
“Azərbaycan-Türkmənistan münasibətlərinin yalnız enerji və nəqliyyatla məhdudlaşmaması diqqətəlayiqdir. Füzulidə Türkmənistan tərəfindən məscid kompleksinin inşa etdirilməsi iki xalq arasındakı dini-mənəvi yaxınlığın və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına göstərilən qardaş dəstəyin mühüm nümunəsidir. Bu layihənin mahiyyəti tikinti işinin özündən daha genişdir. Türkmənistanın Qarabağın bərpası prosesinə konkret layihə ilə qoşulması iki ölkə arasındakı münasibətlərin humanitar və mənəvi ölçüsünü gücləndirir. Mədəniyyət və təhsil sahəsindəki əlaqələr də eyni xəttin davamıdır. Bakı və Gəncədə Türkmənistan mədəniyyəti günlərinin, Aşqabad və Arxadağda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədlərinin imzalanması, Bakı və Aşqabadla yanaşı Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması münasibətlərin cəmiyyətlərarası müstəviyə keçməsinə xidmət edir. Diplomatik münasibətlərin uzunömürlü olması üçün məhz belə humanitar bağlar xüsusi əhəmiyyət daşıyır”.
Bunu xalqcebhesi.az-a politoloq Tural İsmayılov söyləyib.
O deyib ki, Prezident İlham Əliyevin hazırkı səfərinin başqa bir mühüm tərəfi isə onun Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü, MDB Dövlət Başçıları Şurasının iclası və Xəzər Ekoloji Sammiti ilə eyni çərçivədə keçirilməsidir: “Bu fakt səfərin yalnız Azərbaycan–Türkmənistan gündəliyi ilə məhdudlaşmadığını göstərir. Azərbaycan Prezidentinin Türkmənistanda bir neçə mühüm regional və beynəlxalq platformada iştirakı Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin artıq sistemli və çoxşaxəli xarakter daşıdığını nümayiş etdirir. Əslində, bugünkü mərhələdə Azərbaycan–Türkmənistan münasibətlərinin əsas üstünlüyü siyasi etimadın kifayət qədər yüksək olmasıdır. İki ölkə arasında yüksək səviyyəli təmasların ardıcıllığı, imzalanan sənədlər, enerji və nəqliyyat layihələri, humanitar təşəbbüslər bu etimadın real məzmununu formalaşdırır. Növbəti mərhələdə əsas məsələ mövcud potensialın daha geniş iqtisadi nəticələrə çevrilməsi, tranzit imkanlarının artırılması və Xəzər üzərindən yeni əməkdaşlıq istiqamətlərinin yaradılmasıdır”.
Politoloq bildirib ki, Azərbaycan üçün Türkmənistan Mərkəzi Asiyaya açılan mühüm tərəfdaşlardan biridir, Türkmənistan üçün isə Azərbaycan Xəzərin o tayında Avropa və qlobal bazarlara çıxış imkanlarını genişləndirən əsas regional tərəfdaşlardan biri kimi çıxış edir: “Bu qarşılıqlı maraq münasibətlərin dayanıqlılığını təmin edən əsas faktordur. Ona görə də Azərbaycan–Türkmənistan əlaqələrinə yalnız dostluq və qardaşlıq münasibətlərinin nümunəsi kimi baxmaq kifayət deyil; bu əlaqələr Xəzər hövzəsində yeni iqtisadi coğrafiyanın və daha sıx regional əməkdaşlığın formalaşmasına təsir edən mühüm strateji xəttdir. Bu baxımdan Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycanın Mərkəzi Asiya siyasətinin ardıcıl xarakterini bir daha nümayiş etdirir. Bakı üçün əsas hədəf yalnız mövcud əlaqələri qorumaq deyil, siyasi etimadı iqtisadi layihələrə, iqtisadi layihələri isə daha geniş regional əməkdaşlığa çevirməkdir. Azərbaycan–Türkmənistan münasibətlərinin son illərdə keçdiyi yol göstərir ki, bu istiqamətdə artıq möhkəm siyasi iradə, qarşılıqlı etimad və kifayət qədər ciddi praktiki baza mövcuddur”.
Röya İsrafilova