14:35
525
“İndiki şəraitdə Abbas Əraqçinin ölkəmizə səfəri ölkələrarası münasibətlərdə son illərdə yaranan soyuqluğun tam şəkildə aradan qalxmasına öz mühüm töhfələrini verəcək. Əslində, Azərbaycan bütün ölkələrlə olduğu kimi, xüsusilə, qonşularla-İranla daim yaxın münasibətlərin olmasında maraqlı görünüb. Bunun üçün öz addımlarını da atıb. Sadəcə bəzi hallarda qarşı tərəfdən səhv münasibətlə üzləşib və bunun da qarşılığını layiqincə verib”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı söyləyib.
C.Abbaslı bildirib ki, İran da artıq son dönəmlərdə Bakı ilə əlaqələrin önəmini daha dərindən anlamağa başlayıb: “Xüsusilə, Məsud Pezeşkianın prezidentliyə gəlişindən sonra yaxın əlaqələr daha sürətlə qurulmağa başlayıb. Ceyhun Bayramovla İran xarici işlər naziri Abbas Əraqçi arasında görüşdə müzakirə edilən məsələlərə diqqət yetirdikdə, yaxın gələcəkdə dövlətlərarası əlaqələrin müsbət dinamikada olmasına tərəflərin isti yanaşdığı açıq görünür. Dövlət başçısı tərəfindən də iranlı qonaq ən yüksək səviyyədə qəbul olundu. Azərbaycan Prezidentinin fikirlərindən bir daha aydın oldu ki, ölkəsi indiyə qədər ki, siyasətinə sadiqdir, sadəcə tərəflər gərək onunla münsibətlərdə səmimi olsunlar. İstənilən halda İran bu regionun aparıcı dövlətlərindən biridir və onunla yaxın əlaqələr Bakının maraqlarına cavab verir. Rəsmi Tehran da bu cür düşünməlidir”.
Röya İsrafilova