Ərdoğan: İsrail Qəzzanı dünyanın ən böyük həbs düşərgəsinə çevirib Dünya

Ərdoğan: İsrail Qəzzanı dünyanın ən böyük həbs düşərgəsinə çevirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Qəzza zolağında soyqırımı törətməkdə və fələstin anklavını dünyanın ən böyük konsentrasiya düşərgəsinə çevirməkdə ittiham edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ərdoğan İstanbulda keçirilən beynəlxalq hüquq forumunda bildirib.

"Fələstinli qardaşlarımız tərəfindən riayət edilən atəşkəs İsrail hökuməti tərəfindən minlərlə dəfə pozulub. 11 oktyabr 2025-ci il tarixində atəşkəs sazişinin qüvvəyə minməsindən bəri İsrailin hücumları nəticəsində 1,5 min fələstinli həlak olub, 5 mindən çox insan yaralanıb. Qəzzada soyqırımı törədən və özünü beynəlxalq hüquqdan üstün tutan cinayətkar şəbəkə buranı dünyanın ən böyük konsentrasiya düşərgəsinə çevirib", - deyib.

O, həmçinin qeyd edib ki, yəhudi dövləti regionda sülh və sakitliyi "özü üçün təhlükə" kimi görür. "İsrailin təcavüzkar əməlləri bütün bəşəriyyət üçün bir sınaqdır", - deyə Türkiyə lideri vurğulayıb. Ərdoğan xatırladıb ki, Ankara daha əvvəl İsrail ilə ticarəti tamamilə dayandırıb və Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində Qəzza zolağında Soyqırımı Konvensiyasının pozulması ittihamı ilə yəhudi dövlətinə qarşı qaldırdığı məhkəmə prosesinə qoşulub.

"Türkiyə ehtiyac yarandıqda çətinliklərə dözməyə hazırdır, lakin o, öz ümidini ona bağlayanlara və ədalətsizlikdən əziyyət çəkənlərə arxa çevirməyəcək. Qəzzada soyqırımı törədənlər məsuliyyətə cəlb olunmayana qədər beynəlxalq sistemin ədalətindən söz gedə bilməz", - deyə Ərdoğan bəyan edib.

Məryəm Quliyeva