
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Xalqcəbhəsi.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, artıq il ərzində neçənci dəfədir ki, ƏHD partiyası amnistiya aktının qəbul edilməsinin vacibliyi barədə məsələ qaldırır, bu hansı zərurətdən irəli gəlir?
- Bu il biz ərazi bütövlüyümüzün bərpa olunmasının 5-ci ildönümünü qeyd edirik. Bu tarixi qələbənin ildönümü münasibətilə böyük amnistiya elan olunması xalqımız tərəfindən məmnuniyyətlə qəbul olunardı. Amnistiya aktı cəmiyyətimizdə humanizmi və milli birliyimizi gücləndirərdi. Bunu zəruri edən başqa faktorlar da var. Cəmiyyətimizdə hiss olunan sərtlik və aqressiya hakimlərə də sirayət edir. 2024-cü ildə 15885 şəxs məhkum edilibsə, onun 9226-sı barəsində azadlıqdan mərhumetmə ilə əlaqədar cəza təyin olunub. Hakimlər alternativ cəza növlərinin tətbiqinə üstünlük vermirlər. Cinayət Məcəllsənin 76-cı Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, 77-ci Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, 78-ci Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə kimi normaları təcrübədə çox az hallarda tətbiq olunur. Məhbusların sayına görə Avropada hər 100 min nəfərə düşən median göstərici təqribən 105 nəfərdisə, bizdə bu rəqəm 264-dür. Məsələn, Almaniyada 74, Norveçdə, Finlandiyada, Niderlandda 54 nəfərdir. Bizdə cəzaçəkmə müəssisələrində sıxlıq 102.8 faizdirsə, Almaniyada 80 faizdir. Onu da nəzərə almalıyıq ki, il ərzində bir məhbusun saxlanması ölkəmizdə 7500 manata başa gəlir. Bütün bunlara görə amnistiya aktının qəbulu zərurətə çevrilib.
- Amnistiya aktı ilin sonuna qədər qəbul oluna bilərmi?
- Çox az zaman qalıb, amma iqtidar istəsə bu mümkündür. Köhnə layihələr durur. Onlar üzərində kiçik bir iş aparmaq kifayətdir. Ümumiyyətlə, ölkəmizdə əfvetmə və amnistiya haqqında qanun qəbul olunmalıdır. Həmin qanunla ABŞ-də olduğu kimi Prezidentə nəinki məhkum olunmuş şəxsləri, istintaq altında olan, yaxud gələcəkdə cinayət təqibinə məruz qalma ehtimalı olan şəxsləri belə əfv etmək hüququ nəzərdə tutulmalı, əfv olunanların sayına məhdudiyyət qoyulmalıdır.
- Amnistiya aktı həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan şəxslərə də şamil oluna bilərmi?
- Çox istərdim ki, olsun. Xüsusilə, qadınlara münasibətdə tətbiq olunsun. Bu birliyimizi gücləndirər, ölkəmizin beynəlxalq nüfuzunu artırardı. Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların arqumentlərini də əllərindən alardı. Onların çoxu cəzalarının bir hissəsini çəkib və ümid edirəm əksəriyyəti azadlığa çıxarlarsa həyatlarını başqa cür qurarlar. Əgər ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri amnistiya aktına daxil etmək mümükün deyilsə, o zaman prezident onları əfv edə bilər.
- Qüdrət bəy, xuliqanlıq və narkotiklərlə mübarizəyə dair qanunvericilik aktlarına dəyişikliklər edilməsinin vacibliyini vurğulamısınız. Bir az geniş izahat verərdinizmi?
- Xuliqanlıq-cinayət əməli yox, insanı cinayətə təhrik edən daxili inam, motivdir. Ona görə 221-ci maddə Cinayət Məcəlləsindən çıxarılmalı, ictimai qaydanı cəmiyyətə açıq formada hörmətsizlik ifadə edən kobud formada pozma inzibati xəta kimi qanunvericilikdə nəzərdə tutlmalı və həmin şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Əgər xuliqanlıq motivi ilə ictimai qayda pozulan zaman əmlaka ziyan vurularsa, şəxsiyyət əleyhinə hər hansı cinayət törədilərsə, buna görə Cinayət Məcəlləsində xüsusi normalar var.
Cinayətkarlığa qarşı mübarizədə cəzanın sərtliyi deyil, onun labüdlüyü daha böyük çəkindirici gücə malikdir.
Cinayət Məcəlləsinin 61-ci maddəsində cinayətin alçaq niyyətlərlərə törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin maddəyə xuliqanlıq motivi ilə cinayətin törədilməsi cəzanı ağırlaşdıran hal kimi daxil edilə bilər.
2024-cü ildə 7245 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunub. Bu olduqca böyük rəqəmdir. Ona görə Cinayət Məcəlləsindən 234-cü maddənin 1-ci hissəsi – “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri “xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”- çıxarılmalıdır. Bu maddənin dispozisiyasına yenidən baxılmalı, yalnız narkotik maddəni satan, satış məqsədilə daşıyan, istehsal edən və ya yayan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Narkotik vasitə şəxsi istehlak üçündürsə buna görə cinayət məsuliyyəti aradan qaldırılmalıdır. Narkomanlar üstlərində analitik tərəzi gəzdirməyəcəklər ki, şəxsi istehlak miqdarında narkotik vasitə alsınlar.
Realist olmaq lazımdır. Narkoman olmaq cinayət deyil, xəstəlikdir. Onları həbsxanaya doldurmaq yox, müalicə mərkəzlərinə yerləşdirmək lazımdır.