“Bu Ankaranın fəallığını artırmasına işarədir” Siyasət

“Bu Ankaranın fəallığını artırmasına işarədir”

Elxan Şahinoğlu: "...Türkiyənin Cənubi Qafqazda maraqları Rusiyanın maraqlarından az deyil"

"Biz Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıyıq. Cənab Prezident Rəcəb Tayyyib Ərdoğan bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə bu ay keçirdiyi hər iki görüş zamanı qabardıb". Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü barədə danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı daima təmasdadır: "Biz münaqişənin həlli ilə bağlı Azərbaycan tərəfinin qəbul edəcəyi istənilən həll yolunu dəstəkləyirik. Ötən gün Minsk qrupunun həmsədrləri ilə görüşdüm. Biz onları daha aktiv, qərarlı və səmərəli olmağa çağırdıq. Rəsmi Ankara Minsk qepunun səylərini dəstəkləyir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib:"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşünün mənası nədir?" Onun sözlərinə görə, birincisi, bununla Ankara demək istəyir ki, Dağlıq Qarabağ münaqişəsinin uzanmasından və Azərbaycan torpaqlarının işğal altında qalmasından narazıdır:"Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son görüşlərində Qarabağ mövzusunu da gündəmə gətirir. Doğrudur, nəticə yoxdur, ancaq bütün hallarda bu Ankaranın fəallığını artırmasına işarədir. İkincisi, Mövlud Çavuşoğlu həmsədrlərlə görüşməklə hamına mesaj göndərir ki, Türkiyənin Cənubi Qafqazda maraqları Rusiyanın maraqlarından az deyil. Bölgənin enerji resursları və boru xətləri Türkiyəyə uzanır. Demək Ankaranın fəallığı tək elə bu səbəbdən də anlaşılandır. Əsas sual budur: Kreml Ankaranın Qarabağ münaqişəsinin həllindəki artan fəallığına mane olmayacaq ki?".