 21%, illik müqayisədə isə 131% artıb.

Hesabatda bildirilir ki, sentyabr ayında NBP qaz satış qovşağında (Böyük Britaniyanın əsas virtual qaz ticarət məntəqəsidir və Avropada təbii qazın spot bazarı üzrə ən nüfuzlu mərkəzlərdən biri hesab olunur) qazın orta spot qiyməti 25,15 dollar təşkil edib, bu da aylıq müqayisədə 22%, illik müqayisədə isə 135% artım deməkdir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.