Milli Məclisin yaz sessiyasının son iclası keçirildi Siyasət

Milli Məclisin yaz sessiyasının son iclası keçirildi

Sabir Rüstəmxanlı: "Bu məsələni aydınlaşdırmalıyıq, ya biz doğurdan savaşırıq, ya da danışıqlar aparırıq"
Oqtay Əsədov: "Danışıqlar aparmayıb, nə edək, müharibəyə başlayaq?"
İlyas İsmayılov: "Nəqliyyat naziri söz verib ki, yolları düzəltdirəcək: ancaq hələ də yol düzəlməyib"
Fazil Mutafa: "Azərbaycanda bu günə qədər elə bir səhiyyə naziri olmayıb ki, səhiyyə sisteminə can yandırsın"

Dünən Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. Gündəliyin təsdiq olunmasından sonra deputatlar cari məsələlərlə bağlı təkliflərini verdilər.
Deputat İqbal Ağazadə çıxışında 28 may Respublika günü ilə bağlı dövlət başçısının verdiyi əfv sərəncamını yüksək qiymətləndirib. O, spikerə müraciət edərək əfv olunmayan şəxslərin də əfv olunmasını istəyib. "Prezidentin verdiyi əfv sərəncamını yüksək qiymətləndirirəm. Amma həbs olunan bəzi şəxslər var idi ki, onların əfv olunması gözlənilirdi. İsmayıllı hadisələrinə görə həbs olunan İlqar Məmmədov, Tofiq Yaqublu, "Nida"çı gənclərin və çoxsaylı gənclərin bu əfv fərmanında azadlığa çıxarılacağı gözlənilirdi. Amma onlar budəfəki əfv siyahısına düşmədi. Bu gün Milli Məclisin yaz sessiyasının son iclasıdır. Amma parlament yenidən toplaşacaq. Amnistiya Aktının, ya da yenidən Prezidentin imzası ilə əfv sərəncamının imzalanması və həmin gənclərin əfv olunması xalqda da yüksək əhval-ruhiyyə yaradacaq. Bununla bağlı sizə də müraciət edirəm".
Deputat İlyas İsmayılov isə Qazax rayonundakı Çaylı kəndində seçicilərlə görüşdüyünü bildirib. Deputatın sözlərinə görə, sözügedən kənddə xeyli problemlər var: "İçməli su yoxdur. Nəqliyyat naziri Ziya Məmmədov onlara söz verib ki, yollarını düzəltdirəcək. Ancaq hələ də yol düzəlməyib. Ümumiyyətlə cəbhəyanı bölgələrdə vəziyyət çox pisdir. Cəbhəyanı bölgələrdə infrastruktrun yenidən qurulması lazımdır. Bununla bağlı qanun qəbul edilməlidir".
Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, ölkədəki problemlər ölkə daxilində müzakirə edilməlidir: "Mənim fikrimcə ölkədə siyasi məhbusun olub - olmaması Avropa məkanında gündəmə çıxarılmamalıdır".
Daha sonra hər gün bütün millət vəkillərinin ünvanına müraciətlərin daxil olduğunu xatırladan Fazil Mustafa bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsinin ləngidiyini vurğulayıb. Millət vəkili xüsusilə səhiyyə sahəsində problemlərdən şikayətlənib: "Ölkə başçısı və birinci xanımın köməkliyi ilə çoxsaylı insanlar müalicə alır. Amma bu kifayət deyil. İnsanların hamısını bu formada təmin etmək imkanı yoxdur. Ona görə səhiyyə sistemində ciddi islahatlara ehtiyac var. Bu məsələlərin köklü həlli üçün səhiyyə sistemi dəyişməlidir. İnsanlarımız müalicə olunmaq üçün xaricə üz tutur. Bizə dəfələrlə müraciət edirlər. Burda oturan deputatların əksəriyyəti etiraf edər ki, onlarla müraciətlər daxil olur, bizdən pul istəyirlər. Azərbaycanda bu günə qədər elə bir səhiyyə naziri olmayıb ki, səhiyyə sisteminə can yandırsın. Əvvəl də belə idi, indi də. Hesab edirəm ki, bu çox ciddi məsələdir. Bir nəfər də olsun səhiyyə naziri fədakarlıqla səhiyyə problemlərinin həllinə öz işini həsr etməyib. Bu gün də eyni vəziyyətdir. Tibb işçilərinin maaşı orta aylıq əmək haqqından xeyli aşağıdır. Tibb işçiləri bazar günləri də işləyirlər. Ancaq onlara ikiqat maaş verilmir. Halbuki dünyanın inkişaf etmiş ölkələrində səhiyyə işçilərinə bazar günləri də işlədiyi üçün ikiqat maaş verilir. Bu məsələ Hesablama Palatasının hesabatında da göstərilir".
