İran-Ermənistan yaxınlaşması Bakıya zərər vuracaq? Siyasət

İran-Ermənistan yaxınlaşması Bakıya zərər vuracaq?

“İran və Ermənistan arasında enerji, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional maraqları baxımından arzuolunan deyil”.

Bu barədə politoloq Cavanşir Abbaslı Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, İranla Ermənistan arasında münasibətlərin sıx olması yeni məsələ deyil. Azərbaycanla Ermənistan arasında münaqişə dövründə də Tehran İrəvanla əlaqələrini kəsməyib, əksinə, münasibətləri daha da genişləndirib:

“Hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması İran-Ermənistan əməkdaşlığını Azərbaycanın regional maraqları baxımından problemli edir”.

C.Abbaslı iki ölkə arasında müəyyən məsələlərdə fikir ayrılıqlarının da olduğunu vurğulayıb: “Ermənistan TRACECA layihəsinə müsbət yanaşdığı halda, İran Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxan region dövlətlərindən biri kimi çıxış edir. İki ölkə arasında əlaqələrin sıxlaşması onların bütün məsələlərdə eyni mövqedən çıxış edəcəkləri anlamına gəlmir”.

C.Abbaslı hesab edir ki, TRACECA layihəsinin reallaşması və Zəngəzur dəhlizinin açılması İran-Ermənistan münasibətlərinin gələcək istiqamətini müəyyənləşdirən amillərdən olacaq: “İran bu prosesə mane olmağa çalışacaq və gələcəkdə Ermənistanın da bu mövqedə yer alması mümkündür. İran-Ermənistan əlaqələrinin genişlənməsi Azərbaycanın maraqlarına uyğun olmasa da, bunun ölkəyə ciddi zərər vuracağını düşünmür. O, Azərbaycanın Cənubi Qafqazda lider mövqeyinə və İranın Bakı ilə münasibətləri inkişaf etdirmək marağına diqqət çəkərək, Tehran seçim qarşısında qalarsa, Azərbaycanın üzərində dayanacağını bildirib”.

Günel Elxan