“Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin qurulmasında mühüm körpüdür” Siyasət

“Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin qurulmasında mühüm körpüdür”

“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərini genişləndirməsi ölkəmizin xarici siyasətində strateji əhəmiyyət daşıyan istiqamətlərdən biridir. Bu baxımdan Türkmənistanla əməkdaşlıq yalnız tarixi, etnik və mədəni bağlılıqlara deyil, həm də ortaq siyasi və iqtisadi maraqlara əsaslanır”.

Bunu xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Türkmənistana növbəti səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Xüsusilə Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət formatında iştirakı ölkəmizin regionda artan siyasi çəkisinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan artıq Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin qurulmasında mühüm körpü rolunu oynayır. Bu əməkdaşlıq həm regional təhlükəsizliyin möhkəmləndirilməsi, həm də yeni iqtisadi imkanların yaradılması baxımından geniş perspektivlər açır”.

Z.Qarayevanın sözlərinə görə, Azərbaycan-Türkmənistan münasibətlərinin ən mühüm istiqamətlərindən biri enerji və nəqliyyat sahəsində əməkdaşlıqdır: “Xəzər dənizinin hər iki sahilində yerləşən bu iki dövlətin tranzit imkanlarını birləşdirməsi Orta Dəhlizin inkişafına və beynəlxalq yükdaşımaların genişlənməsinə ciddi töhfə verir. Xüsusilə tranzit daşımaların həcmində müşahidə olunan artım əməkdaşlığın artıq konkret iqtisadi nəticələr verdiyini göstərir. Bununla yanaşı, Türkmənistanın Füzuli şəhərində məscid kompleksi inşa etməsi münasibətlərin yalnız iqtisadi maraqlarla məhdudlaşmadığını, qardaşlıq və mənəvi həmrəylik üzərində qurulduğunu nümayiş etdirir. Türkmənistanın daimi bitərəflik siyasəti yürütməsinə baxmayaraq Azərbaycanla siyasi dialoqun davamlı şəkildə inkişaf etməsi qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu təsdiqləyir. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan tərəfdaşlığı gələcəkdə təkcə ikitərəfli münasibətlərə deyil, bütövlükdə Xəzər hövzəsi və Mərkəzi Asiyanın geosiyasi və geoiqtisadi mövqeyinin güclənməsinə xidmət edəcək”.

Röya İsrafilova