Millət vəkili Əli Məsimli təhsildə islahatları çox yüksək qiymətləndirdiyini deyib: "Elm və təhsillə bağlı hazırlanan strategiya təqdirəlayiqdir. Bu sahədə islahatlar davamlı şəkildə aparılmalıdır. Pensiya yaşı çatan müəllimlər təqaüdə göndərilməlidir. Ancaq bu gün pensiya yaşı çatmayan müəllimlərin işdən ayrılmasının qarşısı alınmalıdır. Ümumiyyətlə müəllimlərin maaşı artırılmalıdır ki, uzun müddət müəllim işləmiş şəxslər pula görə, pensiya yaşı çatmamış təhsildən ayrılmasınlar".
Əli Məsimi adambaşına düşən maliyyələşmənin təhsildə də tətbiq edilməsinin lazım olduğunu bildirib: "Biz hələ təhsildə böyük uğurlar qazanmamışıq. Buna görə də təhsilin istehsalatda tətbiqi ilə bağlı elmi əsərlər yazılmır. Ancaq bu sahədə də elmi işlərin yazılmasına ehtiyac var".
Deputat Novruz Aslanov isə Türkiyədəki Soma faciəsinə görə Qızıl Aypara Cəmiyyətinin başlatdığı kampaniyaya dəstəkdən danışıb: "Bu çox simvolik addım idi. Qızıl Aypara Cəmiyyəti tərəfindən humanitar kampaniyanın keçirilməsinə start verildi. Məlumat üçün bildirim ki, kampaniya artıq 20-günə yaxındır ki, davam edir və 40-a yaxın millət vəkili bu aksiyaya qoşulub. 38 min dollara yaxın vəsait toplanıb və Türkiyə Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülüb. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqaladə səfiri Alper Coşkun mənə zəng edərək bildirdi ki, Milli Məclisin iclasında bütün millət vəkillərinə onun dərin təşəkkürünü çatdırım. Qızıl Aypara Cəmiyyətinin sədri kimi bütün millət vəkillərinə dərin təşəkkürümü bildirirəm".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, məhkəmələrlə bağlı deyilənlər onu ən azından təəccübləndirir: "Azərbaycanda bəzi şəxslərin həbsdə olmasından cəmiyyətin böyük qismində narahatlıq yoxdur. Əgər bu məsələ cəmiyyətin böyük qismini narahat etsəydi, ən azından burada parlamentarilər məsələni qaldırardılar. Əksinə, cəmiyyəti narahat edən məsələ odur ki, nə üçün İsmayıllıda iğtişaşlar törədilib, nə üçün NİDA-çı gənclər hadisələrdə iştirak ediblər. Bu cür narazılıqlar kənardan, Azərbaycandan xaricdə olan qüvvələrin müdaxiləsi nəticəsində baş verib".
Əli Hüseynli hesab edir ki, indiki mərhələdə hər kəs Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır: "Məhkəmə qərarları qüvvəyə minməmiş fikir yürütmək lazım deyil. Digər tərəfdən, Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasındadır və Avropa Şurasının üzvlərindən fərqli olaraq, biz hətta məhkəmədə sürətlə baxılmasını imkan verən protokolları təsdiqləmişik. Hər kəs bu imkanlardan yararlana bilər".
Spiker Oqtay Əsədov isə qeyd edib ki, əfv sərəncamından ümumilikdə 5000-dən artıq insan azadlığa çıxıb: "İndi deyirlər ki, kimsə əfv olunmayıb. Kimsə əfv olunmaq üçün müraciət etməlidirmi, ya yox? Əgər müraciət etməyibsə, onu necə əfv etmək olar? Bəziləri fikirləşir ki, insan cinayət törədibsə, mütləq əfv olunmalıdır. Həbsxanalar insanların islah olunması üçündür".
