
“Ermənistanla İran arasında enerji, nəqliyyat və sərhəd infrastrukturunun inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi Cənubi Qafqazda formalaşan yeni geoiqtisadi reallıqlar fonunda diqqət çəkir”.
Bunu politoloq Rəşad Bayramov “Xalqcəbhəsi.az”-a açıqlamasında söyləyib.
O qeyd edib ki, iki ölkənin enerji və nəqliyyat layihələrini, sərhəddə ikinci körpünün tikintisini, eləcə də üçüncü elektrik ötürücü xəttinin tamamlanmasını müzakirə etməsi tərəfdaşlığın praktiki müstəvidə inkişaf etdiyini göstərir:
“Ermənistanın İranla əməkdaşlığını Azərbaycanın regional maraqları baxımından qiymətləndirərkən bir neçə məqamı nəzərə almaq lazımdır. Ermənistan İranla əlaqələrini dərinləşdirməklə iqtisadi və logistik imkanlarını şaxələndirməyə, xarici bazarlara çıxışını genişləndirməyə çalışır. Tehran isə Ermənistan ərazisindən istifadə etməklə Qara dəniz istiqamətində əlavə nəqliyyat imkanları əldə etmək və regiondakı iqtisadi təsirini qorumaq istəyir. İranın bu məsələyə yanaşmasında sərhədlərin dəyişməzliyi və Ermənistanla birbaşa quru əlaqəsinin saxlanılması məsələləri xüsusi yer tutur. Tehran Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistan üzərindən mümkün nəqliyyat bağlantısı ilə bağlı suverenlik və regional geosiyasi balans məsələlərinə həssas yanaşır”.
Rəşad Bayramovun fikrincə, bununla belə, Ermənistanın ərazi bütövlüyü və suverenliyinin qorunduğu, İranın təhlükəsizlik maraqlarına zərər dəymədiyi halda TRIPP layihəsinin həyata keçirilməsinə etiraz edilməməsi ehtimalı da müzakirə olunur: “Azərbaycan üçün əsas məsələ Ermənistanın İranla əməkdaşlığının özü deyil, regionda formalaşan nəqliyyat sistemində ölkəmizin strateji maraqlarının hansı səviyyədə təmin olunmasıdır. Zəngəzur istiqamətində nəqliyyat bağlantısının yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin qurulması, Türkiyəyə çıxış imkanlarının genişləndirilməsi və Orta Dəhlizin potensialının artırılması baxımından əhəmiyyətlidir. Azərbaycanın TRIPP təşəbbüsü də bu bağlantının daha geniş beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasını nəzərdə tutur. Ermənistan-İran əməkdaşlığının genişlənməsi alternativ marşrutların inkişafına şərait yarada bilər. Lakin indiyədək mövcud olan imkanlar göstərir ki, Azərbaycan ərazisindən keçən nəqliyyat bağlantıları və Naxçıvan dəmir yolu ilə inteqrasiya regional əlaqələrin inkişafı üçün mühüm perspektivlər yaradır. İran və Ermənistan arasında nəqliyyat və infrastruktur sahəsində əməkdaşlığın genişlənməsini avtomatik olaraq Azərbaycanın maraqlarına qarşı yönəlmiş addım kimi qiymətləndirmək düzgün olmazdı. Əgər yeni avtomobil yolları, dəmir yolu əlaqələri və enerji xətləri regional ticarətin artmasına xidmət edərsə, bu, Azərbaycan üçün də əlavə iqtisadi imkanlar yarada bilər. Əsas məsələ regional marşrutların yalnız rəqabət aparması deyil, eyni zamanda bir-birini tamamlaması və bütövlükdə regionun tranzit potensialını artırmasıdır”.
Günel Elxan