Vitse-spiker Bahar Muradova isə millət vəkili Fazil Mustafanın səhiyyə naziri Oqtay Şirəliyev barəsində tənqidinə və haqqında dediyi "nazir bizi yarıtmadı" sözlərinə cavab verib.
Vitse-spiker səhiyyə istiqamətində aparılan islahatların çox olduğunu bildirib: "Azərbaycanda səhiyyə inkişaf edir. Bəzi problemlər var. O problemlər də yalnız nazirliyin deyil, bizim də nəzarətimizdədir və aradan qaldırmağa çalışırıq. Amma bu o demək deyil ki, səhiyyə nazirinə "səhiyyə naziri bizi yarıtmadı" deyib, loru yanaşılsın. Fazil müəllim, ən azından millət vəkili olaraq sizin bu sözünüz seçicilərimizi pəjmürdə edə bilər. Ona görə də dediklərimizə diqqətlə yanaşmaq lazımdır".
Bahar Muradova ölkə başçısının əfv sərəncamı ilə bağlı bəzi tənqidi fikirlərə də münasibət bildirib: "Bilirsiniz ki, biz Azərbaycanda yaşayırıq. Nə baş verir, biz hamısını görürük və proseslərin içindəyik. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxarmaq olmaz və xalq bu hüququ heç kimə verməyib. Xalq bilir ki, ona nə lazımdır. Ölkədə inamsızlıq mühitinin olduğunu söyləyənlər guya bir qisim adamların azad olunmamasını xalqın əhval-ruhiyyəsinə mənfi təsir göstərdiyini söyləyirlər. Hesab edirəm ki, bu, yanlış fikirdir. Əksinə, xalq bu insanların fəaliyyətinin Azərbaycandakı mövcud inama, ölkə başçısının siyasətinə dəstəyə, Azərbaycanın maraqları üçün seçilmiş yola zərər vurduğunu düşünür. Əks təqdirdə biz başqa məsələləri müşahidə edərdik. Mətbuat orqanlarına və Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyət göstərənlərə bir vətəndaş kimi xahişim ondan ibarətdir ki, bizim üçün müsbət olan məqamları elə müsbət kimi göstərək. Amma bunun yanında mahiyyətcə çox cılız olan neqativləri qoymayaq, neqativləri də müzakirə edək ancaq bunlardan müsbətləri gözdən salmaq üçün istifadə etməyək".
Millət vəkili Sabir Rüstəmxanlı Ermənistanla rəsmi va qeyri-rəsmi səviyyədə aparılan danışıqlarla bağlı məsələyə aydınlıq gətirilməsini istəyib. Sabir Rüstəmxanlı deyib ki, təmas xəttində hər gün atəşkəs pozulur, döyüş gedir: "Demək olar ki, hər gün itkilərimiz olur, son günlər itkilərimizin sayı daha da artır. Müharibə faktiki davam edir. Digər tərəfdən, Ermənistanla danışıqlar gedir. Eyni zamanda "xalq diplomatiyası" aparılır, ictimaiyyət nümayəndələrinin görüşü, danışıqları keçirilir. "Xalq diplomatiyası"nda iştirak edənlərə münasibət birmənalı deyil. Ona görə də bu məsələni aydınlaşdırmalıyıq. Ya biz doğurdan savaşırıq, ya da danışıqlar aparırıq. Çünki savaş olanda belə danışıqlara heç bir ehtiyac qalmır. Mənim şəxsi mövqeyim aydındır. Ermənitstan prezidenti Serj Sərkisyan deyir ki, türk bizim düşmənimizdir. Bir milləti bütövlükdə düşmən elan edən dövlət başçısının ya ağlı yoxdur, ya da mədəniyyətdən uzaq bir adamdır. Belə adamlarla oturub danışmağın nə mənası var? Bu, bizə nə verəcək? Biz bu məsələləri aydınlaşdırmalıyıq ki, cəmiyyət də mövqeyimizin nədən ibarət olduğunu bilsin".
Spiker Oqtay Əsədov Sabir Rüstəmxanlının çıxışına münasibət bildirib: "Sabir müəllim, danışıqlar aparmayıb nə edək, müharibəyə başlayaq? O prezident erməni xalqının öz seçimidir. Biz onunla dialoq aparmağa, danışmağa məcburuq".